Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Putinlə Qarabağ razılaşması əldə oluna bilər, lakin...


Deputatdan, politoloqdan və konfliktoloqdan mümkün həll variantı haqda maraqlı açıqlamalar.

Dərc edilib: 10 fevral 2018 [10:32]
Baxış sayı: 6335

Prezident seçkisindən sonra Qarabağla bağlı ciddi qərarların qəbul edilməsi ehtimalı böyükdür. Bu barədə deputat Zahid Oruc bildirib. Onun sözlərinə görə, Qarabağdakı mövcud status-kvo hazırkı dünyanın mənafeyinə uyğun deyil və bu - 1990-cı illərdə yaranmış vəziyyət mütləq dəyişməlidir. İndiki şəraitdə Qafqazda ən əzif ölkənin belə, işğalçı mövqedə qərarlaşması heç Rusiyanın da maraqlarına cavab vermir:

“Fikrimcə, bir çoxlarının da hesab etdiyi kimi Vladimir Putinlə İlham Əliyev arasındakı razılaşmanın nəticəsi olaraq Qarabağın işğal xəritəsi dəyişdiriləcək, bu ola bilər. Və bu ehtimal daha böyükdür. İşğal altında olan torpaqların bir qismi işğaldan azad olunmaqla münaqişənin həlli ölü nöqtədən tərpənə bilər. Qarabağla bağlı Bakı ilə Moskva arasında razılaşma istisna deyil. Moskva ilə Bakı arasında Qarabağ məsələsində razılaşma nöqtəsi tapılacaqsa, bu, ATƏT-in Minsk qrupunun üzərindən xətt çəkmək deməkdir. Bu da Qərbin avtomatik olaraq bölgədə çəkisinin azalmasına xidmət edəcək. Hesab edirəm ki, Vaşinqton bundan xəbərdardır və nə baş verdiyinin fərqindədirlər. Onlar da bilirlər ki, apreldən sonra Qarabağ məsələsində hərbi və ya siyasi yolla ciddi dəyişikliklər yaranacaq. Buna şübhə etməməliyik”.

Qeyd edək ki, Dağlıq Qarabağ probleminin həlli açarının yalnız Rusiyanın əlində olduğu iddiaları illərdir çoxları tərəfindən irəli sürülür. Bu fikirdə olanlar hesab edir ki, ona görə də Azərbaycan heç kimlə yox, yalnız Rusiya ilə - Putinlə anlaşmalıdır.

Bəs Putinlə Qarabağ məsələnin həlli ilə bağlı razılaşma mümkün görünürmü? Əgər belə bir razılaşma əldə olunsa, digər böyük güclər, xüsusən də Qərb faktoru problemin həllinə imkan verərmi?

Putinlə Qarabağ razılaşması əldə oluna bilər, lakin...



Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağ probleminin açarının Rusiyada olması barədə fikirlər bu ölkənin bölgəmizdə oynadığı dominant roldan qaynaqlanır. Moskvanın münaqişə tərəfləri üzərində ciddi təsir imkanına malik olması kimsə üçün sirr deyil. Moskva-İrəvan münasibətləri hərbi-siyasi müttəfiqliyin də sərhədlərini aşaraq az qala Moskva ilə Kazan, Moskva ilə Mahaçqala arasındakı şaquli münasibətlərə bənzəməyə başlayıb: “Ona görə də şübhəsiz ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə məcbur edəcək təsir vasitələrinə sahibdir. Amma nəyin müqabilində? Açar sual budur. Rusiyaya elə bir həll variantı lazımdır ki, bölgədə mövqelərini nəinki qoruyub saxlasın, hətta daha da möhkəmləndirsin. Rusiyanın Ermənistandan vaz keçəcəyini gözləməyə dəyməz, biz qəbul etsək də, etməsək də, işğalçı ölkənin Rusiyanın regional maraqları baxımından önəmi böyükdür. Ermənistan Rusiyaya İran və Türkiyə sərhədlərinə çıxış imkanı verir. Ermənistandakı Rusiya hərbi bazaları Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələrində, eləcə də Ukraynanın işğal və ilhaq edilmiş Krım yarımadasındakı hərbi bazalarla birlikdə Cənubi Qafqazda və Qara dəniz bölgəsində NATO təhlükəsindən müdafiə məqsədilə Moskva üçün bufer və ön zastava rolunu oynayır. Burada əsas problem Ermənistanın və oradakı Rusiya hərbi qüvvələrinin logistika imkanlarının məhdudluğu və faktiki olaraq təcrid vəziyyətində qalmasıdır. Bu təcrid vəziyyətinə son qoymaq üçün 3 istiqamət var: Gürcüstan, Azərbaycan və İran. Gürcüstanla razılığa gəlib, Ermənistana hərbi yüklərin daşınması üçün koridor almaq mümkündür və bəzi iddialara əsasən zaman-zaman gizli razılıq əsasında Rusiya bu marşrutdan istifadə edir. Lakin bu, etibarlı və daimi dəhliz ola bilməz, çünki Gürcüstan NATO-ya inteqrasiya yolundadır və əvvəl-axır bu ittifaqa qəbul ediləcək. Ona görə də, Azərbaycan coğrafi mövqeyi bu baxımdan Rusiya üçün böyük önəm daşıyır. Azərbaycan quru yolu ilə həm Ermənistana, həm də İrana çıxmaq üçün ən yaxın və ən əlverişli tranzit məntəqəsidir. Ona görə də mən Rusiyanın Dağlıq Qarabağ ixtilafının həllində maraqlı olmaması barədə düşüncələrə qatılmıram. Əksinə, Rusiya münaqişənin həllində maraqlıdır, lakin yuxarıda qeyd etdiyimiz şərtlər daxilində. Yəni problemin nizamlanması Moskvanın bölgədə mövqelərinin zəifləməsinə gətirib çıxarmamalıdır”.

