Azərbaycanda keçiriləcək seçkilər Ermənistanda narahatlıq yaradıbbackend

Azərbaycanda keçiriləcək seçkilər Ermənistanda narahatlıq yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, bəzi erməni ekspertləri Azərbaycanın bu addımını şahmat taxtasında “at ilə gediş” kimi qiymətləndirirlər. Şərhlərdən və açıqlamalardan belə anlaşılır ki, ermənilər bu gedişdən sarsılıblar və hansı adekvat addımları atacaqlarını bilmirlər.

Siyasi ekspertin fikrincə, mart və aprel aylarında Ermənistanda siyasi çəkişmələrə səbəb olan iki seçki keçiriləcək. Martda Ermənistan parlamenti ölkənin yeni konstitusiyasına uyğun olaraq prezidenti seçəcək. Aprelin 9-da indiki prezidentin səlahiyyətləri başa çatacaq və yeni prezident vəzifəsinin icrasına başlayacaq. Daha sonra Ermənistan parlamenti baş naziri seçəcək. Bu proses yeni hökumətin formalaşması da daxil olmaqla, mayın 10-da başa çatacaq. Bütün bu müddət ərzində Ermənistanın siyasi hakimiyyətinin diqqəti öz mövcudluğunu qoruyub saxlamağa yönələcək. Ermənistan cəmiyyətində mövcud rejimə olan nifrəti və klanlararası ziddiyyətlərin dərinliyini nəzərə alsaq, bu prosesin işğalçı ölkə üçün kifayət qədər ciddi problemlər yarada biləcəyini demək mümkün olar.

Ermənistanın siyasi rejiminin Azərbaycanda seçkilərin oktyabrda keçiriləcəyini nəzərə alaraq məsafəni ölkə daxilindəki siyasi reallığı həzm etdirmək və münaqişənin tənzimlənməsi ilə bağlı təxribat və manipulyasiyalarını davam etdirmək üçün vaxt qazanacağını düşündüyünü deyən müsahibimiz qeyd edib ki, bu zaman kəsiyi Ermənistanın əlindən çıxıb. Azərbaycanda seçkilər aprelin 11-də keçiriləcək və çox güman ki, aprelin sonuna kimi hökumətin formalaşması prosesi də başa çatacaq. Ermənistanda isə bu proses qeyd etdiyim kimi, mayın 10-da yekunlaşacaq. Bu zaman kəsiyindən sonra isə danışıqlar prosesindən qaçmaq üçün işğalçı ölkənin əlində hər hansı bir bəhanə qalmır.

Elçin Mirzəbəyli deyib ki, ümumiyyətlə, aprel ayı Ermənistanın siyasi rejimi üçün ciddi komplekslər yaradan bir aydır. Aprel döyüşlərindən sonra Serj Sarkisyan parlament seçkilərini məğlubiyyətlərinin ildönümünə təyin etsə də, Ermənistan cəmiyyətində yaranmış xofu şüurlardan silə bilmədi.

Siyasi ekspertin fikrincə, erməni siyasi şərhçisi Qarsiya Qalstyanın “Qarabağ klanı” ilə bağlı səsləndirdikləri fikirlər də Ermənistan cəmiyyətində milli birliyin olmadığını, Sarkisyan klanına işğalçı kimi yanaşıldığını sübuta yetirir. Əslində bu, yeni problem deyil. Lakin son dövrlərdə Ermənistanda baş verən proseslər, Azərbaycanın bu ölkəni təcrid vəziyyətinə salmaq siyasətinin effektivliyi bu problemi daha da dərinləşdirib. Bu ölkədə mart-aprel aylarında keçiriləcək seçkilərdən sonra isə ziddiyyətlər və etirazlar pik həddə çata bilər. Çünki Sarkisyan klanının uzun illər boyu planlaşdırdığı, rejimin ömrünün uzadılmasına xidmət edən konstitusiya dəyişikliyi siyasi manipulyasiyası da heç bir effekt vermədi. Ermənistan “konstitusiya dəyişikliyi” adlı təbliğat paketindən istifadə üçün nəzərdə tutduğu zaman kəsiyini əldən verib. Ermənilərin təbirincə desək, Azərbaycanın “at ilə gedişi” Ermənistanı mat vəziyyətinə salıb.

İnterpress.az