Qabil Hüseynli: “Bu, müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir”backend

Qabil Hüseynli: “Bu, müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha çox müxalifətin bu qərarı tənqid olunur. Eyni zamanda keçmişə istinadlar da var. Belə səhv qərarların kökünün 20 il öncəyə getdiyi bildirilir. 1998-ci ilin prezident seçkisini də hazırkı müxalifət boykot etmişdi. Özü də o zaman demokratik düşərgə tarixinin ən güclü vaxtlarını yaşayırdı, hakimiyyətin bir addımlığına qədər yaxınlaşmışdı. Həmin vaxt mərhum prezident Əbülfəz Elçibəy Kələkidən təzə qayıtmış, prezidentliyə əsas iddiaçı idi. Lakin indiki müxalif liderlər arasındakı fikir ayrılığı, onların Elçibəyi vahid namizəd kimi qəbul etməmələri sonunda boykot qərarına səbəb olmuşdu. Təsadüfi deyil ki, o seçkidə həmin vaxt reputasiyası elə də müsbət olmayan AMİP lideri Etibar Məmmədov qatılmış və kifayət qədər ciddi səs toplaya bilmişdi.

Müxalifətin hər 10 ildən bir belə ciddi səhvlər buraxdığı da müzakirə edilir. Təsadüfi deyil ki, sonu 8 rəqəmi ilə bitən illərin prezident seçkilərində müxalifətin böyük kəsimi iştirak etməyib, 1998, 2008 və bu il…

Sabiq dövlət müşaviri Qabil Hüseynli müxalifətinin çöküşünün əslində 20 il öncə qəbul edilən məlum boykot qərarından sonra başlandığını bildirdi: “1998-ci ildə mən Türkiyədə mühacirətdə idim. Amma prosesləri yaxından izləyirdim. Doğrudur, o vaxt müxalifətin kifayət qədər güclü vaxtı idi, proseslərə kifayət qədər təsir edə bilirdi. O zaman müxalifətə inam da kifayət qədər yüksək idi. Lakin qəbul edilən yanlış qərar müxalifətin bu gücünü getdikcə əlindən aldı. Bu düşərgənin ən böyük səhvi inteqrasiya prosesinə uzun müddət getməkdə tərəddüd etməsi oldu. Həmin dövrdə öndə olan güclü siyasi qüvvələr bir mərkəz ətrafında birləşə bilmədilər. Eyni zamanda vahid namizəd də müəyyənləşdirə bilmədilər. 1998-ci ildə seçkini boykot etməyin mənasını bu günə qədər də başa düşmək mümkün deyil. Bu qərar müxalifətin cəmiyyətdə oynaya biləcəyi avanqard roluna ciddi kölgə saldı. İnsanların böyük bir qismi müxalifətə olan inamını getdikcə itirməyə başladı. Siyasi mübarizə üçün o illər ən əlverişli illər idi. Doğrudur, qarşı tərəfdə Heydər Əliyev kimi güclü rəqib var idi. O zamankı hakimiyyət də kifayət qədər güclü idi, xalq arasında populyardır. Ona qalib gəlməyin yeganə yolu müxalifətin seçkilərə vahid namizədlə getməsi olardı. Amma bu düşərgə bu şansı əldən buraxdı. Həmin dövrdə Əbülfəz Elçibəyin Kələkidən Bakıya gəlib aktiv siyasətə başlaması siyasi proseslərə stimul verirdi. Düşünürəm ki, müxalifətin ən yaralı yeri olan liderlər arasındakı çəkişmələrin, anlaşılmazlıqların bünövrəsi məhz o zaman qoyuldu. Elçibəy öz xarizması, ağsaqqallıq nümunəsi ilə cəmiyyətdə populyar olsa da, onun təkrar prezidentlik kürsüsünə iddia etməsi həmin dövrdə SİDSUH və digər bu kimi müxalif birləşmələrin daxilində liderlər arasında yaranan narazılıqda az rol oynamadı. Elçibəy hamıdan ona güzəştə getməsini və onun vahid namizədliyini müdafiə etməsini istəsə də, bu heç də çoxları tərəfindən müdafiə edilmirdi.

Belə olan təqdirdə SİDSUH daxilində Müsavat başda olmaqla, digər qurumlar boykot qərarını ortaya atdılar. Uzun müzakirələrdən sonra müxalif qurumların böyük əksəriyyəti bu qərarı müdafiə etdilər. Beləliklə, müxalifət ən güclü vaxtında vahid namizəd müəyyən edə və seçkidə iştirak edə bilmədi. 1998-ci il seçkisinin verə biləcəyi müsbət nəticələrdən müxalifət özü-özünü məhrum etdi. Siyasilərin sağlam olmayan ambisiyalarından qaynaqlanan boykot qərarı sonradan bu düşərgənin içərisində xoş olmayan meyllərin yaranıb inkişaf etməsinə və daim müxalifəti silkələməsinə zəmin yaratdı. 1998 qərarı müxalifətin xalqla olan müəyyən əlaqələrinin aradan qalxmasına və xalqın bu düşərgəyə olan etimadının sıradan çıxmasına səbəb oldu. Doğrudur, 2003-cü ildə müxalifət Müsavatın timsalında gücünü bərpa edə bildi, seçkiyə qatıldı, ciddi proses apardı. Lakin 1998-ci il seçkisi müxalifət üçün daha yaxşı perspektivlər vəd edirdi. Bu səhv müxalifətin indiyə qədər buraxdığı ən böyük səhvdir. 2003-cü ildə nələrsə etməyə çalışan müxalifət bundan beş il öncəki gücünü nümayiş etdirə bilmədi. Düzdür, Müsavat 2003-cü ildə ”Bizim Azərbaycan\” blokunun timsalında güclü bir müxalif alyans yaratdı, müxalifətin imicini bir qədər bərpa etdi. Lakin bu seçkidə qalib gələ bilmədikdən sonra sözün həqiqi mənasında bu düşərgə bitdi. Düzdür, 2003-cü ildəki seçkilərdə hazırkı prezident İlham Əliyev kimi güclü siyasətçi, rəqib var idi. Düşünürəm ki, müxalifətin qalibiyyətinin önünü ən çox bu amil kəsdi. 2008-ci ildə də eyni səhvi təkrar etdilər. Düzdür, bu il də iqtidar komandası daha güclü idi. Lakin istənilən halda seçkidə iştirak vacib idi. Bu il də artıq bu düşərgə növbəti səhvini təkrarlayır. Artıq verilən boykot qərarlarının doğru olmadığını düşünürəm. Bir neçə ildən sonra da bu qərarların səhv olduğu müzakirələr sırasında olacaq\”. (musavat)

İnterpress.az