Politoloq hesab edir ki, bu səbəblə, Moskva üçün ən sərfəli variant Azərbaycanın Ermənistanla eyni siyasi-iqtisadi-hərbi məkanda təmsil olunmasıdır. Söhbət Azərbaycanın Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi inteqrasiya layihələrində iştirakından gedir. Bu gerçəkləşəcəyi halda, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulacaq, sərhədlər açılacaq, kommunikasiyalar bərpa olunacaq, ticarət başlayacaq və bütün bu proseslərin fonunda münaqişə öz əvvəlki kəskinliyini və mahiyyətini tədricən itirəcək: “Bu yaxınlarda Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin verdiyi bəyanata məhz bu kontekstdən yanaşmaq lazımdır. Sirr deyil ki, Jirinovski Kremldə hökm sürən əhval-ruhiyyəni daha açıq və kobud şəkildə ifadə edən siyasətçidir. O bildirmişdi ki, Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycan Rusiyanın tərkibində olmalıdır. Təbii ki, Kreml bu iki ölkəni öz tərkibinə qatmağı planlaşdırmır, amma Moskvanın inteqrasiya qurumlarının içində yer almaq dolayısı ilə bu mənaya gəlir. Digər tərəfdən, mən hazırda Azərbaycanın, Rusiyanın və İranın iştirakı ilə gerçəkləşdirilən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin hərbi məqsədlərlə də istifadə oluna biləcəyini tam istisna etməzdim. Gələcəkdə ehtiyac yaranacağı təqdirdə, hərbi yüklər bu dəhlizlə Rusiyadan İrana və əksinə daşına bilər. Yəni Azərbaycan bu baxımdan da Rusiya üçün önəmlidir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə mümkün razılığının Qərbdə necə qarşılana biləcəyinə gəldikdə isə, Qərb hələ ki Rusiyanın bu məsələdə aktivliyindən narahat görünmür. Şübhəsiz ki, Qərb Azərbaycanın da Ermənistanın yolu ilə getməsini və Rusiyanın boyunduruğuna qayıtmasını istəmir. Azərbaycanın Rusiyanın inteqrasiya layihələrində iştirak etməyərək müstəqilliyini saxlaması Qərbdə yüksək qiymətləndirilir. Lakin Azərbaycan öz mövqeyini dəyişib Avrasiya İttifaqına, KTMT-yə qoşularsa və bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanla razılıq əldə edərsə, mən inanmıram ki, Qərb buna ciddi şəkildə əngəl törətsin. Onlar üçün Cənubi Qafqazda prioritet ölkə Gürcüstandır”.

Putinlə Qarabağ razılaşması əldə oluna bilər, lakin...


Konfliktoloq Əvəz Həsənov da bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maraqlı və təsir imkanları olan dövlətdir. Xüsusilə Putinin prezidentliyi dövründə Rusiyanın imperiya maraqları daha çox özünü büruzə verib. Rusiyanın Qarabağ münaqişəsinə münasibəti yalnız imperiya maraqlarını təmin etmək üçün münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq sərf edir. Ona görə münaqişəsinin qıfılı Rusiyadır: “Qıfıl özü heç zaman açar ola bilməz. Münaqişənin açarı Azərbaycan və Ermənistanın əlindədir. Onların özünə imkan yaradılsa Rusiyanın inadına sındırmaq olar. Qərb isə münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir. Onun üçün Azərbaycanın ərazi bütövlüyü məsələsindən çox regionda sülhün olması daha maraqlıdır. Eyni zamanda ermənilərin də separatçı mövqeyini bölüşmək marağında deyil. Azərbaycanla Ermənistan razılığa gəlsə və buna Rusiya mane olmasa, Qərb də mane olası deyil”.

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 2