Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Problemli kreditlərin hər üç tərəfi qane edərək effektiv həll yolu

Ekspertlərin təklifi nəzərə alınacaqmı?

Dərc edilib: 12 mart 2018 [21:44]
Baxış sayı: 11085

Son vaxtlar problemli kreditlərin həlli və bu istiqamətdə dövlətin müəyyən güzəştlərə getməsi gündəmin əsas müzakirə mövzusuna çevrilib. Xüsusən də, dövlət başçısının sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsi ilə bağlı verdiyi qərardan sonra, problemli kreditlər məsələsində də hansısa güzəştlərin ediləcəyinə inam artıb.

Məlum olduğu kimi, hazırda problemli kreditlər həm bankların, həm vətəndaşların, həm də dövlətin bir nömrəli çətinliyinə çevrilib. Bu baxımdan manatın devalvasiyası nəticəsində dollar kreditlərdə yaranmış zərərin üç tərəf – bank , vətəndaş və dövlət arasında bərabər bölünməsi təklifi gündəmə gəldi. Bəs görəsən, bu təklif tərəflərin imkanlarına və maraqlarına uyğundurmu?

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər üç tərəf zərərin yalnız üçdə birini ödəməklə problemin həllinə nail ola biləcəyi üçün bu mexanizmin tətbiqində maraqlı olmalıdır: “Biz hələ birinci devalvasiyadan sonra üçtərəfli güzəşt mexanizminin tətbiq edilməsini təklif etmişdik. İndiki məqamda da bu daha məqbul mexanizmdir. Artıq bizim təkliflər bir çox ekspertlər və dövlət qurumları tərəfindən də dəstəklənib. Bu isə ondan xəbər verir ki, indiki məqamda heç bir tərəf üçün ağırlıq yaratmamaqdan ötrü bu mexanizmin tətbiqi vacibdir. Söhbət xarici valyutada olan kreditlər üzrə devalvasiyadan yaranmış fərqin üç tərəf arasında bərabər bölüşdürülməsindən gedir. Əgər kredit dolların 0.78 məzənnəsi ilə verilibsə və indi də dolların kursu 1.70 manatdırsa, ortadakı 92 qəpiklik fərq tərəflər arasında bölüşdürülür. Bu isə o deməkdir ki, dövlətin, vətəndaşın və bankın təxminən 30 qəpiklik bir öhdəliyi olur. 0.78 məzənnəsi ilə dollar krediti götürən şəxs, artıq krediti 1.70-lə deyil, 1.08 məzənnəsi ilə qaytarır. Bu isə vətəndaşa imkan verir ki, hər dollara görə 62 qəpik güzəşt əldə edə bilsin”.

Ekspertin sözlərinə görə, bu mexanizmin üstünlüyü ondadır ki, hər tərəf fərqin yalnız üçdə birini ödəyir, qalan hissəsini isə digər iki tərəf ödəyir: “Bu banklar üçün də məqbul hesab oluna bilər. Çünki banklar uzun müddət yüksək faizlərlə kredit veriblər, gəlir əldə ediblər. Həmin banklar üçün sağlamlaşdırma yolu problemli kreditlər məsələsinin həllindən keçir. Bank fərqin üçdə birini ödəməklə problemini həll etmiş olur. Bankların hazırda fərqin üçdə birini qarşılamaq imkanı var. Dövlət üçün də fərqin üçdə birini ödəmək faktiki olaraq maliyyə yükü yaratmır. Dövlət də çox böyük maliyyə vəsaiti xərcləmədən problemli kreditləri həll etmiş olacaq. Bununla da iqtisadiyyatın mühərriki rolunu oynayan bankların sağlamlaşdırılmasını həyata keçirə biləcək. Bu çox effektiv bir mexanizmdir, nə dövlət, nə vətəndaş, nə də banklar üçün ciddi maliyyə yükü yaratmır”.


Problemli kreditlərin hər üç tərəfi qane edərək effektiv həll yolu

Vüqar Bayramov

V.Bayramov vurğuladı ki, bu təklif xüsusən dövlət üçün əhəmiyyətlidir. Çünki o ciddi ağırlığa düşmədən problemin həllini reallaşdıra bilir: “Biz təkliflərimizi 2015-ci ilin mart ayında hökumətə, Mərkəzi Banka, Maliyyə Nazirliyinə təqdim etmişik. Daha sonra mətbuatda, eləcə də digər dövlət qurumları ilə konsultasiyada bu müzakirə olunub. Bizim təklifləri təqdim etdiyimiz vaxtdan üç il keçib. Bu günə qədər xarici valyutada kredit götürən vətəndaşlarımızın bir qismi krediti qaytarıb. Ona görə də təklif edirik ki, əvvəlki məzənnə ilə krediti ödəmiş vətəndaşlar üçün də stimullaşdırıcı tədbirlər həyata keçirilsin. Əgər həmin vətəndaşlar yenidən kredit üçün müraciət edirlərsə, onlara aşağı faizli kreditlər verilsin və ya öhdəliklərinin bir hissəsi dövlət tərəfindən subsidiya edilsin. Nəticədə öhdəliklərini yerinə yetirmiş və problemli kredit yaratmayan vətəndaşlar da başqa formada güzəştlərdən yararlana bilsinlər. Biz təkliflərin qəbul edilməsinin və reallaşmasının tərəfdarıyıq, ümid edirik ki, bu baş verəcək. Düşünürük ki, bankların sağlamlaşdırılması, vətəndaşlarla münasibətlərinin liberallaşması, sivilləşməsi üçün güzəştlərin tətbiq edilməsinə ehtiyac var”.

İqtisadçı onu da qeyd etdi ki, alternativ yol problemli kreditlərin və toksik aktivlərin səhmləşdirilərək bazara çıxarılmasıdır: “Bu ABŞ da daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilib. Ancaq Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf etdiyinə görə, ölkəmizdə bu metoddan istifadə imkanlarının geniş olduğunu düşünmürəm. Halbuki dünya praktikasında inkişaf etmiş bir metoddur. Bu baxımdan kreditlərə güzəştlərin tətbiq edilməsi daha doğru olardı. Dövlət qurumları - Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası təklifləri nəzərə alaraq reallaşdırsalar, çox doğru bir addım olardı. Hansı qərarın veriləcəyini söyləmək çətindir. Çünki burada adı çəkilən üç qurumun və Maliyyə Sabitliyi Şurasının mövqeyi çox önəmlidir. Biz isə hesab edirik ki, indiki məqamda üçtərəfli güzəşt mexanizmi problemin həlli üçün ən məqbul yol hesab edilə bilər”.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 111