Məhəmməd Əmin Rəsulzadə Moskvada anıldıbackend

Məhəmməd Əmin Rəsulzadə Moskvada anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbir M.Ə.Rəsulzadə Cəmiyyəti və Moskvadakı Azərbaycan diaspor təşkilatları tərəfindən təşkil olunub.

M.Ə.Rəsulzadə Cəmiyyətinin sədri Füzuli Fərəcov tədbirin təşkilində dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilir, 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

F. Fərəcov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin yaranması tarixini – 28 May gününü Respublika Günü kimi təntənə ilə qeyd edir.

Sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş etdirilib.
Tanınmış diplomat, Azərbaycan emiqrasiya tarixinin tədqiqatçısı Ramiz Abutalıbov M.Ə.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış ölkəmizin ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətləri barədə danışıb.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qordiyev M.Ə.Rəsulzadənin Azərbaycanda milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlərini vurğulayıb, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin tədbir iştirakçılarına məktubunu oxuyub.

Tarix elmləri namizədi, jurnalist Əşrəf Hüseynli, fəlsəfə elmləri doktoru, professor İbrahim Məlikov Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını diqqətə çatdırıblar.

“Dəyirmi masa”da Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı səfirliyinin, diasporumuzun nümayəndələri, tanınmış ictimai xadimlər, elm adamları iştirak ediblər.

İnterpress.az