Millət vəkilləri Novruz bayramından danışdı – SORĞUbackend

Millət vəkilləri Novruz bayramından danışdı – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarşıdan Novruz bayramı gəlir. Azərbaycanın milli bayramı olan Novruz bayramı ölkənin hər bir yerində təmtəraqla, sevinclə qeyd edilir. Kimi bu bayramı öz evində, doğmaları, əzizləri ilə, kimisi də fürsətdən istifadə edib ölkə kənarında keçirməyə üstünlük verir.

Bəs, görəsən, Azərbaycanın millət vəkilləri Novruz bayramını harada qeyd edəcəklər?

Millət vəkili Hadi Rəcəbli İntepress.az-a açıqlamasında bildirib ki, Novruz bayramını hər il doğulduğu Lənkəran rayonunda qeyd etməyi planlaşdırır: “Mən Lənkəranda doğulmuşam. Novruz bayramının bütün qaydalarına, ailəlikcə, əməl edirik. Mən 60 ildir şəhərdə yaşayıram. Yəni, həm Bakıda, həm Lənkəranda. Ona görə də, Novruz bayramını Lənkəranda keçirməyi planlaşdırmışam. Seçicilərimlə görüşməyi də nəzərdə tutmuşam. Hər il olduğu kimi, bu il də ailikcə nəvələrimlə birlikdə tonqal qalayıb üzərindən atdanacağıq. Səməni də süfrəmizdən heç bir Novruzda əskik olmur. Yadıma gəlir, uşaq vaxtı təzə paltarlar geyinib qurşaq atardıq, tonqallar qalayıb üzərindən atdanardıq”.

H.Rəcəbli həmçinin bayramı öz ölkəsindən kənarda keçirmək istəyənlərə də münasibət bildirib: “Novruz bayramı ilə əlaqədar olaraq, bir neçə gün tətil olacaq. Ona görə də, insanlar bayramı xarici ölkələrdə də keçirmək imkanı əldə edəcəklər. Həm də gedib xaricdə havalarını dəyişmək istəyirlər. Düzdür, buna pis baxmaq olmaz. Amma çalışmaq lazımdır ki, insanlar doğulduqları torpaqlarda bayramlarını qeyd etsinlər. Ümumiyyətlə, biz uşaqları elə tərbiyə etməliyik ki, torpağa, doğma yurda bağlı olsunlar”.

Millət vəkili Aqil Abbas isə onların vaxtında Novruz bayramında papaq atmaq mərasimi yox idi: “Mən ömrümboyu Novruz bayramını öz evimdə ailəmlə birlikdə qeyd etmişəm. Çünki, bu bayram bizim milli bayramımızdır. Novruzu bayramını xaricdə keçirən şəxslər də var. Yəni, bayramla əlaqədar ölkədə 8 gün qeyri-iş günü olduğu üçün insanlar bayramı xaricdə də keçirə bilirlər. Bizim vaxtımızda papaq atmaq söhbəti yox idi, biz torba atardıq. Adam da papaq atarmı? Mən papaq atmaq söhbətini Bakıda eşitmişəm. Uşaqlıqda tonqal qalayıb üzərindən atılardıq”.

A.Abbas həmçinin bayram ərəfəsində qohum-əqrəbasına yardım etdiyini də vurğulayıb: “Novruz bayramı ərəfəsində qohum-əqrəbalara zəng edib bayramlarını təbrik edirəm. Baxıram, kimə məsləhətdirsə, bayram payı da göndərirəm. Ümumiyyətlə, bəzi qohumların maddi imkanı zəif olduqda onlara özüm bayram payı alıb aparıram”.

