Adil Əliyevdən Eynulla Fətullayevə sərt cavabbackend

Adil Əliyevdən Eynulla Fətullayevə sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu cümlələr “Virtualaz.org” saytında dərc olunan “Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədəndir.

Məqalə, o cümlədən jurnalist Eynulla Fətullayevin “Feysbuk” səhifəsindəki paylaşımı deputat Adil Əliyevlə jurnalist arasında qalmaqala səbəb olub.

E.Fətullayev öz \”Feysbuk\” səhifəsində “Bu millət vəkili Adil Əliyevdir. Amma millətə Bayılda zülm verir, camaatın əşyaları ilə birgə evlərini uçurdur! Və ədalətli kompensasiya vermir” yazıb. O, daha sonra qeyd edib ki, deputat bununla həm qanunu pozub bizneslə məşğul olur, həm də xalqına zülm edir.

Məsələ ilə bağlı Modern.az saytı deputat Adil Əliyevlə həmsöhbət olub.

– Adil müəllim, mövqeyinizin öyrənilməsi üçün sayt tərəfindən hər hansı cəhd edilibmi?

– Mənə heç kim zəng etməyib. Fikrimi, münasibətimi soruşmayıblar. Ona görə də böyük münasibət bildirməyə ehtiyac duymuram. Çünki kimin kim olduğu, kimin hansı işlərlə məşğul olduğu bəllidir. Kimin kimə xidmət etdiyi də məlumdur. Bu gün ölkədə cəmiyyətdən gizlin bir iş yoxdur. Məsələ ilə bağlı sayt rəhbərliyinin və ya jurnalistinin məndən münasibət öyrənməməyini də anlayıram. Qərəzli olan məsələdə nə üçün münasibət öyrənilsin ki? Əgər məni qaralamaq məqsədləri varsa, düşüncələrimin öyrənilməsinə nə ehtiyac var? Bu səbəbdən çox geniş münasibət bildirmək fikrim yoxdur. Həmin şəxs (Eynulla Fətullayev-red) “Facebook” hesabında paylaşım etdi və mən də buna öz hesabımda cavab verdim. Məqalədə qeyd edilən məsələni də araşdırdım. Bunun mənə heç bir aidiyyatı yoxdur.

– Bununla bağlı hər hansı addım atmaq fikriniz var?

– Bu, birinci dəfə deyil. O adamın içində neqativ fikirlər olduğu üçün zaman-zaman sayt və sayt rəhbərliyi təxribat xarakterli fikirlərlə ictimaiyyəti çaşdırmağa çalışıb. Ona görə də bununla bağlı açıqlama vermək, danışmaq fikrim yoxdur.

– Məqalədə sizin “Dönüş 1” MMC şirkəti ilə bağlılığınız olduğu yazılıb. Necə düşünürsünüz, niyə məhz sizin adınız?

– Ölkədə çox adam tanıyıram. Bu o demək deyil ki, o insanları tanıdığıma, hörmət etdiyimə görə mənə hansısa aidiyyatı var. Bu gün çox adam bu cür problemlərlə üzləşir. Nazirlər Kabinetinin qərarını icra edən şirkətlər bu tipli məsələlərlə çox rastlaşırlar. “Pilot layihə”ləri o iş adamlarının layihələri ilə səhv salırlar. Ona görə də insanları da, həmin şirkətləri də başa düşürəm.

– Qeyd etdiniz ki, belə hallar birinci dəfə baş vermir. Bəs bu problemi məhkəmə səviyyəsində həll etmək fikriniz var?

– Bəzi insanlara nə məhkəmə, nə də həbsxana təsir edir. Biz 1992-ci ildən bu tərəfə mübarizə apararkən o adamlar harda idi, bilmirəm. O adamlar keçmişlərinə baxsınlar və həm o zaman, həm də bu gün nə işlə məşğul olduqlarını görsünlər. Və özlərindən utansınlar.

İnterpress.az