Rusiyada prezident seçkilərində kim qalib gələcək? – POLİTOLOQ RƏYİbackend

Rusiyada prezident seçkilərində kim qalib gələcək? – POLİTOLOQ RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Rusiya Federasiyasında prezident seçkilərinin baş tutacağı gözlənilir. Qanunvericiliyə əsasən yeni seçiləcək prezident 6 il müddətində bu vəzifədə olacaq.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı sorğuya görə, Rusiya vətəndaşlarının 69 faizi Vladimir Putinə səs vermək niyyətindədir.

Bəs, görəsən, seçkilərdə hansı namizədin qalib olacağı və hansı namizədin seçkilərdə qalib gələcəyi təqdirdə Dağlıq Qarabağın həlli istiqamətində Azərbaycanın xeyrinə siyasət yürüdücəyi gözlənilir?

Məsələ ilə əlaqədar İnterpress.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, heç bir namizəd Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək: “Hansısa namizədin prezident seçildiyi təqdirdə Dağlıq Qarabağın həlli istiqamətində Azərbaycanın xeyrinə addımlar atacağını gözləmirəm. Çünki, hər bir dövlətin və hər bir prezidentin öz xarici siyasəti var və o siyasətı yürütməlidir. Eyni zamanda, xarici siyasətdə dostluq, qardaşlıq əlaqələri əsas deyil. Hamı, ümumi maraqlarından çıxış edir”.

Politoloq həmçinin Rusiyada keçiriləcək prezident seçkilərinə ümumi münasibət bildirib. O qeyd edib ki, seçicilərin və namizədlərin sayından görünür ki, seçki çox gərgin şəraitdə keçiriləcək: “Eyni zamanda, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və digər bu kimi məsələlər var. Düşünürəm ki, seçkilərdə Rusiyanın hazırkı prezidenti Vladimir Putin qələbə çalacaq. Çünki, son reytinqlərə nəzərə yetirəndə görürük ki, V.Putin həm daxili, həm də xarici siyasətində çox dəqiq və güclü bir siyasət aparır. Bu, Rusiyada aparılan sorğularda da öz əksini göstərir. Düzdür, əvvəlcə reytinqi çox yüksək idi, indi biraz aşağı düşüb. Amma buna baxmayaraq, namizədlər arasında onun alternativi yoxdur”.

Rusiyada prezident seçkilərində kim qalib gələcək? - POLİTOLOQ RƏYİ A.Nağıyevin fikrincə, seçkilərdən sonra Qərbin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar artacaq: “Düşünürəm ki, Rusiya analoji siyasətini davam etdirərsə, Qərbin Rusiyaya qarşı hər hansı bir münasibəti dəyişməyəcək. Çünki, artıq Rusiya da başqa bir istiqamət axtarır. Ayrı-ayrı qərb dövlətləri Rusiya ilə münasibətlərini qoruyub saxlasa da, ümumi baxımdan heç bir dəyişiklik gözlənilmir. Ümumiyyətlə, əvvəllər Böyük Britaniya ilə Rusiya arasında müəyyən tendensiyalar var idisə, artıq Fransa, Almaniya və Amerika da bu dördlüyə qoşulub. Bu dördlük Rusiyaya qarşı sanksiyaların artırılması istiqamətində müəyyən addımlar atır. Ona görə də, Qərbin Rusiyaya qarşı heç bir siyasəti dəyişilməyəcək. Düşünürəm ki, hətta yeni və daha ağır sanksiyalar tətbiq olunacaq”.

Politoloq Elxan Şahinoğlu isə İnterpress.az-a açıqlamasında Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin dönəmində Rusiya Qarabağ münaqişəsinin həllinə xüsusi maraq göstərildiyini vurğulayıb: “O, prezidentliyi dövründə Azərbaycanla Ermənistan prezidentləri arasında 10 görüş təşkil etmişdi. Amma onda da alınmamışdı. Ona görə də, namizədlər arasında Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə addımlar atacaq namizəd görmürəm. Deyə bilərəm ki, ən təhlükəlisi Jirinovskidir. Ümumilikdə, Rusiyanın Qarabağ münaqişəsində öz maraqları var”.

Rusiyada prezident seçkilərində kim qalib gələcək? - POLİTOLOQ RƏYİ E.Şahinoğlu sabah Rusiyada keçiriləcək prezident seçkilərində Putinin alternativi olmadığını bildirib: “Seçkilərdən sürpriz gözləmirəm. Böyük ehtimalla, V.Putin yenidən Rusiyanın prezidenti seçiləcək. Çünki, namizədlər arasında elə güclü alternativi yoxdur. Amma nisbətən də olsa, Kommunist Partiyasından namizədliyi irəli sürülmüş Qrudinin seçki kompaniyasını uğurla apardığı müşahidə olundu. Amma digər namizədlərin isə 5 faizdən çox səs toplayacaqlarını güman etmirəm. Amma bunu da deyim ki, Rusiyada çox ciddi problemlər var. Çünki, Rusiyanın böyük dövlətlərlə münasibətləri gərginləşib. Bu da, Rusiya iqtisadiyyatında, sosial həyatında, eləcə də, xarici siyasətində çox ciddi problemlərə gətirib çıxarır. Ona görə də, Putin üçün növbəti prezidentlik erası çox çətin olacaq”.

Politoloq, həmçinin, Qərbin Rusiyaya qarşı münasibətinin seçkilərdən daha da pisləşəcəyini vurğulayıb: “Çünki, Böyük Britaniyanın xəfiyyəsinin öldürülməsi və məsuliyyətin Rusiyanın üzərinə atılması böyük bir qalmaqala çevrilib. Bundan sonra da, Rusiya ilə Qərbin münasibətləri gərginləşib. Amma Rusiyadabaşqa bir şəxs president seçilsəydi, bəlkə də, münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılardı. Amma hakimiyyətdə yenə də Putin qalacaq deyə, bu münasibətlərin normallaşması gözlənilmir. Hətta, xəfiyyə qalmaqalı böyüyəcək. Ortada Krımın işğalı var. Krımın işğalı isə münasibətlərin daha da gərginləşməsinə rəvac verdi”.

Qeyd edək ki, sabah keçiriləcək seçkidə Rusiyanın hazırkı prezidenti Vladimir Putinlə yanaşı digər 7 nəfər prezidentlik uğrunda mübarizə aparacaqlar. Bunlar hazırkı prezident Vladimir Putin, Dövlət Dumasının deputatı Sergey Baburin, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jironovski, \”Vətəndaş təşəbbüsü\” blokunun namizədi Kseniya Sobçak, Rusiya Federasiyası Kommunist Partiyasının təmsilçisi Pavel Qrudinin, \”Rusiya kommunistləri\” partiyasının Mərkəzi Komitəsinin sədri Maksim Suraykin, \”Rost\” partiyasının sədri Boris Titov, \”Yabloko\”nun lideri Qriqori Yavlinskidir.

Səid Qərib

İnterpress.az