Sabir Rüstəmxanlı: “Birləşməsək, onun-bunun mədəsində əriyib gedəcəyik”backend

Sabir Rüstəmxanlı: “Birləşməsək, onun-bunun mədəsində əriyib gedəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Müsavat”ın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, Xalq şairi Sabir Rüstəmxanlının qonağı olub. Onunla hazırkı fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular ətrafında söhbət edib.

(Əvvəli ötən sayımızda)
– Son vaxtların ən aktual mövzularından biri də AMEA-nın Orfoqrafiya lüğətində dəyişiklik etmək cəhdi oldu. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən tənqidlə, hətta aqressiya ilə qarşılanır. Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?

– Cəmiyyətin bu reaksiyası onu göstərdi ki, insanlar dilimizin taleyi ilə bağlı narahatdır. Dillə bağlı hər hansı məsələ gündəmə gələndə, aidiyyəti oldu-olmadı, dilin bütün problemlərini ortaya qoyurlar. Əslində Orfoqrafiya qaydalarının müzakirəsi dilin problemi deyil, dilçilik elminin problemi idi. Bu alimlər arasında müzakirə olunmalı idi. Görünür, dillə bağlı cəmiyyətdəki narahatlıq və onu müzakirə edən alimlərin, o mühitin öz içindəki qarşılıqlı münasibətlər müzakirəni konfliktə çevirdi. Ortaya lazımlı-lazımsız yazılar çıxdı. Ancaq bu tendensiya səngidi. Biz də bəyanat verdik və bildirdik ki, Orfoqrafiya qaydalarının müzakirəyə çıxarılması müsbət bir haldır. Bundan əvvəl də orforqafiya lüğətləri müzakirə olunub, hazırlanıb. Təxminən ötən əsrin 20-ci illərindən bəri ötən 90 il ərzində bu barədə çox danışılıb. Yazı qaydaları hətta Mirzə Fətəli Axundzadədən bəri gedən bir prosesdir. Heç birində bu ictimai müzakirəyə verilməyib. Bu ilk dəfə idi baş verirdi, Akademiyanın bu addımına sevinmək lazımdır. O cümlədən AMEA da sevinməlidir ki, dil məsələlərinə cəmiyyət bu qədər həssasdır. Verilən təklifləri də nəzərə alıb ciddi müzakirə etməlidirlər. Bizim dilimizin çox mükəmməl qrammatikası var. Amma bunların hamısının yazıda əksini tapması və ya müəyyən sözlüklərdə nəzəriyyəyə çevrilməsi prosesi hələ davam edir. Dildə gedən dəyişikliklərdən qorxmaq lazım deyil.

– Sabir bəy, insanlar yeni sözlərin yaranmasına, alınma sözlərin Azərbaycan türkcəsində ifadə olunması prosesinə də birmənalı yanaşmırlar. Bu prosesə müqavimət göstərirlər…

