Allah Quranda ölkə rəhbərinə itaət etməyi əmr edib – SENSASİON AÇIQLAMAbackend

Allah Quranda ölkə rəhbərinə itaət etməyi əmr edib – SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məscidlərdə, mədrəsələrdə, məktəblərdə, institut və təşkilatlarda xalqın taleyini həll edəcək seçki təbliğatı aparılması həm dünyəvi hüquq baxımından, həm də dini baxımdan icazəli hesab edilir. Çünki, seçkiyə ciddi yanaşmaq lazımdır. Seçki ilə insanların, cəmiyyətin, ölkənin, dövlətin əmin-amanlığı qorunur, təxribat xarakterli hərəkətlərin qarşısı alınır, əmin-amanlıq sabit qalır. İslam dinində seçki məsələlərinə ciddi önəm verilib. Məhəmməd peyğəmbər dünyasını dəyişənə qədər ölkənin rəhbəri olub, özü də öz hakimiyyətinə qarşı çıxanları xəvariclər, yəni, dindən çıxanlar hesab edib. Hətta özünün ədalətsiz olduğunu deyən, ilk dəfə xəvaric fikirinin təməlini qoyan şəxsə bildirib ki, sən mənə ədalətsiz deyərək haqsızlıq edirsən”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib. O bildirib ki, Allah Rəsulu dünyasını dəyişdikdən sonra isə idarəçilikdə onunla birlikdə yanında olan dostları Əbu Bəkr, Ömər, Osman və Əli birlikdə müzakirə edib seçki keçirməyi qərarlaşdırıblar: “Həzrəti Əli Məhəmməd peyğəmbərin cənazəsini yuyub hazırladığı üçün məsləhətə uyğun digər dostları Əbu Bəkr, Ömər və Osman xalqı yığıb ümmətə rəhbər seçməyi qərarlaşdırırlar. Bir çox müxtəlif müzakirələr keçirilir və camaatın seçimi ilə Əbu Bəkrə beyət edilir. O xəlifə olur və Həzrəti Əli və digər bütün ümmətin böyükləri buna ömürləri boyu etiraz etmirlər və buna qarşı çıxmırlar. Sonra yaradılan seçki şurası əsasında Əbu Bəkr, sonra Osman, sonra Ömər, sonra da həzrəti Əli ömürlərinin sonuna qədər ümmətə rəhbərlik edirlər. Hər birisi öz hakimiyyəti dövründə baş qaldıran üsyankarla mübarizə aparıb dünyadan köçənə qədər xalqın, ümmətin, ölkənin rəhbərliyini idarə ediblər. Bu baxımdan məscidlərdə hazırda hakimiyyətdə olan ölkə rəhbərinə səs verilməsini insnalardan, cəmiyətdən tələb etmək dini baxımdan icazəli hesab olunur. Həmçinin ölkədə xaosun, qarışıqlığın, özbaşınalığın qarşısı alınır və əmin-amanlıq sabit qalır. Dünyəvi və təcrübə əsasında da bu belədir”.

“Şəriətdə axundun həm dini, həm də dünyəvi moizələr etməsi vacibdir”

İlahiyyatçının sözlərinə görə, İslam şəriətində axundun həm dini, həm də dünyəvi moizələr oxuması vacibdir. O vurğulayıb ki, insanlar bu dünyada yaşayırlar və məscid axundları yaşadıqları bu dünyada əmin-amanlığın sabit qalması, insanları yanlış düşüncələrdən, təfriqədən uzaq tutmaları üçün bunu etmələri önəmlidir: “Onlar hal-hazırda mövcud olan əmin-amanlığı insnalara bildirməli, bu əmin-amanlığın təminatçısı ölkə rəhbərini dəstəkləmələrini müsəlmanlara elan etməlidirlər. Bu həm dini, həm də dünyəvi cəhətdən vacibdir. Məhəmməd peyğəmbər və ondan sonrakı xəlifələr də xalqın qarşısında həm onlara dini və axirətə aid təhlükələrdən qorunmaları üçün moizələr oxumuş, həm də dünyəvi məsələlərində onlara istiqamət vermişlər”.

