Bakı İranda sabitliyin pozulmasında maraqlı deyil – Ekspertbackend

Bakı İranda sabitliyin pozulmasında maraqlı deyil – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda daxili siyasi vəziyyətin pisləşməsi bir çox sualları ortaya qoydu. Əsas sual regionun hadisələrin bu məcrada inkişafına nə dərəcədə hazır olmasıdır. İranda vəziyyətin nəzarətdən çıxması bütün post-sovet məkanında, o cümlədən Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər.

Azərbaycan və ümumilikdə Qafqaz regionunun İranda xaosa nə dərəcədə hazır olması sualını \”Baku Network”un direktor müavini, ekspert Gülnarə Məmmədzadə Oxu.Az-a verdiyi müsahibədə cavablandırıb.

– Siz İranda mövcud vəziyyəti necə dəyərləndirirsiniz, sizcə, bundan sonra hadisələr hansı şəkildə inkişaf edəcək?

– Hal-hazırda bütün dünyanın diqqəti İrana yönəlib. Ancaq ölkənin daxili siyasətinin özəlliklərini, İran cəmiyyətinin mənəvi və sosial-mədəni xüsusiyyətlərini bilmədən, anlamadan İran kimi ölkədə mövcud vəziyyəti qiymətləndirmək çətin məsələdir.

Məlum olduğu kimi, İranda müşahidə olunan son etiraz aksiyaları iki mənbədən – bütün maraqlı tərəflərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan həm daxili, həm də xarici mənbələrdən qaynaqlanır.

Sualı başqa cür qoymaq lazımdır: təxribat \”daşını atdıqdan” sonra kim daha əvvəl reaksiya verdi – qabaqlamaq məqsədilə özününkülər, yoxsa xəbərdarlıq məqsədilə əcnəbilər?

Yəqin ki, ABŞ-İsrail tandeminin maraqları ilə əlaqədar xarici faktorlar Trampın verdiyi təkanla İranda şərti olaraq \”islahatçılara” və \”mühafizəkarlara” bölünən və əhali arasında yoxsulluq səviyyəsinin artması fonunda \”hakimiyyət yorğanı uğrunda didişən” aparıcı siyasi qüvvələrin mühitində ixtilafı işə salıb. Həmçinin mümkündür ki, potensial təhdidlər ərəfəsində qüvvələr balansını müəyyən etmək və daxili \”əhval-ruhiyyəni” öyrənmək üçün xarici opponentlərin reaksiyasını araşdırmaq üçün belə bir siyasi qığılcıma ehtiyac var idi.

Nəticədə, Xamneyi və Ruhaninin simasında özünüqoruma instinktinin işə salındığını və rejimin sütunlarına fundamental təhlükə fonunda hakimiyyət mərkəzlərinin dil tapmaq bacarığını itirmədiklərini nümayiş etdirən bəyanatlar səsləndirildi.

Digər tərəfdən, beynəlxalq ictimaiyyət bu hadisələrə reaksiya göstərdi. Həmin reaksiyalardan gələcəkdə, növbəti mərhələlərdə nəticə çıxarılacaq…

Bu məsələ BMT təhlükəsizlik şurasının iclasında artıq qaldırılıb. Amerikalı siyasətçilər artıq İranda bu və ya digər versiyada \”Suriya ssenarisinin” təkrarlanması ehtimalından dəm vurur. Bu özü də maraqlı məsələdir və ayrı mövzudur.

Əlbəttə ki, Qərbin təzyiq alətinə çevrilmiş sanksiyaların əvvəlki mərhələlərində İran cəmiyyəti daxili səfərbərlik və konsolidasiya hesabına bunun öhdəsində gəlmişdisə, hazırda sistem ilk növbədə daxildən belə təzyiqlərə daha həssas olub. İnqilab ideyaları əvvəllər cəmiyyətdə nisbi sosial ədaləti aşılasa da, bir neçə onillik keçdikdən sonra, sosial təbəqələşmənin paslanması və bunun patriarxal nizamın köhnəlməsi ilə müşayiət olunması sistemin möhkəmliyini bir qədər pozmuş oldu.

Bundan başqa, qlobal ambisiyalar dalınca düşən dövlətlər dünyada gedən münaqişələrə müdaxilə etməklə, öz ölkələrinin maddi və insan resurslarını hədsiz dərəcədə tükədir, bununla da ölkədaxili narazılıqların meydana gəlməsinə yol açır. Bu, İran kimi ölkədə də ölkənin sabitlik sütunlarını silkələyə biləcək ən güclü amildir.

– İran regionun sıradan bir dövləti deyil. Bu ölkədə hadisələrin hansı məcrada inkişaf edəcəyi regionun digər ölkələrinə, o cümlədən Azərbaycana bilavasitə təsir göstərəcək. İranda vəziyyətin pisləşməsi Azərbaycanı hansı risklərlə üz-üzə qoyur?

– Əlbəttə ki, təsir edir və edəcək. Söhbət ilk növbədə yaxın regiondan gedir. Xüsusilə, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan…

İranı Rusiya və Türkiyə ilə müttəfiqlikdən ayırmağın kimlərin marağında olduğu göz qabağındadır. Bu, gündən-günə dünya güc mərkəzinin daha nəzərəçarpan formatına çevrilir.

Ancaq söhbət təkcə iri oyunçulardan yox, eyni zamanda, kiçik oyunçulardan gedir. İnanmıram ki, məsələn, Ermənistan İranın Türkiyə və Azərbaycanla yaxınlaşmasına və ya Tehran, Moskva və Bakının iştirakı ilə \”Şimal-Cənub” layihəsinin gerçəkləşdirilməsinə rəğbət bəsləsin. İndiki şəraitdə nə Türkiyə, nə Azərbaycan, nə də Rusiya İranda sabitliyin pozulmasında maraqlı deyil. Belə ki, transmilli və birgə regional layihələrə böyük ümidlər var.

Azərbaycan üçün risklər İranla irimiqyaslı layihələrin \”havada qalması” və Cənubi Azərbaycandan böyük insan axınının baş verməsi ehtimalı ilə bağlıdır.

Azərbaycan daxili sabitliyi və multikultural ənənələri qoruyub saxlayan bir ölkə kimi bu böyük regionda yaşayan insanların diqqətini daha çox cəlb etməyə başlayıb. Hələlik bu, turizm prizmasından inkişaf edir.

– Sizcə, İranda sabitliyin pozulmasının bütün Qafqaz regionunda, o cümlədən Rusiyada stabilliyə təsir etmək ehtimalı varmı?

– Əlbəttə. Ancaq inanmıram ki, İranda sabitlik irimiqyaslı şəkildə pozulsun, üstəlik, qısa bir müddətdə. Daha çox hakimiyyət sisteminin transformasiyasını və bunun təsiri altında cəmiyyət strukturunda dəyişiklikləri gözləmək olar. Dini təsir faktorunun minimallaşdırılmasını istisna etməməliyik. Ancaq bu proses və onun hansı şəkildə inkişaf edəcəyini, region ölkələrinə hansı təsirləri göstərəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir.

İnterpress.az