Nazirlik “ADO”ya senzura tətbiq etdi – AÇIQLAMAbackend

Nazirlik “ADO”ya senzura tətbiq etdi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADO-dan İnterpress.az-a verilən məlumata görə, teatr küçə tamaşaları keçirməkdə problemlərlə üzləşib.

Belə ki, teatr küçə tamaşaları keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, onların müraciətinə müasbət cavab verilməyib: “Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 4 aydan çoxdur ki, küçə tamaşaları etmək üçün Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciət edib. Nazir Əbülfəs Qarayevin və mer Hacıbala Abutalıbovun adına ünvanlanan rəsmi müraciətlərə bir neçə dəfə eyni qaydalı cavablar gəlib. Nazirlik deyib ki, bu işə meriya baxır, meriya isə deyir ki, bu məsələ nazirliyin səlahiyyətindədir. Lakin sonuncu müraciətdə meriya bildirdi ki, küçə performansına icazə verilməsi üçün nazirliyin rəyi olmalıdır”.

ADO-dan bildirilib ki, nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov və Teatr şöbəsinin sektor müdiri Naidə İsmayılzadə ADO`ya gəlib, “Hamam” və “Qadın Səsi” performanslarını izləyiblər. N.İsmayılzadə performansın birinə “hə”, birinə isə “yox” cavabı verildiyini bildirib: “Nazirliyin əmkdaşı şifahi olaraq bildirdi ki, “Qadın Səsi” performansını küçədə nümayiş etdirə bilərsiniz. Lakin “Hamam” performansına icazə vermirik. Çünki, aktrisa üstünə su tökəndən sonra paltar bədəninə yapışdı və alt paltarı göründü. Bu performans Bakı üçün deyil. Meriya bizə zəng vursun, şifahi cavabımızı deyək”.

Daha sonra ADO nazirlikdən rəsmi cavab tələb edib. N.İsmayılzadə bildirib ki, meriyaya yox, yalnız ADO`ya rəsmi cavab verə bilərlər: “Biz cavabda qeyd edəcəyik ki, “Qadın Səsi” performansının küçədə nümayiş olunmasına etiraz etmirik”.

ADO bununla razılaşsa da, nazirlik bir həftəyə yaxın məktubu gecikdirib. Daha sonra bildiriblər ki, məktub hazırdır, gəlib götürə bilərsiniz. Teatrdan bildirilib ki, nazirliyin göndərdiyi rəsmi məktubda isə mənzərə tamam başqa olub. Məktubda bu məsələnin nazirliyin səlahiyyətində olmadığı bildirilib.

Teatr nazirliyin ADO-ya qarşı münasibətini düşmənçilik adlandırıb: “Nazirlik tərəfindən ADO`ya qarşı düşməncəsinə münasibətlərə son qoymaq lazımdır. Bu birbaşa ölkənin imicinə və mədəniyyətin inkişafına zərbədir. Nazirlik və meriya ölkə mədəniyyətinin inkişafı üçün ADO`nun küçə performanslarına icazə verməlidir. 21-ci əsrdə, 2018-ci ildə mədəniyyət sahəsinə cavabdeh olan nazirlik əməkdaşlarının “aktrisanın alt paltarı göründü” bəhanəsi gətirməsi gülünc doğuran bir hadisədir. Belə olan halda mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı ya göstəriş verməli, yada vəzifəsindən istefa verməlidir. ADO`ya qarşı düşmən münasibəti sərgiləyən nazirlik əməkdaşları vəzifələrindən uzaqlaşdırlmalıdır. Bunlar artıq göstərir ki, müasir günümüzdə “avropaya inteqrasiya, multukulturalizm” ifadələri yalan və imitasiyadan başqa bir şey deyilmiş.

Teatrdan bütün baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət edəcəkləri bildirilib.

İnterpress.az