Spiker parlamentdə dollar kreditləri ilə xoş xəbər verdibackend

Spiker parlamentdə dollar kreditləri ilə xoş xəbər verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 16-da Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İclasın gündəliyində yalnız Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatının təqdimatı və müzakirəsi var idi.

İclasda Baş nazir Artur Rasi-zadə, maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, gənclər və idman naziri Azad Rəhimov, gömrük komitəsinin sədri Aydın Əliyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev, energetika naziri Pərviz Şahbazov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov və digərləri iştirak edirdi.

O.Əsədov Azərbaycan üçün sabitlik ili adlandırdığı 2017-ci ilin yekunları ilə bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, keçiriləcək müzakirələrin faydalı olacağını düşünür.

Parlament qarşısında çıxış edən Baş nazir Artur Rasi-zadə ölkənin prezident seçkiləri ərəfəsində olduğunu deyərək son 14 il ərzində iqtisadi inkişafdan bəhs etdi. Dedi ki, ötən dövrdə orta aylıq əmək haqqı 6,8 dəfə, banklardankı əmanətləri 30 dəfə artıb, həmçinin ölkədə 1 milyon 900 mindən çox yeni iş yeri açılıb. Orta ömür uzunluğu isə 72,4 ildən 75 ilə yüksəlib: “Sözsüz ki, ölkədə dayanıqlı ictimai-siyasi sabitlik, prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi ilə birbaşa əlaqədardır”.

Baş nazir Qarabağdan da danışdı: “Təəssüflə qeyd etməliyəm ki, ötən illər ərzində Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb. Bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır”.

Müzakirələr zamanı çıxış edən komitə sədri Arif Rəhimzadə Baş nazirin hesabatını müsbət qiymətləndirdi. Eyni zamanda o, Neftçalada torpaqların istismarı ilə bağlı işlərin uğurla həyata keçirilməsində hökumətin dəstəyinə ehtiyac olduğunu bildirdi.

Hökumətin iştirakı ilə keçirilən parlament müzakirələri zamanı çıxış edən deputat Əli Məsimli problemli kreditlərlə bağlı məsələyə növbəti dəfə diqqət çəkib. “Biz bundan əvvəl də hökumətə təklif vermişik. Bir tərəfin üzərinə ağırlıq düşməsin deyə, problemli kreditlərin ödənilməsi məsələsinin dörd hissəyə bölünməsini təklif edirik. Vəsaitin bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankı, bir hissəsini isə əhali öz üzərinə götürsün”.

Deputat il ərzində inflyasiyanın 6 faizdən yüksəyə qalxmasına imkan verməmək istiqamətində addımlar atmağa da çağırıb. Maaşların artırılması ilə bağlı prezidentin sərəncamlarını yüksək qiymətləndirən Ə.Məsimli süni qiymət artımlarına, həmçinin tələbələrin təhsil haqqının artırılması və s. kimi addımlara gedilməməsi üçün nəzarəti gücləndirməyə çağırdı.

Deputat Hikmət Babaoğlu isə ölkədə ərzaq təhlükəsizliyi siyasətinin uğurla həyata keçirilməsindən bəhs edib. Eyni zamanda su ehtiyatlarının yaradılması zərurətindən danışdı.

“Bəzi nazirliklərdə təmirə 10 milyon xərclənir. 10 milyon manata 3 kənd salmaq mümkündür”.

Bunu isə deputat Fazil Mustafa söylədi. Bildirdi ki, bu vəsaiti qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunmasına yönəltmək olar: “Bəzi qaçqınlar hətta hərbçilərə məxsus evlərdə yaşayır. Biz müharibə şəraitində yaşayan xalqıq, bu, necə ola bilər? Bu kateqoriyanın mənzil problemini birdəfəlik həll etmək lazımdır”.

Deputat müəllimlərin maaşının artırılması istiqamətində addımlar atmağa çağırdı. Bildirdi ki, aşağı maaşla müəllimdən yüksək nəticə gözləmək düzgün deyil.

