“İranın düşmənləri rejimi dəyişdirməyə can atmasınlar”- The Guardianbackend

“İranın düşmənləri rejimi dəyişdirməyə can atmasınlar”- The Guardian

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın çoxsaylı düşmənləri yırtıcı quşlar kimi səmada dövr edərək Tehranda və başqa şəhərlərdə küçə iğtişaşlarını ləzzətlə seyr edirlər”.
Böyük Britaniyanın “The Guardian” qəzetinin yazarı Saymon Tisdolun yazısı bu cümlələrlə başlayır.

İnterpress.az Musavat.com-a istinadən həmin yazını təqdim edir:

“ABŞ və İsrail iğtişaşların rejim dəyişikliyinə yol açacağı ilə bağlı açıq şəkildə dilə gətirdikləri ümidlərində hələ tələsməsinlər. Çünki İran hökumətinin real və ya arzu ediləcək dərəcədə zəifləməsi bölgədə ən təhlükəli gəlişmələrə yol aça blər.

Yaxın Şərqdə gücünü və nüfuzunu təsbit etdirmək uğrunda mübarizə aparan şiə İranı özünə az düşmən qazanmayıb. Onun ekspansionist siyasəti soyuq müharibə başa çatdıqdan və ABŞ-Britaniya qüvvələrinin İraqdan çəkilməsindən sonra daha da genişlənməyə başlayıb.

Hazırda İran post-Səddam İraqında, Suriyada və Livanda aparıcı mövqeləri ələ keçirib. Bütün bunlar təkcə İraqda, paytaxt Bağdadın şimal-qərbində yerləşən sünni ərazilərində deyil, həm də Səudiyyə Ərəbistanı tərəfindən qəzəblə qarşılanır.

Bu səbəbdən İran hakimiyyəti hər şeydən öncə daxildəki nifrət toxumlarının səpilməsində səudiyyəliləri günahlandırır. Loristan valisinin “təkfirçilər qrupu”nu və “xarici kəşfiyyat” adı altında məhz Ər-Riyadı nəzərdə tutduğu da heç kimdə şübhə doğurmur.

Son vaxtlara qədər Səudiyyə Ərəbistanının gizli yollardan İrandakı rejim dəyişikliyini planladığı barədə düşüncənin özü belə cəfəngiyyat sayılırdı. Lakin indi iki ölkə arasında gərginlik zirvəyə çatıb.

Səudiyyəlilər də öz növbəsində İranı bu yaxınlarda Ər Riyaddakı krallıq sarayını raket atəşinə tutulmasında əli olmaqda ittiham edirlər”.

Müəllif Saymon Tisdol son gərginliklərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın qızışdırıcı rol oynadığına diqqət çəkib:

“İran Səudiyyə Ərəbistanı rəqabəti Livana da özünü göstərib. Bir çox siyasi müşahidəçinin fikrincə, məhz Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Tehran tərəfindən dəstəklənən hərbiləşdirilmiş Hizbullah təşkilatını yox etmək üçün noyabr ayında dövlət çevrilişi cəhdinə əl atması bu ölkədəki sabitliyi pozmaqdan başqa bir işə yaramayıb.

Gənc şahzadə İranla toqquşmaqdan çəkinməyərək Qatarı və körfəzin digər ərəb ölkələrini özünə tabe etməyə cəhd edən dəliqanlı və ağılsız adam kimi tanınır. İbn Salmanın bundan sonra nələr edə biləcəyini təxmin etmək çətindir. Lakin o, keçmişdə İranla savaşmağa and içən və İranın dini lideri ayətulla Əli Xamneyini Hitler adlandıran şəxsdir.

Bunun üçün Səudiyyə şahzadəsi öz qeyri-formal müttəfiqlərinin dəstəyindən istifadə edir.

Şahzadə Məhəmmədin ən böyük dəstəkçisi Donald Trampın kürəkəni və Yaxın Şərq üzrə ən etibarlı adamı Cared Kuşnerdir. Trampın isə İran rejiminə qarşı düşmənçiliyi və onu devirmək istəməsi heç kimə sirr deyil. (Cared Kuşner həm də Səudiyyə Ərəbistanı və İsrail arasında qeyri-rəsmi siyasi əlaqələrin qurulmasında körpü rolunu oynayır-red.)

Məhz belə bir dövrdə daxili partlayış üçün heç bir səbəb görünməzkən birdən-birə etiraz nümayişləri hər yeri bürüyüb. Tramp və onun vitse-prezidenti Maykl Pens İran prezidenti Həsən Ruhaninin cəmi bir il öncə demokratik seçkilərlə hakimiyyətə gəlməsi faktını heçə syaraq “repressiv rejim”in rezliklə yıxılacağına ümid bəsələdiklərini bəyan ediblər.

Bunlara İsrail rəsmilərinin ehtiyatla da olsa qahmar çıxması diqqəti cəlb edir. İsrailin regional əməkdaşlıq naziri Saxi Haneqbi etiraz edən iranlıların azadlıqları uğrunda həyatlarını riskə atdıqlarını bildirərək, azad dünyanı onları dəstəkləməyə çağırıb.

Baş nazir Benyamin Netanyahu isə proseslərə hələ ki, şərh verməkdən boyun qaçırır. Netanyahu ağıllı adamdır. O bilir ki, əgər vəziyyət nəzarətdən çıxsa atəşin ortasında Tramp və Pens deyil, məhz İsrail qalacaq.

Zəifləmiş və gücsüz hala gətirilən İran hər zaman gözlənilməz zərbə endirməyə qadirdir. O, həmçinin İraq və Suriyanın gələcəkdə nələr törədə biləcəyi bilinməyən tərəfdaşına çevrilə bilər. Bundan başqa, bölgədə öz mənafelərinə görə İranla müttəfiq sayılan Rusiya və Türkiyəni də nəzərə almaq lazımdır.

Bu səbəbdən İran səmalarında fırlanan ABŞ, Səudiyyə və İsrail quzğunları öz arzularında daha ehtiyatlı olmalıdırlar”.

İnterpress.az