Ali məktəblərdə təhsil haqları artırılacaqbackend

Ali məktəblərdə təhsil haqları artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu xərclərin hansı tələblərə əsasən müəyyən edilməsi, habelə yeni qiymətlərin ali məktəblərdə təhsil haqqına necə təsir göstərəcəyi ilə bağlı Publika.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

– Əvvəlcə istərdim bu təhsil xərclərinin nəyə əsasən müəyyən edildiyinə aydınlıq gətirəsiniz Solo oxuma ixtisasında kadr hazırlığının dəyəri nə üçün Müalicə işindən çox olur?

– Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclərin smetası əsasında müəyyən olunur. Belə ki, bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyənləşir. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına, hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarına plan yerlərinin sayı da təsir göstərir. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma müəyyən ixtisaslar var ki, Xalq çalğı alətləri, Solo oxuma, Dirijorluq və s. kimi ixtisaslar onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Məlumdur ki, ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də, ali təhsil müəssisələri təhsil haqlarını daha da qaldırırlar. Magistr pilləsində plan yerinin bakalavr pilləsi ilə müqayisədə az olduğunu nəzərə alsaq, bu zaman xərclər smetası daha çox olur. Ona görə də, magistr pilləsində təhsil haqları daha yüksəkdir. Amma son illər ərzində beş mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz çoxlu insanın xaricə üz tutmasına şərait yaratmış oluruq.

– Bu addım ödənişli ixtisaslarda təhsil haqqının artımına səbəb ola bilərmi?

– Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar bu qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərdən keçirməlidirlər. Təəssüf ki, tələbələrin ödədikləri təhsil haqlarını geri qazanması üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər işləməsi gərəkdir. Ali məktəblərin ixtisaslar üzrə təhsil haqları son illər ərzində kəskin şəkildə yuxarı qalxıb. Son müəyyən edilmiş qiymətlərdən sonra 2018-2019-cu tədris ili üçün də ali məktəblərin ixtisasları üzrə təhsil haqları yenidən qalxacaq.

– Necə düşünürsünüz, bütün bu qeyd etdiyiniz məqamları nəzərə alaraq ali məktəblərdə bir-birini təkrar edən ixtisasların ləğv edilməsi daha doğru olmazmı? Onsuz da yerlərin çoxu dolmur, qəbul olanlar da ya təhsil haqqını ödəyə bilmədiyindən təhsili yarımçıq qoyur, ya da əmək bazarında yer tapmır…

– Əlbəttə ki, ilk növbədə əmək bazarında ehtiyac olmayan və daha çox kadr hazırlığı həyata keçirilən ənənəvi ixtisasların sayını azaltmaq və ya dövlət universitetlərində ən azından bu ixtisaslara qəbulu dayandırmaq lazımdır. İstəyən gedib öz vəsaiti hesabına özəl ali təhsil müəssisələrində təhsil alsın. Məsələn, müəllimlik, iqtisadiyyat, maşınqayırma, gəmiqayırma, elektrik mühəndisi, hüquqşünas və sair onlarla ixtisas üzrə bu qədər kadr hazırlığına ehtiyac yoxdur. Artıq əmək bazarında başqa bilik və bacarıqlara malik olan, başqa ixtisaslı kadrlara ehtiyac duyulur. Xalq çalğı alətləri, aktyorluq və bu kimi ixtisası bitirən nə qədər məzun işlə təmin olunub? Hər il ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin edilir. Yerdə 58 faiz əlində diplom, ali təhsilli işsiz formalaşır. Kimə lazımdır bu qədər ali təhsilli işsiz? Onun yerinə həmən şəxsləri peşə təhsili müəssisələrinə qəbul etmək lazım idi ki, sonradan işlə təmin olunması asan və mümkün olsun.

– Bir tələbənin hazırlığı üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən bu vəsaitin miqdarını necə dəyərləndirirsiniz? Həmin vəsait kadr hazırlığı ilə uyğunlaşırmı?

– Azərbaycanda universitetlər xərclər smetasını müəyyən edəndə bütün xərclərin tələbələrin təhsil haqqı hesabına ödənilməsi barədə düşünürlər. Nəticədə ortaya yüksək təhsil haqqı miqdarı çıxır. Məsələn, qonşu Türkiyədə universitetlər həm də bir çox təhsil xidmətləri göstərirlər, böyük qrant layihələri həyata keçirirlər və nəticədə universitetin xərclərinin müəyyən hissəsinin bu mənbələrdən ödənilməsinə görə tələbələrin təhsil haqları aşağı məbləğdə olur. Reytinqi Azərbaycan universitetlərindən dəfələrlə yüksək olan Türkiyənin bir çox ali təhsil ocağında eyni ixtisas üzrə təhsil haqqı bizdən dəfələrlə azdır. Buna həm də xaricdən gələn tələbələrin sayı da təsir göstərir. Bizdə hər hansı xalq çalğı alətləri ixtisası üzrə təhsil haqqı müəyyən olunarkən tələbəyə çəkilən xərclərin smetası çıxarılır. Guya o tələbəyə hər ay yeni musiqi alətləri alınır, xaricdən gətirilən resurslardan istifadə olunur və sair. Bu kimi hallar digər ixtisaslara da aiddir. Amma reallıq odur ki, bunlar yalnız kağız üzərindədir. Hər il təhsil müəssisələrinin təmiri, yenidən qurulması, yeni avadanlıq alınması ilə bağlı böyük vəsaitlər yazılıb silinir. Xərcini də tələbə təhsil haqqı ilə ödəyir.

– Bu ildən bəzi ali məktəblər publik-hüquqi şəxs oldu. Sizcə, bu ali məktəblərdə təhsil haqlarında artım gözlənilirmi?

– Əlbəttə ki, onların qiymət artımı etməsi qaçılmazdır. Nəzərə alsaq ki, ölkədə əmək haqları da artırılır, devalvasiya baş verir bu da xərclər portfelinin həcminin artması ilə nəticələnir. Ona görə də, universitetlər təhsil haqqını artırılmaqla yaranmış kəsiri aradan qaldırılmaq üzərində işləyirlər.

İnterpress.az