– Mənim bir yazım var: “1937-ci il repressiya havası və ya faşizm”. Azərbaycanda bir qəribə ab-hava var. Ərəb kökənli bir sözü götürüb, demirəm ki, Türkiyə türkcəsinə, öz dilimizin hər hansı bir qədim sözü ilə əvəz ediriksə, o dəqiqə mətbuatda hay-küy başlayır ki, amandır, qoymayın, bizim ana dilimizi korlayırlar, onu türk sözləri ilə əvəz edirlər. İndiyə kimi ərəb-fars sözləri, rus sözləri, Avropa sözləri gəlib, heç kim deməyib ki, dilimiz əlimizdən gedir. Ancaq bir sözün türk dilində qarşılığını tapanda narahat olurlar ki, dilimizi türk dilinə çevirmək istəyirlər. Əvvəla, elə bu dilin özü türk dilidir, türk dillərinin bir qoludur. İndi ərəb sözləri insanlara o qədər doğmalaşıb ki, onu dəyişmək istəmirlər. Dilə xidmət edən söz qalsın, buna etiraz etmirik. Ancaq o söz ki dilə yatmır, insanlar “müvəffəqiyyət”, “nöqteyi-nəzər” deyə bilmir. Bunun yerinə “uğur” deyir, “baxım” deyir. Bu “baxım” sözünün Türkiyə türkcəsinə nə aidiyyəti var, bu bizim öz sözümüzdür. Hətta Türkiyə türkcəsində də buna uyğun hər hansı yaxşı söz varsa, biz ilk növbədə bizə qohum olan, doğma olan dildən yeni sözləri götürməliyik. Gedib yeni sözləri Avropada axtarmalı deyilik. Mənim bununla bağlı təkliflərim var, 1992-ci ildə çap olunub. Bizim Terminologiya Komitəsi yeni söz yaradıcılığında, dilimizə yeni sözlərin qəbul olunmasında ilk növbədə Türk dilləri arealına baxmalıdır. Orada uyğun söz varsa, götürməliyik, uyğunlaşdırmalıyıq. Buna kimi ayrılıqlar çox olub. Bundan sonrakı dövrdə Türkiyə türkcəsi, Özbəkistan, Türkmənistan türkcəsi – bunlarla termin məsələlərini, yeni texnologiyanın gətirdiyi terminləri imkan daxilində uyğunlaşdırmaq lazımdır. Bu uyğunlaşdırma getdikcə sözügedən dilləri bir-birinə yaxınlaşdıracaq. Mən bu prosesə ortaq dil yaratmaq kimi baxmıram. Süni surətdə ortaq dil yaratmaq mümkün deyil. Türk xalqları arasında ortaq dildən yox, ünsiyyət dilindən söhbət gedə bilər. Bu ünsiyyət dili ilə bağlı artıq siyasi qərar olmalıdır. Türk dünyasında 7 türk dövləti var, başqa muxtar respublikalar da var. Bunların bir-birini gələcəkdə daha yaxşı anlaması üçün hökmən bir ortaq ünsiyyət dili qəbul oluna bilər. Mənim düşüncəmə görə, bu dil Türkiyə türkcəsi ola bilər, çünki bütün dünya ədəbiyyatı o dilə tərcümə olunur. Böyük ənənələri var. Türkiyə türkcəsini biz Azərbaycanda və bütün türk respublikalarında xarici dil kimi öyrənə bilərik. Necə ki, ərəb, fransız, alman dillərini öyrənirik, qoy 2-3 il də Türkiyə türkcəsini öyrətsinlər. O zaman 5-10 ildən sonra yeni nəsil bir-biri ilə üz-üzə gələndə, qazaxla, özbəklə, türkmənlə Azərbaycan türkü üz-üzə gələndə artıq rus dilində danışmayacaqlar, bildikləri dildə danışacaqlar. Bu çox vacibdir.

“Türk xalqlarının bir-birini gələcəkdə daha yaxşı anlaması üçün bir ortaq ünsiyyət dili qəbul oluna bilər”
– Acınacaqlı məqamdır ki, Türk dünyası ölkələrinin qurultaylarında belə tədbirlər rus dilində keçirilir, dünya türkləri bir-birini anlamaq üçün rus dilində danışır…

