Əli Həsənov: “Azərbaycan 200 ildən çoxdur ki, qanlı faciələrdən və müharibədən əziyyət çəkir”backend

Əli Həsənov: “Azərbaycan 200 ildən çoxdur ki, qanlı faciələrdən və müharibədən əziyyət çəkir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla onlara məxsus ərazilərdə ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq bu siyasətin əsas məqsədini təşkil edir: “Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub. Bu isə Azərbaycanın tarixi ərazilərində milli-etnik tərkiblə bağlı demoqrafik vəziyyətin dəyişməsinə ciddi təsir göstərməyə başlayıb. Ermənilər milli-etnik zəmində qarşıdurmalar yaratmaq niyyəti ilə 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirərək dinc əhalini kütləvi qırğınlara məruz qoyub. Birinci Dünya müharibəsindən, eyni zamanda Rusiyada baş vermiş 1917-ci il fevral burjua və oktyabr bolşevik inqilablarından məharətlə istifadə edən ermənilər etnik separatizm iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci il mart ayında silahlı erməni millətçiləri Sovet Rusiyasının hərbi yardımı ilə Azərbaycanın bütün ərazisində dinc azərbaycanlı əhaliyə qarşı əsil soyqırımı törədərək minlərlə insanı qətlə yetirib. Çar Rusiyasının süqutundan sonra 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, tarixi Azərbaycan torpaqlarının bir hissəsində – İrəvan xanlığı ərazisində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan və keçmiş İrəvan xanlığının paytaxtı sayılan İrəvan şəhərini ermənilərə güzəştə getməyə və onu yeni yaradılmış Ermənistan Respublikasının \”siyasi mərkəzi\” kimi tanımağa məcbur oldu. Təəssüf ki, ermənilər bu güzəştə görə bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəklərini vəd etsələr də, sonrakı illərdə vədlərinə xilaf çıxaraq əvvəlki iddialarından yenə də əl çəkmədilər. Onlar Cənubi Qafqazın sovetləşməsindən sonra Azərbaycan torpaqlarını zəbt edərək, 1920-ci ildə Zəngəzuru və bir sıra digər torpaqları Ermənistan SSR-in ərazisi elan etdilər. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam etdilər. Digər tərəfdən həmin dövrdə Sovet Rusiyası diplomatiyasının dərinliklərində çarizmin xarici siyasətinə dönüş, etnik münaqişələr yaratmaq və ondan bəhrələnmək meyilləri hökm sürürdü ki, bu da Dağlıq Qarabağ məsələsinə münasibətdə açıq-aşkar özünü göstərdi. Nəticədə Mikoyan kimi ermənilərin təsiri və Stalinin göstərişi ilə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) statusu verildi. DQMV yaradılarkən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş, Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirilmişdir. Bu hadisə yalnız Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da “Dağlıq Qarabağ” termini meydana çıxmışdır. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilsə də, az sonra 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib daşnak-bolşevik inqilabçısı S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Bununla da, Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu. Tarixi hadisələrin gedişi göstərdi ki, DQMV-nin yaradılması ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları və etnik separatizmin təməlini qoydu. Bunun ardınca, SSRİ dövründə də Erməni millətçiləri Ermənistan ərazisindəki azərbaycanlıların kütləvi surətdə deportasiya edilməsi siyasətini genişləndirmək məqsədi ilə müxtəlif vasitələrə əl atdılar. Nəticədə 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı əhali Ermənstanda etnik təmizləməyə məruz qalaraq öz tarixi torpaqlarından kütləvi şəkildə qovuldular. 1924-1988-ci illərdə ermənilər və onların himayədarları Dağlıq Qarabağ məsələsinin qaldırılmasına bir neçə dəfə cəhd göstərsələr də, məqsədlərinə çatmağın qeyri-real olduğunu anlayaraq, müəyyən məqamı gözləmək qərarına gəldilər. Belə bir məqam isə 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçov və onun yaxın ətrafının ermənipərəst mövqe nümayiş etdirməsi nəticəsində yarandı ki, ermənilər ondan dərhal bəhrələnməyə çalışdı və yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları ilə çıxış etməyə başladılar.

