İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıbbackend

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin \”Azərbaycan 2020: Gələcəyə Baxış\” İnkişaf Konsepsiyası və \”Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi\”nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, son illər Azərbaycanın innovasiya proseslərinə inteqrasiyası, innovasiya iqtisadiyyatına keçidi təmin edən tədbirlərin reallaşdırılması və təşviqi mühüm strateji proqram və sənədlərdə, o cümlədən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və müxtəlif sektorları əhatə edən Strateji Yol Xəritələrində öz əksini tapıb. İnnovasiya Müsabiqəsinin əhəmiyyətini qeyd edən nazir belə tədbirlərin növbəti illərdə də keçiriləcəyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyaların rolu barədə danışıb, belə müsabiqələrin gələcəkdə innovativ sahələrə investisiya qoyuluşlarının təşviqinə, elmi nailiyyətlərin və yeniliklərin müxtəlif sahələrdə tətbiqi imkanlarına, həmçinin milli innovasiya sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.

İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb

Tədbirdə innovasiyalar sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi, ideya və layihələrin toplanılması, qiymətləndirilməsi və mükafatlandırılması məqsədilə keçirilən İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Milli Elmlər Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə imzalayıblar.

Sonda İnnovasiya Müsabiqəsində qalib elan edilmiş ilk üç layihənin, eləcə də böyük marağa səbəb olan və həvəsləndirici mükafata layiq görülmüş layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.

İnterpress.az