“Camaat bu pis vərdişdən əl çəksin” – Prezidentbackend

“Camaat bu pis vərdişdən əl çəksin” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair illik konfransda deyib.

Prezident qeyri-qida məhsulları üzrə birinci yerdə qızılın olduğunu qeyd edib: “2016-cı ildə 76 milyon dollarlıq, 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb. Alüminium – 2016-cı ildə 98 milyon dollar, 2017-ci ildə 117 milyon dollar. Polad borular – 2016-cı ildə 43 milyon dollar, 2017-ci ildə 39 milyon dollar – bax, yeganə pozisiyadır ki, burada bir qədər azalma var. Pambıq mahlıcı – 2016-cı ildə 6 milyon dollar, 2017-ci ildə 33 milyon dollar. Pambıq iplik – 2016-cı ildə 18 milyon dollar, 2017-ci ildə bir qədər azdır – 16 milyon dollar. Tütün – 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 14 milyon dollar. Sement-klinkeri – 2016-cı ildə 8 milyon dollar, 2017-ci ildə 12 milyon dollar. Armatur – 2016-cı ildə 2 milyon dollar, 2017-ci ildə 10 milyon dollar. Yəni, qida və qeyri-qida məhsulları üzrə müsbət dinamika mövcuddur. Bu da çox gözəl göstəricidir və bizə imkan verir ki, qeyri-neft ixracımızı böyük dərəcədə artıra bilək”.

Dövlət başçısı idxalla bağlı rəqəmlərdən danışıb: “Bu, ilk növbədə, sahibkarlar üçündür. Onlar bilsinlər ki, hansı pozisiyalar daha dinamik inkişaf edir və bu məhsullar üçün bazarlar da var. Ona görə bu məhsullarda artım olmalıdır. İdxal olunan məhsullar isə birbaşa sahibkarlara bir tövsiyədir ki, bax, biz burada idxalı əvəzləmək üçün daha da fəal işləməliyik. Deməli, keçən il buğdanın alınması üçün xaricə 227 milyon dollar valyuta gedib. İndi buğdanın böyük hissəsi Azərbaycanda istehsal olunacaq. Kərə yağı – 50 milyon dollar. Yeni süd zavodlarının tikintisi və mövcud süd zavodlarında kərə yağı xətlərinin yaradılması mütləq təmin edilməlidir. İndi sahibkarlara kreditlər veriləndə də bu məsələ nəzərə alınsın. Mineral və qazlı sular – xaricə 48 milyon dollar gedir. Baxmayaraq ki, bizdə bu qədər gözəl bulaqlar, yeraltı sular var, istehsal edirik, ancaq çatmır. Nə etmək lazımdır? Mövcud su müəssisələrinin gücünü artırmaq lazımdır. Yenə də dövlət öz dəstəyini göstərsin, sahibkarlar da fəal olsunlar, Azərbaycanın daxilində 48 milyon dollarlıq bazar var. Əgər biz bunu istehsal etsək, əlbəttə ki, xaricdən az gələcək. Düyü – 36 milyon dollar xaricə gedir. İndi çəltikçiliyin inkişafı sürətlə gedir, hesab edirəm ki, biz bu rəqəmi azaldacağıq.

Maraqlı bir məsələ kartofla bağlıdır – 26 milyon dollar dəyərində satmışıq, 40 milyon dollar dəyərində almışıq. İndi kartofun istehsalı elə olmalıdır ki, ümumiyyətlə, idxaldan söhbət getməsin. Ancaq daxili tələbatı ödəməliyik və ixrac etməliyik. Bu məsələ ilə bağlı çox ciddi təhlil aparılmalıdır.

Soya və ondan alınan məhsullar – 38 milyon dollar xaricə gedir. İndi soya əkini başlayır. Mənə verilən məlumata görə, bəzi yerlərdə məhsuldarlıq o qədər də yaxşı deyil. Əlbəttə, birinci, ikinci ildən sonra təhlil aparmaq bir qədər çətindir. Ancaq hesab edirəm ki, bu sahədə də yerli istehsal üçün yaxşı potensial var.

Qeyri-qida məhsulları üzrə. Dərman vasitələri – 211 milyon dollar dəyərində. Düzdür, biz onun hamısını Azərbaycanda istehsal edə bilmərik. Ancaq indi bir neçə dərman zavodu tikilir və idxaldan asılılıq müəyyən dərəcədə azalacaq.

Siqaret – 160 milyon dollar xaricə gedir. Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. Xaricə 160 milyon dollar gedir. İndi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər.

Trikotaj məhsulları – xaricə təxminən 100 milyon dollar gedir. Bizim fabriklərimiz, xammalımız var. Ona görə biz bu boşluğu doldurmalıyıq”.

İnterpress.az