– Bu, böyük bir bəladır və qeyd etdiyim yolla aradan qaldırıla bilər. Ancaq bəzi adamlar, indi də Moskva xiffəti ilə yaşayanlar bu prosesin qarşısını almağa çalışırlar. Buna ayrı bir don geyindirmək istəyirlər. Bu nə pantürkizmdir, nə özünü başqa xalqlara qarşı qoymaqdır. Ərəblərin xoşbəxtliyindən 14 əsr bundan öncə Quran yaranıb və onların vahid ümumi ədəbi dili kimi qəbul olunub, ədəbi dili formalaşdırıb. Bizim üçün o missiyanı “Kitabi-Dədə-Qorqud” oynaya bilərdi, başqa tarixi abidələr oynaya bilərdi. Ancaq təəssüf ki, olmadı. Lakin yenə də türklərin ümumi ünsiyyət dili yarana bilər və bu şans daha çox Türkiyə türkcəsindədir. Bu qaçılmaz bir prosesdir. Biz Türk Birliyindən, Türk Konseyindən, Türk akademiyasından, TÜRKSOY-dan danışırıqsa – bunlar türk dövlətlərinin başçılarının gələcəyə yönəlmiş layihələridir. Türk birliyinin həm iqtisadi, həm mənəvi-mədəni birliyi gələcəkdə siyasi birliyə çevrilə bilər. Bu, bir Turan yaratmaq deyil, ilk növbədə bölgənin kənar müdaxilələrdən qorunmasıdır. Bu bölgəyə Çin də, Rusiya da, İran da, Amerika da göz dikib. Halbuki buranın sahibi var və o bizik. Dünyanın ən böyük enerji ehtiyatı olan, ən gözəl bölgəsi olan bu yerləri qorumaq üçün, xalqımızı, varlığımızı qorumaq üçün biz yaxınlaşmağa, birləşməyə can atmalıyıq, buna ehtiyacımız var. Bu – bir strategiyadır. Bunu görməyən kordur, ya da öz millətinin düşmənidir. Bu yolla bizi xırda-xırda parçalayıb, hərəmizi bir tərəfdə assimilyasiya edib yoxa çıxartmaq istəyirlər. Necə ki, Sibir xalqları assimilyasiyaya uğrayıb getdi, o cümlədən biz də birləşməsək, əriyib onun-bunun mədəsində gedəcəyik. Gələcəkdə bizdən heç nə qalmayacaq. Dünya kürəsəlləşir, böyük güclər yavaş-yavaş kiçik gücləri udurlar. Ona görə də, Türk varlığı dünya mədəniyyətinin kökündə dayanan xalqlardan biri olaraq gələcəyə getməlidir, yaşamalıdır. Onun da yolu ancaq bu birlikdən keçir.

– Türkiyədən söz düşmüşkən, qardaş ölkə sanki böyük bir oyunun ortasındadır. Afrin əməliyyatının Türkiyənin ən böyük uğuru olacağını deyənlər də var, ölkəni çətin vəziyyətə salacağını deyənlər də. Siz bu prosesi necə dəyərləndirirsiniz?

– Mənə görə Türkiyənin ayrı yolu yox idi. Təhlükəli yoldur, oyundur, adını nə qoyursunuzsa qoyun. Yol gedirsən, qabağına uzun, dərin bir arx çıxıb. Davam edə bilmək üçün sən bu arxı tullanmalısan. O arxa ayağın büdrəyib düşsən də çalışıb çıxacaqsan. Hazırda Türkiyəni mühasirəyə almaq siyasəti gedir. Əgər Orta Doğu xəritəsini göz önünə gətirsəniz, “Böyük Kürdüstan” qurulur, bu Kürdüstan Güney Azərbaycandakı Urmiya gölünü də içinə almaqla Naxçıvandan, İraqın şimalından, Suriyanın şimalından keçib Ağ dənizə kimi gedir. Bununla da Türkiyənin Qafqaza və İslam aləminə gedən bütün yolları bağlanır, Türkiyə öz tarixindən təcrid olunur. Dünyanın belə bir siyasəti var. Bunun adını Orta Doğu projesi qoy, bu bölgənin dövlətlərini parçalamaq qoy, guya burada yaşayan bəzi xalqların müstəqillik arzularına yardım etmək qoy – nə istəyirsən de. Fakt odur ki, bunun sonunda Türkiyəni parçalamaq, dağıtmaq siyasəti dayanır. Vaxtilə üç qitəyə hökm edən Osmanlı dövlətini həmin böyük güclər bölüb-parçalayıb Anadoluya sıxışdırdılar. İndi Anadoludan da sıxışdırmaq istəyirlər. Bəziləri açıq deyir ki, türklər buradan çıxıb Mərkəzi Asiyaya getsinlər, gəldikləri yerlərə qayıtsınlar. Guya türklər oradan gəlib, oraya da qayıtmalıdırlar. Halbuki İstanbulun özündə neçə min il əvvələ aid türk izləri tapılıb. Yəni kimin haradan gəlib haraya getməli olduğu mübahisəli bir məsələdir. Belə bir vəziyyətdə Türkiyə nə etməlidir? Böyük dövlətlər- Amerika və Avropa dövlətləri guya dünyada demokratiya üçün təhlükə yaradır adı ilə, guya onların dövlət maraqlarına ziddir adı ilə bütün qitələrdə müharibə aparıblar, ancaq heç kim onları ittiham etməyib.