F.Mustafa ölkədə südün qiymətinin yüksək olmasına da diqqət çəkdi: “Bəzi ölkələrdə südlə benzini qiyməti eynidir. Bizdə benzin 90 qəpikdir, südün qiyməti 1 manat 20 qəpik. Məsələn, Türkiyədə boy artımı ilə bağlı uşaqların gündəlik süd içməsinə xüsusi diqqət yetirilir. Bizdə də bu məsələyə diqqət artırılmalıdır, ancaq südün qiymətinin yüksək olmasını da unutmamalıyıq”.

Deputat Zahid Oruc Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı söz alaraq fərqli bir məsələdən danışdı. O, xarici ölkələrdə aparılan anti-Azərbaycan kampaniyalarına diqqət çəkib və hər kəsi ortaya mövqe qoymağa çağırdı: “Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan və yönləndirilən şəxslər təkcə Azərbaycan dövlətinə qarşı deyil, ölkənin hər bir insanına qarşı çıxmış olurlar. Dövlətin müqəddəsliyinə xələl gətirmək olmaz. Xaricdə olan bəzi şəxslər Azərbaycanın ümumi ictimai-siyasi məkanını təhqir notlarına bürüyürlər. Onlar təhqiri siyasi həyatın elementinə çevirirlər. Bu baxımdan, Azərbaycanın hər bir insanından, xüsusi ilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm”.

Deputat Musa Qasımlı: “Biz mütləq yerli və yüngül sənayeni inkişaf etdirməliyik.Son vaxtlar cənab prezidentin xalçaçılıqla bağlı tədbirləri ən əhəmiyyətli sahələrdən biri hesab edirəm”.

O, eyni zamanda maliyyə nəzarətinin olması üçün müvafiq qurumların addımlar atmasını zəruri saydı: “Maliyyə Nazirliyi müvafiq qurumlarla birgə mühasibatlıq hesabatını aparmalıdır ki, bizdə ölkədən hər il nə qədər xaricə, sanatoriyalara gedirlər, nə qədər pullar xərclənir? Təbii ki, azadlıqdır, hər kəs gedə bilər. Ancaq hökumətimiz addımlar atmalıdır ki, bizim vəsaitlərimiz getməsin, əksinə, ölkəmizə əlavə vəsaitlər gəlsin”. Ölkədə sovetlər dövründə olduğu kimi, tarlaqoruyucu meşələrin salınmasını təklif edən M.Qasımlı ardınca Yardımlıya son illər göstərilən diqqəti xüsusi qeyd edərək ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Eyni zamanda Yardımlı – Hamarkənd yolu ilə bağlı səlahiyyətli şəxslərə çağırış etdi.

“Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hazırda eşitdiyimə görə, yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur. Yəni 1500 manat”.

Bunu isə deputat Elmira Axundova söylədi. Xanım deputat qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” küçəsində və onun ətrafında yerləşən binalar haqqında da danışdı: “Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hazırda eşitdiyimə görə yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur, yəni 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə dövlət hesabına tikilən belə evlərin 1 kvadratmetri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadratmetrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadratmetrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı”.

Deputat Çingiz Qənizadə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı hesabatda əksini tapan məqamlar haqda fikirlərini bildirdi: “Ölkədəki iqtisadi uğurların arxasında ictimai-siyasi sabitlik durur və bu ictimai-siyasi sabitliyin əldə olunmasında da Azərbaycan Respublikasının daxili işlər, prokurorluq, ədliyyə orqanlarının mühüm rolu var”.

