Mənim tanıdığım Əli Həsənov… – Millət vəkili yazırbackend

Mənim tanıdığım Əli Həsənov… – Millət vəkili yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın qarışıq siyasi mənzərəsində hər il üçün planlanan ssenarilər var. Eynən şahmat kimi. İstəyəndə vəziri uduzdurub sıradan çıxarırlar, ağıllarına yerləşəndə isə piyadanı şah edirlər. Amma bir də var, şahmat oyununda şaşki \”xod”u gedəsən. Bax bu əcaiblik anlaşılan deyil. Məsələn: Afrin məsələsi.

Qardaş Türkiyə haqlı olaraq qoşunlarını Suriya sərhədinə yeridib. Çün, kürdlərin dövlət yaratmasını, bölgədə təhlükə mənbəyinə çevrilməsini istəmir. Rusiya isə \”sülhməramlı” qoşunlarını geri çəkib. Səbəb? – Budur: Rəsmən nə deyilməyindən asılı olmayaraq Putin bu darmacalda Ərdoğanın maraqlarına zidd heç nə etməz. Ayrıca, öz ordusunun tələfatını da istəmir və zatən Türkiyənin hədəfə alınmasının əsas səbəblərindən biri kimi rəsmi Moskva ilə yaxınlaşmanın olduğunu da gözəl anlayır. Həm, Rusiya dövlət başçısı (əsas da prinsipial məqamlarda) namərd adam deyil. Onun kömək və yardım əzmi sona qədər bir tək Səddam üçün keçərli olmayıb. O da məlum səbəblərdən. Qəddafi isə qəhrəmancasına həlak olmaq yolunu özü seçib.

Mövzudan uzaqlaşmayaq. Demək kuryoza diqqət edin: Qərb dairələri, konkret olaraq ABŞ – yaranışı müəmmalı (?) \”İŞİD”i terror təşkilatı hesab edir. Paralel olaraq PYD-ni (kürdcə: Partiya Yekitiya Demokrat) dəstəkləməklə yanaşı ona tam loyal münasibət sərgiləyir. PYD isə Afrində həbsdə saxladığı İŞİD terrorçularını Türkiyəyə qarşı döyüşmək şərti ilə azad edir. Nə deməkdir bu? Eynən \”dovşana qaç, taziya tut” demək.

İkinci kuryoz: Bəşər Əsədin heç şübhəsiz bu günə qədər Rusiyanın dəstəyi olmadan hakimiyyətdə qalmasını təsəvvür eləmək absurd olardı. İndi isə sərhəd Türkiyə tərəfindən bombalanır. Putin kompromis yaratmalıdır. Məcburən. Türkiyə tərəfdaş, Suriya silahdaş. Gəl indi seçim elə görüm necə edirsən. Türkiyənin mövqeyi isə açıq mətnlidir: Loru mesaj budur ki, ay Rusiya, ay Suriya, ya sərhəddəki kürdləri özün təmizlə, ora sağlam qüvvələri yerləşdir ya da bacarmırsansa bunu özüm edərəm. Qarşı tərəf bacarmır və o da özü edir. Yəni mövzu bu qədər bəsitdir. Sadəcə hadisənin digər kuryoz tərəfi budur: Ssenari gərəyincə Qərbin kurasiyasında olan ölkələr və təşkilatlar Türkiyəni qınağa almalı, buna adekvat olaraq isə qarşı tərəf paralel tədbirlər görməli idi. Bu \”kişi”lər isə deyir ki, Türkiyə düz edir, eşq olsun Türkiyəyə. Və ya sadə dildə desək: kürdü silahlandırıb, çoxaldıb, mütəşəkkilləşdirib, əlqərəz topa gülləni qoyub, atırlar Türkiyənin üstünə, sonra da deyirlər Ərdoğana eşq olsun. Və bu arada haşiyə çıxaraq hər zaman düşündüyümü yenidən söyləmək məcburiyyətindəyəm: Rəcəb Tayyib Ərdoğana əslində sözün gerçək anlamında eşq olsun! Bu adam son əsrlərdə Türkiyənin yetişdirdiyi misilsiz, tayı bərabəri olmayan liderdir. Onun qədrini bilmək üçün hələ bəlli bir zamana ehtiyac var. Bu adam okeanın tən ortasında ayaqla gəzir. Üzmür, məhz gəzir. Bax, o qədər möhtəşəmdir!

Üçüncü kuryoz: Qafqazla bağlıdır. Sarkisyan Prezidentlikdən gedir. İndi əsas mövzu onun kimi başqa bir əl meymununun tapılmasıdır. Amma tapa bilmirlər. Rusiya bu səbəbdən hiddətlidir. Əvvəl Sarkisyan varis planında hüquq mühafizə orqanlarından birinin rəhbərini gözaltı eləmişdi. Amma bir şapalaqla başa saldılar ki, sən özün icraçı direktorsan, varis seçəcək qədər böyüməmisən, həddini bil. Sonra Britaniyadakı səfir Armen Sarkisyanın üzərində dayanıldı. Bu adam isə torpaqlarımızın işğaldan azad olma variantını dəstəkləyən Ter Petrosyanın baş naziri olub. Ona görə ciddi tərəddüdlər var. Üstəlik, aprel ayından parlament-üsul idarəsinə keçəcək Ermənistanın əsas səlahiyyət sahibi – baş nazir postu uğrunda yarışmada Serj Sarkisyanın əsas rəqibi Karen Karapetyana erməni diasporasından və Qərbdən çox ciddi dəstəyin gələcəyi də ilkin işartılardan bəlli olur. Təsəvvür edin, Azərbaycan tam müstəqil, Gürcüstan elə bir məqama gətirilib ki, nə ətdi nə balıq. Və…bu məqamda Ermənistan da tam əldən çıxsa Rusiya son dövrlərin açıq fiaskosunu yaşayacaq. Putin isə bunu əsla həzm etməz. Amma paralel olaraq Ermənistanda iki dənə (nəfər yox, məhz dənə!) əhilləşmiş kadr da tapa bilmir ki, 7 illik rahatlığına qovuşsun.

