Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sabir Rüstəmxanlı: “Qırğının qarşısını almaq üçün müəyyən addımlar atmaq olardı...”


20 Yanvar faciəsi baş verməyə bilərdimi...

Dərc edilib: 13 yanvar 2018 [09:16]
Baxış sayı: 12446

28 il öncə bu günlərdə Azərbaycan ən gərgin günlərini yaşayırdı. Hər keçən gün xalqımız tarixinin ən böyük faciələrindən birinə - 20 Yanvar qırğınına doğru gedirdi. Amma bununla belə xalq öz müstəqillik mübarizəsindən nəinki bir addım geri çəkilmir, hətta ölümün gözünə dik baxa-baxa hədəfinə doğru irəliləyirdi.

Amma bununla belə xalq hərəkatına rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində fikir ayrılığı yaranmış, faktiki təşkilat parçalanmışdı. Məhz bunun təsiri ilə 1990-cı ilsə məlum faciədən 1 həftə əvvəl Milli Müdafiə Şurası yaradılmışdı. Lakin bu və ya digər səbəblər xalqımızı 20 Yanvar faciəsindən xilas etməmişdi.

Hər ilin bu günləri daha çox bir məsələ gündəmə gəlir. Bu faciə baş verməyə bilərdimi? Baş verməzdisə, Azərbaycan müstəqillik əldə edəcəkdimi?

Xalq hərəkatının liderlərindən olan, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı indi o dövrün hadisələrini analiz etməyin çox çətin olduğunu söylədi: “O hadisələri yazmışam. O dövrkü hakimiyyət baş verənlərdən istifadə edib bunları xalq hərəkatının boynuna yıxmaq istəyirdi. Əslində 1998-ci ildə başlayan xalq hərəkatı vaxtı belə faciə törətmək istəyirdilər. O zaman Moskvanın ssenarisi ilə Sumqayıt hadisələri törədilmişdi. İkinci bir ssenarini Bakı üçün yazmışdılar. Amma biz 1988-ci ildə buna imkan vermədik. Həmin mitinqlər bir nəfərin burnu da qanamadan başa çatdı. Halbuki həmin ildə Bakıda kifayət qədər erməni və digər millətlər yaşayırdı. Düşünürəm ki, fövqəladə vəziyyətin elan olunması, ordunun şəhərə daxil olması meydanda bizlər arasında olan fikir ayrılıqlarının bəlkə də səbəbi idi. Ordu heç o vaxt da Bakıya girə bilməzdi. 1990-cı ilin yanvarında proseslər daha da ciddiləşdi. Həmin ayın 6-7-də Xalq Cəbhəsinin konfransı keçirilmişdi. O vaxt artıq AXC-də parçalanma var idi. Demokratik düşərgə dinc mübarizənin tərəfdarı idi. Oradan qopan qrup daha ciddi, radikal mübarizə tərəfdarı idi. Onlar Müdafiə Şurası yaratmışdılar. Bu guya Xalq Cəbhəsinin yaratdığı Müdafiə Şurası idi. Amma əslində qalsa AXC-dən ayrılanların yaratdığı bir qurum idi. Bunları çox dilə gətirmək istəmirəm. Kiminsə xətrinə də dəymək istəyim yoxdur. Ordunun Bakıya girişinin qarşısını almaq heç cür mümkün deyildi. Heç bir təcrübəsi olmayanlar ortaya düşdülər ki, Qarabağ məsələsini həll edəcəyik, silah istehsal edəcəyik. Bu o vaxt da dediyim kimi Xalq Cəbhəsinin müəyyən bir qanadının aldadılması idi. O vaxt hökumətin kifayət qədər hərbiçisi var idi, əgər hərbi bir hazırlıq var idisə, onların əli ilə edə bilərdilər. Həmin vaxt xalq hərəkatının da yüksəliş dövrü idi. Artıq yanvarın 15-16-da ordunun Bakıya gəlməsi üçün sərəncam verilmişdi. Mən bu sərəncamdan təsadüfən xəbər tutmuşdum. Qorbaçov faciəyə 4-5 gün qalmış bu sərəncamı vermişdi. Bunu yoldaşlarıma demişdim. Bir tərəfdən hakimiyyətin qorxaqlığı, hadisələri analiz edə bilməməsi səbəbindən, digər tərəfdən xalqın güclənən müqavimətinin qarşısını almaq üçün ordu Bakıya yeridilmişdi. Düşünürəm ki, həmin vaxt hakimiyyətdə olanların da burada əli var idi. Niyyətləri bu idi ki, ordu yeridilsin, xalq hərəkatına dərs verilsin. Bununla xalqın gözünü qorxutmaq istəyirdilər. Beləliklə Azərbaycanın SSRİ-dən qopma prosesinin qarşısını alacaqlarını düşünürdülər. Ordunun yeridilməsi ilə guya İran-Azərbaycan arasında açılan sərhədlərdən sonra yaranan təhlükələrin qarşısını almaq istəyirdilər. Amma ordu nə sərhədə, nə də Qarabağa getmədi, birbaşa Bakıya gəldi. Bununla Moskvaya qul kimi xidmət edən Azərbaycan rəhbərliyinin yerini möhkəmləndirmək istəyirdilər. Əslində məqsəd bu idi, amma bumeranq kimi niyyətləri öz başlarına dəydi, SSRİ-nin dağılması sürətləndi. 28 il öncənin bu günlərində baş verənlər əslində ordunun Bakıya gətirilməsi üçün hazırlanma bəhanələri idi. Xüsusi dəstələr peyda olmuşdu və onlar Bakının küçələrində dolaşırdılar. Özlərinin silahlandırdıqları qüvvələr də var idi. Onları Bakının ətraflarında yerləşdirib, atəş açdırırdılar. Sonra da Xalq Cəbhəsinin guya silahlandığını, orduya atəş açdığını deyirdilər. Belə təsəvvür yaradırdılar ki, guya AXC bütövlükdə silahlanıb, SSRİ-ni devirmək üçün. Hətta Qarabağdan erməniləri çıxarmaq üçün Xalq Cəbhəsinin silahlandığı fikirlərini də ortaya atmışdılar. Bunun qarşının mütləq alınmasının vacibliyindən danışırdılar”.

S.Rüstəmxanlı faciənin qarşısını almaq üçün müəyyən imkanların o zaman olduğunu, lakin bundan istifadə edilmədiyindən də söz açdı: “Baş verənlər göz qarşısında idi. Təəssüflər olsun ki, bəzi dostlarımız bunu görmədilər, bundan nəticə də çıxarmadılar. O vaxt faciənin qarşısını almaq üçün müəyyən addımlar atmaq olardı. Amma bu Moskvanın müdaxiləsinə az mane olardı. Bununla olmasa da, başqa bəhanələrlə Bakıya ordu yeritmək niyyətlərindən geri çəkilməyəcəkdilər. Amma o zaman məsələ tamam fərqli istiqamətlərə də yönələ bilərdi. Primitiv yollarla ordunun Bakıya gəlişinə maneçilik yaratmaq cəhdləri olmasaydı, bəlkə də ordunun Bakıya girişinin qarşısını almaq olardı. Heç fövqəladə vəziyyət də elan olunmazdı. Məhz bu vəziyyətdən sonra Qarabağdakı proseslər qızışdı, əl-qolumuz tamam bağlanmışdı. Eyni zamanda, Xalq Cəbhəsinin təşkilatlanması da xeyli gecikdi. Bütün bunlar proseslərə çox ağır təsir göstərdi”. (musavat)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 40