““Azərbaycan Xalq Cümhuriyyəti İli” dövlətə, dövlətçiliyə, xalqa sevginin ifadəsidir”backend

““Azərbaycan Xalq Cümhuriyyəti İli” dövlətə, dövlətçiliyə, xalqa sevginin ifadəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri AzNews.az-a müsahibəsində Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimli 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini şərh edərkən dedi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tariximizə, dövlətimizə, millətimizə dövlət başçısının diqqətindən irəli gəlir:

\”İlham Əliyev hər zaman bu cür taleyüklü məsələləri önə çəkir. Bu ilin “Azərbaycan xalq cümhuriyyəti ili” elan olunması da hər kəsin ürəyincə olan bir məsələdir. Çünki bugünkü dövlətimiz, sərhədimiz, müstəqilliyimizin əsası məhz Cümhuriyyət tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin “Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik” deməsi və cənab prezident İlham Əliyevin tarixə bu cür diqqət göstərməsi kifayət qədər qlobal əhəmiyyət daşıyan bir məsələdir\”.

F.İbrahimli həmçinin vurğuladı ki, bu addım keçmişimizə, tariximizə, bu yolda qurban gedənlərin ruhuna münasibətdir:

\”1918-ci ildə tarix məsələni çox kəskin qoymuşdu. Ya ayağa qalx öz dövlətçiliyini bərpa et, dünya dövlətlərinin boy sırasında dayan, tarixi torpaqlarına sahib ol, ya da sus, əri, mayeyə dön, ayrı-ayrı dövlətlərin vassalına çevril. Bu tarixi həqiqəti dərk edən Avropanın qabaqcıl düşüncələrinə və Rusiyanın qabaqcıl təhsilinə yiyələnən bir qrup Azərbaycan oğlu ayağa qalxdı və Azərbaycanın istiqlalını elan etdi. Cəmi 23 ay yaşadı. Amma bu dövr ərzində 23 ildə görülə biləcək işlər gördü. Sərhədimiz, paytaxtımız, ərazimiz müəyyənləşdi. Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, bugünkü Azərbaycan dövləti də olmayacaqdı. Bax, bu, tarixi bir həqiqətdir. Ona görə də cənab Prezidentin bu qərarını alqışlayıram. Bütövlükdə, bu hadisə dövlətə, dövlətçiliyə, millətə, xalqa təkcə bir rəhbər kimi yox, həm də bir sevginin ifadəsidir\”.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə də Ölkə prezidentinin bu addımını yüksək qiymətləndirdi. Qeyd etdi ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Azərbaycanın öz tarixinə bağlılığının və daim ona sahib çıxmasının göstəricisidir:

Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay ərzində həmin dövrün müasir dövlətçiliyinin əsasını qoymuşdu. Həmin şanlı cümhuriyyət tarixi hər birimizin fəxarətidir. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa edildikdə, xüsusilə 1993-cu il 15 iyundan – ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan həmin dövrün tarixini dərindən öyrənməyə, o dövrdə başlanan aktual məsələlərin müasir dövrdə də aktuallaşdırılmasının davam etdirilməsinə və Azərbaycançılığın əbədi yaşaması üçün müstəqil dövlətin möhkəmlənməsini əsas götürdü.

Milli Məclisin deputatı, \”Yeni Azərbaycan\” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisi kimi dəyərləndirdi:

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institusional-funksional qurumu olaraq meydana çıxmışdır. 1828-ci ildə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirdi. Təqribən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla, Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Bu, həm də 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir”.

Millət vəkili əlavə etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi:

“Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması üçün mühüm əhəmiyyətə malik oldu. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi”.

H.Babaoğlu xatırlatdı ki, bu gün Azərbaycanın Respublika Günü, Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir… \”Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də məhz bu məqsədə xidmət edir”-deyə, əlavə etdi.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan bügünkü iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

İnterpress.az