\”Bir azdan Cəmil Həsənli çönüb desə ki, mən Maradonayam, vallah-billah artıq normal qarşılayacaqlar, müzakirə olunmayacaq”

Dördüncü kuryoz: Bir müddət öncə parlaq qəhrəmanlıq nümunəsi ilə ortalığa atılan keçmiş Gürcüstan lideri Saakaşvili qəfil sakitləşdi. Hətta iki gün öncə ona ev dustaqlığı belə verdilər. Səsi isə çıxmır. Səbəb? – Ssenarinin davamı hələ yazılmayıb. Ona görə. Zatən Qərbin gizlin məqsədi Ukrayna Prezidentini devirmək deyildi. Xeyr! Saakaşvili məhz Putinə göz dağı vermək üçün Ukraynaya yeridilmişdi ki, ay Rusiya, mənim kadrım olan Poroşenkoya dəysən, onu incitsən, devirsən, növbəti planda daha təhlükəli rezervim var. Xəbərin olsun.

Beşinci kuryoz: Qətlə yetirilmiş Müəmmar Qəddafinin oğlu Seyf-Əl İslam Liviyada bu il keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir. Hazırda isə bütün \”exit-poll”ların ilkin nəticəsi özündə bu qənaəti ehtiva edir: oğul Qəddafinin seçilmə şansı 90 faizin üzərindədir. Amma şəxsən mənə başqa bir məqam maraqlıdır: Seyf-Əl İslam prezidentlik yarışmasını udsa, ədalətli ola biləcəkmi? Ələlxüsus da atasının linç edilmə səhnəsini hər dəfə gözü qarşısına gətirəndən sonra?

Altıncı kuryoz: Mehman Əliyev deyir ki, mənim həbsim prezidentin köməkçisi Əli Həsənov və Baş Prokuror Zakir Qaralovun təşəbbüsü ilə yüksək səviyyəli müzakirələrdən sonra baş tutub. Eyvah! Kim-kim, özü də Əli Həsənov. Niyə eləsin ki, bunu? Səbəb? Allah Mehman Əliyevin həbsdən buraxıldıqdan sonra evə getdiyi və evdə olduğu ərəfədə canlı yayım edənlərdən razı olsun. Hətta rəqib, bizə düşmən kəsilmiş düşərgənin adamları olsalar belə. Şəxsən mən o vaxta qədər Mehman bəy barədə fərli-başlı məlumata malik deyildim. Amma elə yolayrıcında bir-iki jest, jarqon, əsas da evdə pişiklə \”kisa-kisa, caaan darıxmışdın?” söhbətindən sonra anladım ki, müxalifətin vahid namizədi olmalı əsl adam budur. Beləsinə imkan vermək lazımdır ki, özünü maksimum ifadə eləsin, gəlişdirsin, açığa çıxarısn. Düzdür, saf adamdır, hiss olunur öz aləmi var. Amma öz aləmində də qalsın da. İrəli niyə gedir ki? Bu gün ittiham elədiyi insan axı ondan ən az milyon ranq daha yuxarıda, üstdə duran biridir. Həm təfəkkürü, həm dərinliyi ilə. Mənim tanıdığım Əli Həsənov kiminsə həbsdən azad olunmasının müzakirəsini aparar, tutulmasının isə – əsla! Düzdür, anlayıram, seçki ilidir, nəsə deyib ortaya çıxmaq, ölkənin ləyaqətli insanlarını qaralamaq bahasına olsa belə təbliğat qurmaq lazımdır. Təbii, müxalif üslubunca, zehniyyətincə. Amma alternativlər də var axı. Məsələn, sosial şəbəkələrdə qızğın-virtual prezidentlik yarışması gedir. Gedin, qoşulun, baş qatın da. Facebookda prezidentinizi seçin, hökumətinizi qurun, nazirlərinizi təyin edin.

Real həyatdan çox uzaqsız, \”əzizlərim”. Sizə \”ayıq sürücü” lazımdır. Şütümür artıq maşın. Səkkiz yazırsız. Hamınız havaya girmisiz, hallusinasiya görürsüz. Bir azdan Cəmil Həsənli çönüb desə ki, mən Maradonayam, vallah-billah artıq normal qarşılayacaqlar, müzakirə olunmayacaq.

Özünüzü bu qədər etimaddan, hörmətdən salmayın.

Elşən Musayev, Milli Məclisin deputatı

İnterpress.az