Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olunubbackend

Horadiz əməliyyatının 24-cü ildönümü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər Xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş döyüşçülərin məzarlarını ziyarət ediblər.

Hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Horadiz əməliyyatı ilə 20-dən çox yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi və Cocuq Mərcanlı kəndi düşmən işğalından azad edilib: \”1993-cü ildə mərhum prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqda, döyüşçülərdə qələbəyə inam yarandı. Heydər Əliyevin xeyir-duası ilə hücum əməliyyatı keçirildi. Düşməni 25-30 kilometr qova bildik. Xeyli itkiyə məruz qalan erməni tərəfi Bişkek protokolunu imzalamağa məcbur oldu. Müharibə hələ bitməyib. 2016-cı ilin aprel ayında yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənə sarsıdıcı zərbələr endirildi. Aprel döyüşləri Horadiz əməliyyatının davamı idi. Düşmən hələ də bu zərbədən özünə gələ bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin imkanları erməniləri qorxuya salıb\”.

Qeyd edək ki, 1993-cü ilin dekabrından başlayaraq 1994-cü il 6 yanvara kimi davam edən hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilib. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə bir neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İnterpress.az