\”SSRİ rəhbərliyinin bilərəkdən məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın əsassız ərazi iddialarının rədd edilməməsi erməni separatizmindən irəli gələn təxribatların və hərbi qarşıdurmaların yaranmasına səbəb oldu. 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadığı əksər yaşayış məntəqələrini işğal etdilər. Həmin il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri SSRİ-nin keçmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə–azərbaycanlılara qarşı XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı törətdi. Xocalı soyqırımı dünya tarixində yaddaşlardan silinməyən Xatın, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Sonrakı illərdə ermənilər hərbi təcavüzün miqyasını daha da genişləndirərək Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunun ərazisini işğal etmişdir. Münaqişə zamanı Ermənistandakı tarixi torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən qovulan 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, həmin dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20.000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100.000 nəfərdən çoxu yaralanmış, 50.000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4.853 nəfər itkin düşmüş, onlardan 1.357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülmüşdür. Təəssüf ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməməsi səbəbindən öz həllini tapa bilmir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələbi qoyulmuşdur. Buna baxmayaraq, Ermənistan hələ də BMT-nin bu tələblərini yerinə yetirməkdən imtina edir\”, – Prezidentin köməkçisi bildirib.

Ə.Həsənov vurğulayıb ki, münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyinin bərpasının zəruriliyi bəyan edilib: \”Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinin vacib olduğunu göstərmişdir. Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə tərəfdar olduğunu bildirmişdir. NATO-nun müxtəlif illərdə keçirilən sammitlərində qəbul olunmuş sənədlərində Azərbaycanın ərazi bütövlüyü prinsipi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ən ədalətli, obyektiv münasibət İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən göstərilmişdir. İƏT Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan və təcavüzə son qoyulmasını tələb edən ilk beynəlxalq təşkilatdır. BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, beynəlxalq hüquqa zidd olduğunu qeyd etsələr də, lakin bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti BMT-nin qətnamələrindəki tələbləri yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Ən yaxşı halda, BMT, ATƏT və Avropa Birliyi, o cümlədən sülhyaratma prosesinə cəlb olunmuş Minsk qrupunun həmsədrləri “iki ölkə arasında kompromis mövqelər axtarmaq” və “onların özlərinin ortaq nöqtələr tapması” yolu ilə gedərək, münaqişəni birtəhər aradan qaldırmağa çalışırlar ki, bu da faktiki olaraq status-kvo vəziyyətini neçə illərdir uzadır. Digər tərəfdən Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, eləcə də qrupun üzvü olan böyük dövlətlərin problemə münasibətdə yekdil mövqedən çıxış edə bilməmələri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səbəb olur. Bəzi beynəlxalq təşkilatlar hesab edir ki, münaqişəni “iki tərəf” həll etməlidir, onlarsa bu işdə “əldə olunacaq razılığın pozulmazlığına” təminat verməlidirlər. Nəzərə alınsa ki, Azərbaycan üçün münaqişənin həlli onun ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması hesab olunur, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi üçünsə Dağlıq Qarabağın Azərbaycandan qopardılması, o zaman bu münaqişənin həllində qarşılıqlı kompromislərin nədən ibarət olacağını hələ ki, heç bir ekspert müəyyən edə bilmir. Ermənistanın rəsmi şəxsləri dünya birliyinin bu münaqişəyə \”ikili standartlar\” prinsipindən yanaşmasını, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz öhdəliklərini və qəbul etdikləri qərarları həyata keçirmək üçün konkret addımlar atmaq iqtidarında olmadığını düşünərək, danışıqlar prosesini bilərəkdən ləngidir və mövcud status-kvonu davam etdirməyə çalışırlar\”.

\”Beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyildir. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyin etmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər. Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə etməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərin – dövlətlərin suveren bərabərliyi, zor tətbiq edilməməsi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək və s. – kobud şəkildə pozulması deməkdir. Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri başqa ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüquqi normalara uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu, ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirmişdir. Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası dünyamızda getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükə yaradacaq\”, – Prezidentin köməkçisi qeyd edib.

İnterpress.az