Ərdoğan “Zeytun budağı” əməliyyatının başa çatdırılma şərtlərini açıqladıbackend

Ərdoğan “Zeytun budağı” əməliyyatının başa çatdırılma şərtlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının bölgə nümayəndələri ilə keçirilən toplantısında “Zeytun budağı” əməliyyatının gedişatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin terrora qarşı mübarizədə qətiyyətli olduğuna inanmayanlara açıq xəbərdarlıqdır.

Türkiyə prezidenti çətin coğrafi məkan və əlverişsiz hava şəraitinə baxmayaraq, əməliyyatın problemsiz şəkildə davam etdiyini diqqətə çatdırıb.

“Bir daha qeyd etmək istəyirəm ki, Türkiyə Silahlı Qüvvələrinin Afrindəki əməliyyatı yalnız terrorçu qruplaşmalara və terrorçulara yönəlib. Üzümü Avropa parlamentində bu əməliyyatı “işğal” kimi qələmə verməyə çalışan kəslərə tuturam: işğal nümunələrini siz Liviya, Ruanda, Malinin tarixində tapa bilərsiniz. Türkiyə ordusu, Türk xalqı heç vaxt özünü işğalçı kimi aparmayıb”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri terrora qarşı mübarizəyə ehtiyac olduğunu qeyd edib. Onun sözlərinə görə, əks təqdirdə Türkiyə terrorçulara qarşı təkbaşına mübarizə aparmalı olacaq.

“Ankaranı ən çox PYD/PKK-nın açıq-aşkar ABŞ dəstəyi hesabına bölgədə fəaliyyətdə olması qıcıqlandırır. Bunu necə izah etmək olar? ABŞ prezidenti Donald Tramp Ankaranın izafi tənqidlərindən narazıdır. Türkiyə və ABŞ strateji tərəfdaşlardır. Heç strateji tərəfdaş belə hərəkət edər?”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, qarşıya qoyulan məqsədlərə çatana qədər Türkiyə SQ Afrində “Zeytun budağı” əməliyyatını davam etdirəcək.

“Bundan sonra, vəd etdiyimiz kimi, Münbiç rayonunun terrorçulardan təmizlənməsi ilə bağlı əməliyyat keçiriləcək. Qoy, heç kim buna görə narahat olmasın, çünki Münbiçin əsl sahibləri terrorçular deyil, ərəblərdir. Daha sonra əməliyyatın çevrəsi İraq sərhədlərinə qədər genişləndiriləcək, mübarizə sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, – deyə Ərdoğan vurğulayıb.

“Bəziləri bizi əməliyyatı ən qısa zamanda sona çatdırmağa çağırır. Mən şəxsən telefonda onlara bildirmişəm ki, Türkiyə bütün hərbi qüdrətindən – tanklar, artilleriya, təyyarələr, helikopterlərdən istifadə etsəydi, bu əməliyyat bir neçə günə yekunlaşardı. Ancaq bizim üçün təkcə hərbçilərin təhlükəsizliyi deyil, eyni zamanda, düşmənin canlı sipər olaraq istifadə etdiyi yerli əhalinin təhlükəsizliyi önəmlidir. Türkiyə Afrini işğal etmək istəmir, əksinə, həmin rayonu terrorçulardan təmizləmək və yerli əhalinin sülh şəraitində yaşaması üçün lazımı şərait yaratmaq niyyətindədir”, – deyə prezident bildirib.

Onun sözlərinə görə, Suriyada sonuncu terrorçu məhv edilənə kimi döyüşlər davam edəcək.

“Türkiyəyə ağıl öyrətməyə çalışan, “Zeytun budağı” əməliyyatının ən qısa zamanda yekunlaşdırılmasını tələb edənlərə üzümü tuturam. Maraqlıdır ki, qonşu ölkədən olan terrorçular sizin şəhərə raket zərbəsi endirsə, hücum etsəydi, siz nə edərdiniz? Kilsələrin damına mərmilər düşsəydi, dua edən insanlar həlak olsaydı, sizin buna reaksiyanız necə olardı?”, – deyə Ərdoğan bildirib.

“Buradan türk əsgərlərlə çiyin-çiyinə terrorçulara qarşı döyüşən Azad Suriya Ordusunun əsgərlərini salamlayıram”, – deyə Ərdoğan əlavə edib.