“Hazırda dünyada Türkiyəni mühasirəyə almaq siyasəti gedir”

Amerika Vyetnama girib, Əfqanıstana girib, İraqa girib, indi də Suriyadadır. Rusiya bu gün Suriyadadır, Fransa da oradadır. Dünyanın güclü ölkələri hara istəyirlərsə, asanca bəhanələr tapıb ora girirlər, müharibə də aparırlar. Heç nəzərə də almırlar ki, İraqda 2 milyon mülki insan niyə qırıldı, bunun günahkarı kimdir? Ancaq Türkiyə bir vətəndaşın burnunun qanamasına icazə vermədən terrorçularla mübarizə aparır. Niyə Amerika özü Vyetnam, İraq, Əfqanıstan savaşının cavabını vermir, Türkiyəyə deyir ki, sən sərhədindəki terrorçunu təmizləmə. O terrorçu Türkiyə sərhədindən 100 metr kənarda dayanıb və raketləri birbaşa Türkiyə ərazisinə atır. Türkiyənin dinc vətəndaşları, qadınları , uşaqları ölür. Türkiyə nə etməlidir? Mən demirəm ki, indi Türkiyə torpaq iddiasında olacaq, yox. Ancaq bu torpaqların çoxu tarixi Türkiyə ərazisidir. Ərbil və Mosul da Türkiyə ərazisi idi, ingilislərin xəyanəti ilə İraqda qaldı, halbuki Türkiyə ərazisi idi. Şimali Suriya deyilən yerlərdə yaşayanların böyük bir hissəsi türkmənlərdir.

Sabir Rüstəmxanlı: “Birləşməsək, onun-bunun mədəsində əriyib gedəcəyik”

“AMEA sevinməlidir ki, dil məsələlərinə cəmiyyət bu qədər həssasdır”

Ancaq türkmənlər terrorçuların təzyiqi altında qalıblar. Məncə, Türkiyə bu əməliyyatı ilə təkcə özü üçün yox, bütövlükdə Avropa üçün yetişən böyük bir təhlükənin qarşısını almış oldu. Türkiyənin bu addımı dünyaya xidmətdir, dünyadakı sülhə xidmətdir. Terrorun qarşısını almaq hər bir dövlətin borcudur. NATO soyuq savaşdan sonra əsas hədəflərdən biri olaraq terrora qarşı mübarizəni seçib. NATO ölkələrindən biri olan Türkiyə terrora qarşı vuruşur. Bəs yerdə qalanlar niyə terroru müdafiə edirlər? Deməli, burada ədalət prinsipi, haqq prinsipi, dünyanın təhlükəsizliyi prinsipi yoxdur. Burada Avropa ölkələrinin hikkələri var ki, biz nə istəyiriksə Türkiyə onu qəbul etməlidir. Türkiyə isə qəbul etməməmlidir. Əgər normal bir dövlət kimi yaşamaq istəyirsə, öz iradəsini ortaya qoyub onu davam etdirməlidir. Türkiyənin sərhədləri ətrafındakı terrorçulara Amerika niyə o qədər silah göndərir, nə marağı var? Mən Türkiyənin indiki hakimiyyətinin bir çox addımlarını qəbul etməsəm də, bu gün atılan addımı dəstəkləyirəm. Çünki Afrindəki o istehkamları, o hərbi qurğuları, texnikanı görürük. Bu Türkiyənin iki addımlığıdır. Digər ucu da gedib Ağ dənizə çıxır. Türkiyə ərazisinin üstündən, Xatay bölgəsinin üstündən keçir. Bu məsələyə Türkiyə səssiz qala bilməzdi…

İnterpress.az