Razi Nurullayevdən iddialı bəyanatlarbackend

Razi Nurullayevdən iddialı bəyanatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda artıq son bir neçə ildir siyasi həyat sönükdür, siyasi partiyaların ciddi bir aktivliyi müşahidə olunmur. Əvvəlki seçki illərində müşahidə olunan qaynar siyasi həyatdan, siyasi mübarizədən əsər-əlamət yoxdur. İl yeni başlayıb və 2018-ci ilin payızında prezident seçkisi keçiriləcəyini nəzərə alsaq qarşıdakı dövrdə Azərbaycanda siyasi hərarət yüksələcək, yoxsa hazırkı sakitlik sonadək davam edəcək?

Yeni AXCP-nin sədri Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, onları da narahat edən ölkədə seçki ab-havasının olmaması, vətəndaşların qeyri-aktivliyidir: “Bizim seçki hazırlıqlarımız davam edir və seçkidə də iştirakımız qətidir. Bizi narahat edən ölkədə seçki ab-havasının olmaması, vətəndaşların passivliyi və seçkiyə inamının azalmasıdır. İndi gərək ölkədə siyasi həyat qaynar qazana bənzəyəydi. Bir tərəfdən, siyasi həyat zəifləyib, iqtidar müxalifətin seçki gündəmini çək-çevir etməsində maraqlı deyil, seçicilər də daha çox sosial həyatlarının yaxşılaşmasında maraqlıdırlar. Əfsuslar olsun ki, vətəndaşlar başqa ölkələrdə olduğu kimi seçkilərə dəyişiklik kimi baxmırlar. Bütün bunlara baxmayaraq, seçki mühitinin yaradılması üçün əlimizdən gələni edirik və kifayət qədər nəticə də var. Bunu sosial şəbəkələrdə get-gedə artan fəallıqla görmək olar. Düşüncəm ondan ibarətdir ki, insanların inamını qaytarmaq və seçki mühiti yaratmaq üçün iqtidarın, prezidentin və komandasının tənqidi yetərli deyil. Əslində, “rejim, diktatura, rüşvətxorluq, korrupsiya” sözlərini hər gün təkrar etməklə, ölkəni büsbütün mazuta batan görməklə, pafoslu çıxışlarla xalqı inandırmaq və fəallaşdırmaq mümkün deyil. Mən proqram və fərqliliklərlə xalqın önünə çıxmağın və ona seçim imkanı tanımağın tərəfdarıyam. Əgər xalq müxalif liderə və onun proqramına inansa, səsini də qorumaq üçün hərəkətə keçər. Xalq eyni tənqidləri və tutuquşu kimi eyni sözlərin təkrarını eşitməkdən bezib”.

R.Nurullayev qeyd etdi ki, bu baxımdan onlar bir siyasi qüvvə olaraq strategiyanı dəyişiblər: “Xalqla təmasımız proqramımız və ölkədə hansı dəyişiklikləri görmək istəyimiz müstəvisində qurulur. Kifayət qədər interaktiv təmaslarımız var. İnanıram ki, daha sıx bağlantılar yaratmaq imkanları tükənməyib, xalqı seçkiyə gəlməyə və seçdiyi proqramı dəstəkləməyə inandıra biləcəyik. Seçkini ölü nöqtədən çıxarmağın daha iki qolu üzərində işləyirik. Birincisi, beynəlxalq aləmin, beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərə maraq göstərməsi vacibdir. Əfsuslar ki, bəzən xalqımız onların bir ümidverici sözünü cümlə müxalifətin yüz sözündən daha üstün tutur. Hazırda beynəlxalq aləm susqundur və bunu dəyişmək üçün səylər göstərirəm. Problem isə ondadır ki, eyni adda iki partiya var, həm mən, həm Əli Kərimli AXCP adına iddia edir, bu da effektiv əlaqələr qurmağa maneçilik törədir.

Əslində isə, mənim beynəlxalq aləmlə iş qabiliyyətim və bacarığım yüksək səviyyədədir. Bir neçə ay ərzində bütün dünyanı dolanıb, elə bir fırtına qopararam ki, qarşısı alınmaz siyasi dalğa yaranar. İnşallah, bunun da bir hüquqi və digər yollarını arayıram və əminəm ki, nəticə olacaq. Məhkəmələrin isə hər iki tərəfi havada saxlaması yol verilməzdir. Mütləq bu məsələnin bir hüquqi çözümü lazımdır. İkinci çözüm isə, özümüz tərəfindən seçki günü alternativ seçkinin keçirilməsidir. Bu alternativ seçki dediyimiz – seçki ilə exitpoll arasında olan bir təsisatdır. Biz seçicilərimizi seçki məntəqələrinə gətiririk, onlar səs verir, çölə çıxan zaman isə bizə səs verməsi ilə bağlı uyğun sənədi imzalayır və biz bu nəticələr tanınmazsa, onu BMT səviyyəsinə çıxarırıq. Bunu necə edəcəyik və BMT-yə necə çıxaracağıq? Bunu sirr kimi saxlayıram ki, önləyici tədbirlər həyata keçirilə bilməsin, amma BMT-də bunun müzakirəyə çıxarılmasına və qərarın da qəbul olunmasına bacarığımız, bilik və savadımız yetər”.

İnterpress.az