Prezident sərəncam imzaladı – Vəkillərlə bağlıbackend

Prezident sərəncam imzaladı – Vəkillərlə bağlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

1.1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görsün;

1.2. Azərbaycan Respublikasının regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görsün;

1.3. vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etsin;

1.4. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görsün, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın.

2. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki:

2.1. ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın;

2.2. göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görsün;

2.3. vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etsin;

2.4. Azərbaycan Respublikasının şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin;

2.5. hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin;

2.6. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün;

2.7. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün.

İnterpress.az