Seçkilərdə iştirak etməyənlər cərimələnə bilər? – Hüquqşünasdan cavabbackend

Seçkilərdə iştirak etməyənlər cərimələnə bilər? – Hüquqşünasdan cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərdə cərimələrin tətbiq olunması arzuolunandırmı?

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına açıqlamasında bildirib ki, Azərbaycanda seçki vəzifə yox hüquq hesab edilir:

“Bəzi ölkələrdə qanunvericilik seçkini təkcə hüquq kimi yox, həm də vəzifə, məsuliyyət kimi göstərir. Məsələn, Yunanıstan, Türkiyə, Avstraliya kimi ölkələrin təcrübəsində bunu müşahidə edə bilərik. Burada seçki hüququ olan hər bir şəxs mütləq səsvermədə iştirak etməlidir. Əks halda, seçkilərdə iştirak etməməyə görə həmin şəxs cərimə oluna bilər.

Amma Azərbaycanda seçki bir hüquq kimi qəbul edilib. Dünyanın əksər ölkələrində də seçkiyə hüquq kimi baxılır. Yəni vətəndaş öz məsuliyyətini başa düşməlidir ki, seçkidə iştirak etmək birbaşa onun maraqlarına cavab verir. Eyni zamanda o imkan da saxlanılır ki, vətəndaş seçkidə iştirak etməyə də bilər. Bunun üçün hər hansı məsuliyyət nəzərdə tutulmur”.

Ə.Nuriyev qeyd edib ki, vətəndaş düşünərək, ölçüb-biçərək, öz iradəsinə söykənərək seçkidə iştirakla bağlı qərar verməlidir:

“Vətəndaşlar başa düşməlidir ki, prezident, parlament və ya bələdiyyə seçkilərində onun səsi gələcəkdə siyasətin müəyyənləşməsində həlledici rol oynaya bilər. Bir çoxları dövlətin ona verdiyi bu hüquqdan istifadə etmək istəmirsə, bu onun öz işi olmalıdır. Bu baxımdan Azərbaycan qanunvericiliyində də seçki hüquq kimi göstərilir və hər kəs müstəqil şəkildə seçkidə iştirak etmək barədə qərar qəbul edə bilir.

Həmçinin ölkəmizdə seçkilərdə nə qədər şəxs iştirak edəcəksə, o, legitim sayılır. Bunun nəticələri digərləri tərəfindən qəbul edilməlidir. Çünki burada hər hansı yetərsay məsələsi yoxdur. Bu da normal və dünyadan daha çox təsadüf edilən praktikadır. Seçkinin demokratikliyini təmin edən şərtlərdən biridir. Çünki hər kəs sərbəst, azad, müstəqil olaraq səsvermə hüququna malikdir. Hər şəxsin səsi də bir səs sayılır. Birinin səsi digərindən fərqlənmir və bərabərlik qorunur”.

Müsahibimiz deyib ki, seçkilərdə cərimələrin tətbiq olunmasına ehtiyac yoxdur:

“Səsvermə gizlidir və başqaları bu prosesə müdaxilə edə, göstəriş verə bilməz. Yəni Azərbaycanda seçkilərin prinsipləri demokratikliyin prinsipləri ilə oxşardır. İndiyə qədər hər kəs bu baxımdan özünü azad ifadə edə bilib. İnanıram ki, 11 aprel tarixində eyni qaydada vətəndaşlar səsvermədə iştirak edərək prezidentimizi seçəcəklər. Seçki hüququ sərbəst olmalıdır, ona görə də burada cərimələrin qoyulmasına ehtiyac yoxdur. Azərbaycan Konstitusiyası buna imkan verməz. Çünki seçki vəzifə və ya borc deyil”.

İnterpress.az