Profillərində şəkillərimi paylaşanlara xüsusi minnətdarlığımı bildirirəm – Hafiz Hacıyevbackend

Profillərində şəkillərimi paylaşanlara xüsusi minnətdarlığımı bildirirəm – Hafiz Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Partiyasından (MMP) prezidentliyə namizədliyi irəli sürülmüş Hafiz Hacıyev seçki debatları başlayandan özünə olan rəğbətin artmasından danışıb. O, həmçinin, radikal müxalifət nümayəndələrinin bundan narahat olduqlarını bildirib.

Bu barədə İnterpress.az-a açıqlama verən H.Hacıyev bütün seçicilərinə təşəkkürünü bildirib: “Mən bütün seçicilərimə minnətdaram. Xüsusən, mənə rəğbət bəsləyən insanlara xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Mənim reytinqimin bu qədər yüksək qalxmasına səbəb isə, mənim həmişə xalqımın və dövlətimin yanımda olmağımdır. Dövlətçiliyimizi necə lazımdırsa, qorumuşam. Bunu da bütün Azərbaycan xalqı görür. Məhz buna görə də, məni çox istəyirlər”.

H.Hacıyev gənclərin sosial şəbəkədəki səhifələrini onun şəkilləri ilə bəzəməsinə də münasibət bildirib: “Sosial şəbəkələrdə seçicilərimizin mənim və İlham Əliyevin fotolarını profil şəkili etmələri bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanıb. Həmin qısqanc qüvvələr həm mənə, həm də əziz qardaşıma qarşı kampaniyalar aparırlar. Mən buradan bizim fotolarımızı profil şəkili edən bütün gənclərə minnətdarlığımı bildirirəm. Mən hakimiyyətim dövrümdə gənclərə çox böyük önəm verəcəm. Ona görə də, gənclərlə birlikdə işləyəcəm. Sovet təfəkkürlü insanlarla deyil. Gənclər də mənim platformamı bilirlər və sosial şəbəkələrdə mənə belə dəstək verirlər. Buna görə, onlara çox minnətdarlığımı bildirirəm”.

Partiya sədri xarici dövlətlərdə yaşayan bir qrup azərbaycanlının onun haqqında sərt fikirlər səsləndirmələri haqqında danışarkən bildirib ki, onlar vaxtilə Azərbaycan hakimiyyətindən qovulmuş qüvvələrdir: “Bu gün özünü müxalifət adlandıraraq Vətənə və dövlətə xəyanət edənlərə bildirmək lazımdır ki, onlar düşünmürdülər ki, Azərbaycanda bizim kimi bir sağlam müxalifət mühiti yetişir. Əlbəttə, mən onları heç vaxt saymamışam, sayası da deyiləm. Düşünürəm ki, radikal müxalifət nümayəndələri mənim ünvanıma yalnız özlərinə xas olan, özlərinə layiq fikirlər səsləndirirlər. Həqiqətə uyğun olmayan ittihamlar irəli sürürlər. Yalandan mənim səslərimi montaj edib yayırlar. Təbii ki, Azərbaycan xalqı məni çox yaxından tanıyır və belələrinə heç kim inanmır. Onlar vaxtilə Azərbaycan hakimiyyətindən qovulmuş qüvvələrdir. İndi xaricdən maliyyələşərək ünvanımıza şər-böhtan xarakterli fikirlər səsləndirirlər. Mən bunların hamısını təbii qarşılayıram. Xalq onları da çox gözəl tanıyır, ona görə də, onların təşkil etdikləri mitinqlərə heç kim gəlmir. Hamı bilməlidir ki, xalqın mənə qarşı rəğbəti artıb. Düşünürəm ki, bundan sonra da xalqın rəğbəti artmaqda davam edəcəkdir. Seçicilərim mənə səs verəcək və məni özlərinə prezident seçəcəklər. Mən də xalqımın prezidenti olacam”.

H.Hacıyev prezidentliyə digər namizəd olan Razi Nurullayevin Pakistandan atom bombasının Azərbaycana gətirilməsi bağlı fikrinə münasibət bildirib: “Bizə reallıq lazımdır. Biz xalqa nağıl danışa bilmərik. Pakistandan bura nə atom bombası gətirə bilərik, nə də nüvə silahı. İndi Razi bəy də bunu deyibsə, səhvə yol verib. Yenə də bağışlamaq olar”.

H.Hacıyev Azərbaycanın prezidenti seçiləcəyi təqdirdə ilk görəcəyi işdən danışıb: “Prezident postuna təyin olunduğum ilk gündən başlayacağım ilk iş o olacaq ki, Qərbin Azərbaycana qarşı təzyiqlərinin qarşısının alınması üçün siyasi məhbusları əfv edəcəm. Və onları başa salacam ki, bu, belə deyil, elədir. İkinci ən böyük işim o olacaq ki, aztəminatlı ailələrin bütün kommunal xərclərdən tam azad olunmaları üçün fərman verəcəm. Xarici ölkələrdə təbii ki, Azərbaycanın çoxlu ləyaqətli övladları yaşayır. Mən prezidentliyim dövründə onların Azərbaycana qayıtmaları üçün şərait yaradacam”.

Səid Qərib

İnterpress.az