Millət vəkili Sahib Əliyev isə, son iki ildə Novruz bayramını ölkədə qeyd etmədiyini bildirib: “Amma digər bayramların hamısını doğulduğum Tərtər rayonunda həmyerlilərimlə birlikdə qeyd edirəm. Bəzən deyirlər ki, əgər bir dəfə Novruz bayramını evində qeyd etməsən, növbəti 7 ildə də bayramları evində keçirmək qisməıt olmayacaq. Bu, sadəcə bir deyimdir. Əslində, bu deyimdə insanların öz yaşadığı torpağa, elinə, ölkəsinə, ailəsini bağlılığı nəzərdə tutulur”.
S.Əliyev uşaqlıq xatirələrindəki Novruz bayramında da danışıb. O bildirib ki, uşaqlıq xatirələrində bütün bayramlar ideallaşdırılmış şəkildə qalır: “Adama elə gəlir ki, bayramlar heç vaxt uşaqlıqda qeyd etdiyimiz bayramlar kimi maraqlı olmur. Bu da, sırf psixoloji bir məsələdir. Sadəcə, uşaqlıq xatirələri nostaljidən yaranan bir məsələdir”.

Deputat həmçinin qeyd edib ki, diqqətə ehtiyyacı olan qohumlarının bayramını təbrik edəcək: “Mümkün qədər bayramlarda qohum-əqərəba ilə bayramlaşıram. Düzdür burada vaxt azlığı, ya çoxluğundan söhbət gedə bilməz. Amma qeyd edim ki, mənim qohumlarım da kifayət qədər çoxdurlar. Çalışıram ki, bacardığım qədər diqqət gözləyən qohumlarıma qarşı öz diqqətimi əsirgəməyim. Fikrimcə, diqqətdə olan adama diqqət göstərmək elə də önəmli deyil. Ən çox diqqətə ehtiyyacı olana diqqət göstərmək lazımdır”.

Millət vəkili Aydın Mirzəzadə isə həmişəki kimi bu il də ailəsi ilə birlikdə bayramı qeyd edəcəyini vurğulayıb: “Həmişəki kimi, bu il də ailəmlə birlikdə Novruz təamları ilə bəzənmiş süfrəmizin ətrafında bayramı keçirəcəyik. Mən hər il bayramı Bakıda keçirmişəm. Heç vaxt rayonda qeyd etməmişəm. Eyni zamanda, məşhur papaq atdı qaydasını da nəzərə alıb evimizdə müəyyən ehtiyyatımız da olacaq. Ki, papaq atan şəxsləri geri boş qaytarmayaq. Çünki, mənim qohumlarımın da əksəriyyəti Bakıda yaşayır. Rayonda da qohumlarım yaşayır. Amma gedib onları narahat etmək istəmirəm”.

Eyni zamanda, A.Mirzəzadə hər il bayramlarda 500 təbrik mesajı yazdığını vurğulayıb: “Buna baxmayaraq, hər il bayramlarda bütün qohumları təbrik edirəm. Ümumilikdə, qohum-əqrəbalara mobil telefon vasitəsilə 400-500 təbrik mesajı göndərirəm”.

Deputat uşaqlıq xatirələrində Novruz bayramının necə qalmasından da danışıb: “Novruz bayramı mənim xatirələrimdə Mingəçevirdəki evimizin həyətində qaladığımız tonqallarla qalıb. Həm çərşənbə axşamlarında, həm də Novruz bayramlarında bu mərasimlərin hamısını xüsusi olaraq qeyd edirdik. Yadımdadır ki, hər il bayram günlərində axşam saatlarında bizim evimizdə papaq atdı mərasimi üçün xüsusi hazırlıqlar gedirdi. Bizim dövcrümüzdə Novruz bayramı üçün dörd-beş dəfə aş bişirilirdi. O vaxt bizim qonşularımız var idi, həmin qonşulardan birinin övladları vardı, amma biri ailənin övladı yox idi. Nənəm, anam həmişə aş bişirəndə aparıb birinci o qonşulara verərdik sonra özümüz süfrə açıb yeyərdik. Yəni, anamgil onlara yemək aparmamış bizə yemək verməzdi. O dövrdə süfrələr yerdən salınırdı. Ümumiyyətlə, mən tələbə olana qədər biz ancaq yerdə süfrə açıb ətrafında oturmuşuq. Uşaqlıqda o süfrənin açılmasını səbrsizliklə gözləyirdik. Bizim dövrümüzdə səməni yox idi. Ona görə, süfrələrimizdə səməni olmayıb. Amma sonradan səməni də süfrələrimizə əlavə olundu”.

İnterpress.az