“Banklar vəsaitlərinin böyük bir hissəsini normal biznes layihələrə yatırmalıdır” – Fikrət Yusifovbackend

“Banklar vəsaitlərinin böyük bir hissəsini normal biznes layihələrə yatırmalıdır” – Fikrət Yusifov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son məlumata görə isə bank aktivlərinin 7%-i Mərkəzi Bankda saxlanılır. Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın bank sektorunun aktivlərinin 7,28%-ni Mərkəzi Bankdakı müxbir hesablarda saxlanılan vəsaitlər təşkil edib. FED.az-ın xəbərində bildirilir ki, ayrı-bank banklarda sözügedən nisbət fərqlidir. Belə ki, ölkədəki 30 bankdan 17-si Mərkəzi Bankdakı vəsaitlərinin aktivlərindəki payı barədə məlumat verib ki, bunların da arasında ən yüksək göstərici \”Naxçıvan Bank\”da (33,55%), ən aşağı göstərici isə \”AGBank\”dadır (0,85%).

Bankların aktivləri ilə bu cür davranmasının əsas səbəbi isə kredit vermə imkanlarının azalmasıdır. Belə ki, problemli kreditlər məsələsinin hələ də həll edilməməsi, toksik aktivlərin artması, eləcə də əhalinin ödəmə qabiliyyətinin aşağı düşməsi bankları kredit verməkdən çəkindirir. Nəticədə bu kommersiya qurumları ən böyük gəlir mənbəyindən məhrum olublar. Belə olan halda isə aktivlərini müxtəlif şəkildə yatırmağa və cüzi də olsa gəlir əldə etməyə çalışırlar.

“Yeni Müsavat”a açıqlamasında bu durumu şərh edən sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, bank fəaliyyətinin ana xəttini sərbəst vəsaitlərin cəlb edilməsi və onların sərfəli şərtlərlə yerləşdirilməsi təşkil edir: “Burada aparıcı yer vəsaitlərin ehtiyacı olanlara sərfəli şərtlərlə kreditlər şəkilində verilməsinə məxsus olmalıdır. Bank bu vəsaitləri başqa banklarda depozit kimi yerləşdirib və ya istiqraz vərəqələri alıb müəyyən qazanc əldə edə bilər, ancaq bu resursların tam səmərəli yerləşdirilməsi demək deyil. Çünki bu yolla bankın əldə edəcəyi qazanc onun normal kreditləşmə əməliyyatlarından əldə edilə biləcəyi qazancdan ən azı iki dəfə az olacaq. Adətən resursların bir hissəsini bu qaydada depozitlərə və istiqraz vərəqələrinə o banklar yerləşdirə bilərlər ki, onların kifayət qədər böyük mənfəəti və buna uyğun böyük kredit resursları mövcuddur. Belə olanda təbi ki, vəsaitlərin bir qismini depozitlər və istiqraz vərəqələri almaqla yerləşdirmək mümkündür. Bizim banklarda isə vəziyyət bir qədər fərqlidir. Banklarımız çətin bir bank böhranı yaşadıqdan sonra yenicə dirçəlmək istəyirlər. Onlar hələ ki, resurslarını biznes kreditlərinin verilməsi şəklində yerləşdirilməyə risk etmirlər. Bunun əvəzində isə az-çox olan bu resursları heç olmasa depozitlərə və istiqraz vərəqələrinə yerləşdirmək yolu ilə müəyyən qazanc əldə etməyə üstünlük verirlər”.

F.Yusifov vurğuladı ki, bu yol bankın normal fəaliyyətini təmin edə bilməz: “Belə seçim yaranmış hər hansı bir çətin dövr üçün müvəqqəti xarakter daşıya bilər. Doğru seçim isə budur ki, bank real sektoru kreditləşdirməlidir. Bunun üçün də bankın kreditləşdirəcəyi layihələri düzgün seçə bilmək səriştəsi olmalıdır. Biznes layihələrin “seçilməsi” sahəsində Beynəlxalq Bankın acı təcrübəsi hər bir bank üçün yaxşı “nümunədir”. Bu məsələdə yanlışlığa yol verən hər bir bankın aqibəti belə olmalıdır. Yeri gəlmişkən, bu məsələyə münasibət bildirərkən mətbuat səhifələrində bir neçə dəfə təklif etmişdik ki, bizim banklar bank sisteminin yaxşı inkişaf etdiyi ölkələrin banklarının biznes layihələrin seçilib kreditləşdirilməsi sahəsindəki təcrübəsini dərindən öyrənsinlər. Öyrənmək üçün utanmaq lazım deyil. Əgər bizdə bu sahədə yaxşı təcrübə yoxdursa və ya bu təcrübə kifayət qədər deyilsə, başqa yerlərdə olan mütərəqqi təcrübələr nəyə görə öyrənilməməlidir? Axı dünyada real sektoru kreditləşdirməklə ölkə iqtisadiyyatının yüksək artımına və bu yolla bank sektorunun daha da güclənməsinə gətirib çıxarmış yaxşı təcrübələr mövcuddur”.

Fikrət Yusifov hesab edir ki, banklarımız indi əllərində olan az-çox vəsaitləri Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında yerləşdirməkdən və ya istiqraz vərəqələri almaqla cüzi qazanc əldə etməkdənsə, onların böyük bir hissəsini normal biznes layihələrə yatırmalıdırlar: “Əgər bu baş verərsə, onda biznesin kreditlərə olan tələbatı da ödənilmiş olar. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının real sektorunun inkişafına ciddi təkan verər və eyni zamanda bank sistemi möhkəmlənər. Əhalinin manatla olan əmanətlərini 15-20%-lə qəbul edib, Mərkəzi Bankdan kredit resurslarını 13%-dən alıb, onları 5-10% gəlirlilik səviyyəsi olan depozitlərə və ya istiqraz vərəqələrinə yerləşdirməklə hara qədər getmək mümkündür?”

İnterpress.az