Əkrəm Həsənovun fikrincə, Məhəmməd peyğəmbər hal-hazırda mövcud olsaydı, sağ olsaydı əgər özünün dünya işlərinə aid idarəçiliyi gücü olsaydı xalq onu seçsəydi, təbiidir ki, onun qarşısında heç kim nəsə deməzdi: “Hətta desə, belə sonda qələbəonun olardı. Məhəmməd peyğəmbər özü həyatda olsaydı, olduğu dövrdə dövlət rəhbəri başqa şəxs olsaydı yenə də Quranda olan ayəni bildirər və insanlara Allahın kitabına tabe olmalarını göstəriş verərdi. Çünki, Qurani Kərimdə Allah təala buyurur ki, Allaha və Rəsuluna itaətdən sonra özünüzdən olan əmr sahiblərinə, dövlət rəhbərlərinə itaət edin. O, özü bunu istəməzdi ki, ölkə rəhbəri ola-ola başqa biri ölkə rəhbəri olmaq arzusuna düşsün. Belə bir arzu istəyə düşən olsaydı, ona nəsihət edərdi ki, ölkə rəhbəri ola-ola başqasının özünü ölkə rəhbərliyində görməsi acgözlük, hərislik, qudurğanlıqdan başqa bir şey deyil. Ona nəsihət edərdi ki, dünyaya aldanmasın və axirətə tədarük görsün”.

“Uca Allah Qurani-Kərimdə ölkənin rəhbərinə itaət etməyi əmr edir”

İlahiyyatçı bildirib ki, Allah təala müqəddəs kitabda ölkənin rəhbərinə hörmət etməyi, ona itaət etməyi əmr edir: “Qurani Kərimə baxdıqda görürük ki, bir çox ayələrdə Allah təala özünə və peyğəmbərinə itaəti əmr etdikdən sonra, cəmiyyətə yaşadığıölkənin böyüklərinə, idarəçilərinə, səlahiyyət sahiblərinə də itaət etməyi əmr edir. Çünki, Allah təala məhz Peyğəmbərləri bunun üçün seçmişdir ki, insanların Allaha inancından sonra vahid bir ölkə rəhbərinin ətrafında birləşdirsin. Bu barədə Qurani Kərimin Nisa surəsinin 59-cu ayəsində uca Allah belə buyurur: “Ey iman edənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! (Nisa, 4/59). Bu ayədə Allah təala ölkə rəhbərinə itaət etməyi əmr etmişdir. Çünki, ölkə rəhbərinə olan itaətsizlik həm dini, həm də dünyəvi işlərdə zərərə gətirib çıxarır. Belə olduqda,ölkə daxildən zəifləyir, ölkənin düşmənləri öz hiyləgər planlarını həyata keçirmək üçün müsəlman əhalinin arasına təfriqə salır. Əgər, əhalisi müsəlman olan ölkələrdə insanlar öz dövlət rəhbərlərinə sevgi, hörmət və itaət göstərərlərsə, ölkənin düşmənləri onlardan qorxar və onlara hörmət edərlər. Bunlar təcrübə əsasında bilinən məsələdir”.

Ə.Həsənov bildirib ki, müsəlmanlar öz dövlətlərinə və bu dövlətin başında duran rəhbərə qarşı hörmətsizlik və soyuq münasibət bəsləyərlərsə, onların düşmənləri də onlara bu cür pis münasibət bəsləyərlər: “Ona görə də, hər bir müəslman Allah təalanın Quranda əmr etdiyi kimi yaşadığı ölkənin rəhbərinə yüksək səviyədə hörmət, sevgi, etiram göstərməlidir ki, düşmənlər ölkəyə nüfuz edə bilməsinlər. Son dövrlərdə bəzi müsəlman ölkələrində baş verən mənfi hallar məhz müsəlmanların öz rəhbərlərinə hörmətsizliyindən və itaətsizliyindən baş vermişdir. Müsəlmanların düşmənləri də bunu fürsət bilib müsəlmanlar yaşayan ölkələri viran etmişlər. Ağıl sahibləri düşünməlidirlər ki, Allah təalanın sözündən çıxmaq ancaq insanların özlərinə zərər verir. İslam dini təşəkkül tapıb yayıldıqdan sonra da dövlətin əsasları möhkəm zəmin əsasında qurulmuşdur. Belə ki, dinimizin əsas qayəsi də budur ki, insanlar yaşadıqları ölkənin rəhbərinə bağlı qalsınlar. İslam dini mənbələrinə baxdıqda bunun əksi olan heç bir dəlilə rast gəlmirik. Əksinə, dinimiz ölkədə rəhbərə baş qaldıranın ağır cəzalandırılmasını şərt qoymuşdur. Bununla bağlı kifayət qədər dəlillər vardır”.

İnterpress.az
Səid Qərib