Deputat bu sahədə aparılan islahatlara toxundu, həmin qurumların işlərini qənaətbəxş saydı. Son illərdə rabitə və nəqliyyat sahəsindəki işləri müsbət dəyərləndirən Ç.Qənizadə ölkə prezidentinin tapşırığı ilə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşlarının 76 faizinin tibbi müayinədən keçirilməsi, Birinci vitse-prezidentin birbaşa nəzarəti əsasında Talessimiya Mərkəzinin yaradılması nəticəsində artıq talessimiya xəstələrinin sayının beş dəfədən artıq azalması, ankoloji sahədə də tibbin yeni metodlarının uğurlu tətbiqi ilə bağlı danışdı. Bundan əlavə o, əmlak məsələləri ilə bağlı kütləvi çıxarışların verilməsi, “Avtoyol”un yol çəkilişində böyük uğurlar əldə etməsindən, Meloriasiya Komitəsi tərəfindən şoran torpaqların yuyulması, Kür-Araz çaylarına bəndlərin vurulması prosesinin davam etdirilməsi, suvarma sahələrinin daha da genişləndirilməsidən danışdı. “Azərişıq”ın fəaliyyətini müsbət dəyərləndirən deputat qeyd etdi ki, demək olar bu sahə ilə bağlı son illər heç bir şikayət daxil olmur. Həmçinin o, fövqəladə halların operativ şəkildə aradan qaldırılması ilə bağlı aparılan işlərin uğurla davam etdirilməsini vurğulayan Ç.Qənizadə son illər gömrük-keçid məntəqələrində yeni üsulların tətbiqi, büdcəyə vəsaitlərin daxil olması, bu sahədə monopoliyanın azalması ilə bağlı məsələlər toxundu. Standartlaşma və Metereologiyanın işindən razılığını bildirməklə yanaşı, deputat ölkədə müəyyən qüsurların olduğunu dedi və bu qurumun birbaşa nəzarətinin gücləndirilməsinin zəruriliyini qeyd etdi. Ç.Qənizadə yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinin vacibliyini vurğulayaraq, bu quruma uğurlar arzuladı.

Spiker parlamentdə dollar kreditləri ilə xoş xəbər verdi

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatını qənaətbəxş saydı. Daha sonra mətbuatı narahat edən məsələyə hökumətin diqqətini cəlb etməyə çalışdı: “Mən 2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmlə bağlıdır. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox önəmlidir. Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərinə əlavə dəyər vergisinin tətbiqinə başlanılmasından gedir. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir tətbiqinə başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Təxminən yarım milyon manat. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı durumda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır”. Ə.Amaşov deyib ki, həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda stratejidir: “Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir. Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır. Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə bunu işlək hala gətirmək lazımdır. Mən bir daha təklif edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Və bir daha hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”.

Ə.Amaşov seçicilərinin əsas problemindən də bəhs etdi: “Deputatı olduğum Saatlı rayonunda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Həqiqətən də həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq qeyd etməliyəm ki, suvarma işlərini daha da gücləndirməyə ehtiyac var. Bunun üçün hazırkı imkanlar zəifdir. Bu məqsədlə Kür çayından yeni su kanalı çəkilməlidir. Bir dəfə də bildirmişəm ki, söhbət cəmi 17-18 kilometr uzunluğunda olan kanalın çəkilişindən gedir. Düşünmürəm ki, bu iş ciddi vəsait aparacaq. Ancaq susuzluqdan kəndlilər gəlirlərindən məhrum olurlar. Buna görə də istərdim ki, Azərbaycan hökuməti 2018-ci ildə bu məsələyə də xüsusi həssaslıqla yanaşsın”.

“Problemli dollar kreditləri ilə bağlı məsələ diqqət mərkəzindədir”. Bunu isə spiker Oqtay Əsədov dedi. Spiker deputat Elman Nəsirovun bu mövzu ilə bağlı çıxışına da iradını bildirdi: “Deyirsiz ki, kreditləri dollarla veriblər. Bu, düzgün yanaşma deyil. \”Krediti dollarla götürüblər\” ifadəsi daha doğrudur. Bu məsələ də diqqət mərkəzindədir\”.

Bundan sonra hesabatın müzakirəsi yekunlaşdı. Spiker dedi ki, 30-dək deputat çıxış edib və sənədə münasibət bildirib. Bundan sonra təklifləri nəzərə alan sədr hesabatı səsverməyə çıxartdı və sənəd qəbul edildi. (musavat)

İnterpress.az