Azərbaycan liderinə qarşı bu mənfur oyunlar… – Deputatbackend

Azərbaycan liderinə qarşı bu mənfur oyunlar… – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili vurğulayıb ki, ulu öndər Heydər Əliyevin yaratdığı siyasi yol Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək yeganə yoldur:

“AXCP vaxtilə Azərbaycanda hakimiyyətdə olub və ona görə də onların nə qədər hazırlıqlı olduğunu xalq çox yaxşı bilir. Məhz onların buraxdığı səhvlər nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal altındadır. AXCP bir milyon insanın çəkdiyi zülmlərin cavabını hələ də verməyib. Bu gün xalqı itaətsizliyə çağıran AXCP sədri Əli Kərimli və onun kimilər düşmənin mövcudluğuna nəzər salmadan guya dövlət, vətən, ərazi bütövlüyü, müstəqillik və hakimiyyət uğrunda “mübarizə” aparırlar. İnanıram ki, Azərbaycan xalqı heç bir zaman geri addım atmayacaq və vaxtilə üzləşdiyi problemləri bir daha yaşamayacaq. Azərbaycan xalqı öz liderini dəstəkləyəcək və ölkəmiz bundan sonra da inkişaf istiqamətini davam etdirəcək. Erməni dəyirmanına su tökməyə hər zaman hazır olan müxalifət nə qədər iş başında olsa da, hər birimiz Azərbaycan vətəndaşı olaraq öz liderimizi dəstəkləməyə hazırıq”.

Millət vəkili bildirib ki, Azərbaycan demokratik dövlətdir və müxalifətin də öz sözünü deməsinə hər zaman şərait yaradılıb:

“Əgər bu gün Azərbaycanda müxalifətin sosial bazası olsaydı, biz bu barədə çoxdan məlumatlı olardıq. Mən indiyədək müxalifətdə sosial baza görməmişəm və bundan sonra da olacağını düşünmürəm. Çünki Azərbaycan iqtidarının, möhtərəm cənab prezidentin apardığı fəaliyyət dövlətin güclənməsinə, ərazi bütövlüyünün təmin olunmasına, insanların daha da firavan yaşamasına yönəlik bir siyasətdir. Bu siyasət hər zaman dəstək qazanıb və bundan sonra dəstək qazanacaq”.

Millət vəkili qeyd edib ki, bu gün Qərbdə ermənilərlə çiyin-çiyinə Azərbaycana qarşı qara kampaniya aparan qüvvələr nədənsə AXCP sıralarından çıxır:

“Real sosial bazası olmayan müxalifətin “siyasi mübarizəsi” də ancaq bu qədər reallıqdan uzaq ola bilərdi. Müxalifət hakimiyyətə qarşı ən sərt mövqedə belə ölkəsinin milli mənafeyini tapdalamamalıdır. Bu düşmənçilik hərəkətləri sadəcə cılız Ermənistanın işinə yarayır. Dəfələrlə xarici dövlətlərdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişəm. Azərbaycanın güclü liderinə qarşı məqsədli kampaniya aparan “azərbaycanlılardan” fərqli olaraq, xaricdə hər hansı bir dövlətin nümayəndəsinin öz vətəninə, xalqına qarşı xain çıxdığını görməmişəm. Təəssüf ki, bu insanlarımız həmin yola vadar ediliblər. Gənclərimizə müraciət edirəm ki, etdikləri hərəkətlərlə bağlı dərindən düşünsünlər. Bilirsiniz ki, Azərbaycana qarşı hazırda düşmən mövqeyində duran Ermənistan rəhbərliyi bu gün ölkəmizə qarşı amansız işğal siyasətini davam etdirir. Azərbaycana və onun liderinə qarşı oynanılan mənfur oyunlar da həmin siyasətin tərkib hissəsidir. Bu oyunun qurbanına çevrilən insanlar nə qədər gec deyil, bu səhv yoldan dönməli, öz dövlətinin arxasında dayanmalıdırlar”.

İnterpress.az