“Gələcək nəsillərimizin taleyi, xoşbəxtliyi bu torpaqlardadır” – DAKbackend

“Gələcək nəsillərimizin taleyi, xoşbəxtliyi bu torpaqlardadır” – DAK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az həmin təbriki təqdim edir:

Əziz bacılar və qardaşlar! Dəyərli soydaşlarımız!

Dünyanın hansı guşəsində, hansı dövlətin ərazisində, öz tarixi torpaqlarımızda və ya özgə torpaqlarında yaşamağımızdan asılı olmayaraq, biz bir millətik, bir ananın övladlarıyıq. Dünyanın ən qədim sivilizasiya ocaqlarından biri olan Odlar Yurdunda – Azərbaycanda doğulmuşuq, kökümüz və ruhumuz bu müqəddəs vətənə bağlıdır. Ulularımız bu torpaqlarda yatır, gələcək nəsillərimizin də taleyi, çörəyi və suyu, azadlıq və xoşbəxtliyi bu torpaqlardadır.

Buna görə də dünyada yaşayan bütün azərbaycanlıların söz və fikir birliyi, vətənə bağlılığı bizim ümumi qayğımız və istəyimizdir.

Dünya azərbaycanlılarının həmrəylik ideyası – Azərbaycan torpaqlarının müxtəlif dövlətlər arasında bölünməsindən, xalqımızın parçalaması və dünyaya səpələnməsindən başlanıb. 1988-ci ilin milli azadlıq hərəkatı və onun nəticəsində 1989-cu ildə İranla – Güney Azərbaycanla Quzey Azərbaycanı ayıran sərhədlərin sökülməsi tariximizə qara ləkələr kimi düşmüş, Gülüstan və Türkmənçay müqavilələrinə növbəti etiraz idi, xalqın bütövləşmək idealından əl çəkmədiyini və bu yolda hər cür mübarizə və məhrumiyyətlərə hazır olduğunu göstərirdi.

Hər ilin sonunda köhnə illə vidalaşdığımız gündə dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik bayramı keçirmələri rəmzi məna daşıyır, yəni biz hər yeni ilə 50 milyonluq Azərbaycan türkünün və bütün Azərbaycan vətəndaşlarının yüksək vətən sevgisi ilə, birlik və bərabərlik uğrunda mübarizə əzmi ilə başlayırıq.

Xalqın iradəsi ilə başlanan həmrəylik hərəkatının Azərbaycan Respublikası dövləti tərəfindən dəstəklənməsi, ölkənin əsas bayramlarından biri kimi rəsmiləşdirilməsi, hər il yüksək səviyyədə qutlanması milli dövlətin xalqın ən böyük sərvəti olduğunu, xalq-dövlət birliyinin önəmini göstərir; müstəqil Azərbaycan dövləti gücləndikcə bu bayramın əhəmiyyəti artacaq, həmrəyliyimiz gücləndikcə dövlətimiz də güclənəcək.

Əziz bəylər və xanımlar, azərbaycanlıların həmrəyliyi özəlliklə indiki günlərdə – torpaqlarımızın bir hissəsinin erməni işğalı altında olduğu, bu işğalın nəticələrini aradan qaldırmaq üçün həm diplomatik, həm mədəni, həm də hərbi səylərimizin artırılmasına ciddi ehtiyac duyulduğu bir dövrdə daha vacibdir.

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq uzun illərdir dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması, vətənlə əlaqələrinin möhkəmlənməsi, yaşadıqları ölkələrdə Azərbaycanın daha yaxşı təmsil eləmələri yolunda çalışırıq və bunun sayəsində təşkilatımızın bütün qitələri əhatə edən geniş bir şəbəkəsi qurulmuşdur və bu, ildən-ilə genişlənir.

DAK adından dünyada yaşayan bütün soydaşlarımızın Milli Həmrəylik və Yeni il bayramları münasibətilə ürəkdən təbrik edir, sizə bütün xeyirli işlərinizdə uğurlar, can sağlığı və ailə xoşbəxtliyi arzulayırıq.

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri:

Sabir Rüstəmxanlı Firudin Pərvizniya

İnterpress.az