“Neftçi”nin erməni futbolçusu: “Bakı üçün darıxıram”backend

“Neftçi”nin erməni futbolçusu: “Bakı üçün darıxıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri veteran futbolçu, Bakı ermənisi olan Eduard Markarov deyib.

Bu gün \”Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin doğum günüdü. Əfsanəvi futbolçu ilə bağlı onun sabiq komanda yoldaşı Eduard Markarov müsahibə verib. \”Vestnik Kafkaza\”nın suallarını cavablandıran keçmiş forvard \”Neftçi”də əfsanəvi Banişevski-Markarov-Tuayev \”trio”sunun 1960-1970-ci illərdə SSRİ-nin ən yaxşı hücum \”üçlüy”ü sayılmasından danışıb: \”Məndən və Banişevskidən yaşca böyük olan Tuayev fərdi oyunçu idi. Tolik Banişevski qol vurmaq üçün harda dayanmalı olduğunu həmişə yaxşı bilirdi. Mən də öz növbəmdə Tuayev və Banişevskinin üstün cəhətlərini bilirdim. Qolodetslə Kuznetsov gedəndən sonra mən Tolikin irəlidə yer alması üçün geridə oynamağa başladım. Məhz komanda oyunumuzun hesabına rəqiblər üçün bizim qarşımızı kəsmək çox ağır idi. Biz rəqibin hər addımını bilirdik, onları yaxşı təhlil edib, güclü və zəif tərəflərini müəyyənləşdirirdik və oyunumuzu buna əsasən qururduq. Buna görə bizim \”trio” çox maraqlı idi. Sovet İttifaqı bizi həmin dövrün ən güclü hücumçularından biri kimi qəbul edirdi”.

\”Banişevski sürətli idi. Ən güclü cəhəti isə başla oynamaq bacarığı idi. Yəni \”ikinci mərtəbə”də yaxşı oynayırdı. Onun istedadını tez hiss etdilər. Adik Qolodets və Yura Kuznetsov həmin vaxt karyeralarını bitirmişdilər və mən Kazbek Tuayevlə tandem təşkil edirdim. O məqamda Tolik bizə qoşuldu. Bu, 1965-ci ildə oldu. Banişevskinin bizə qoşulmasından sonra mən hücumçu arxasında oynamağa, azad \”rəssam” kimi çıxış etməyə başladım. Təmiz hücumçu kimi isə Tolik və Kazbek oynayırdılar. Onu da qeyd etməliyəm ki, yığmaya asanlıqla düşmək olmurdu. Futbolçu özünü isbatlamadı idi. Tolik də bunu bacardı. O, yığmada çıxış etməyə layiq idi. Çünki Banişevski Sovet İttifaqının ən yaxşı hücumçularından biri idi\” deyə Markarov bildirib.

1961-1970-ci illərdəki \”Neftçi” karyerasının ardından Eduard Markarov 29 yaşında Bakı klubunu İrəvanın \”Ararat” klubuna dəyişib. Makarov Azərbaycan futbolunun ona çox şey verdiyini və Bakı üçün darıxdığını vurğulayıb: \”Bakı maraqlı şəhər, bakılılar isə maraqlı insanlardı. Orada çoxlu millətlər yaşayırdı və insanlar arasında kimin erməni, kimin rus, kimin azərbaycanlı olması ilə bağlı fərq yox idi. Bakı beynəlxalq şəhər idi. Harasa gedəndə məndən soruşurdular ki, siz bakılısınız? \”Hə” cavabını verirdim. Soruşurdular ki, bəs milliyyətcə kimsiniz? Deyirdim ki, milliyyət nədir, Bakıda bu suala ancaq \”bakılı” cavabını verirlər. Bax, belə yaşayırdıq. Orada anadan olub, 29 il Bakıda yaşamışam. 29 yaşında bir komandadan digərinə keçmək asan deyildi. Axı həmin dövrdə 25-26 yaşlı futbolçunun artıq yaşlı olduğunu düşünürdülər. İndi isə 25 yaşlı futbolçunun gələcəyinin irəlidə olduğunu deyirlər. 2009-cu ildə Ermənistanın nümayəndə heyətinin tərkibində Bakıya getmişdim. Düzünü desəm, doğma şəhərimi tanımadım. Mənim vaxtımda hava limanından mərkəzə maşınla təxminən bir saata gedilirdi. İndi isə böyük yol çəkilib, hər tərəfdə üç zolaq var. Şəhər çox xoşuma gəldi”.

İnterpress.az