“Biz onlar arasında kreslo uğrunda aparılan mübarizələri görürük” – MÜSAHİBƏbackend

“Biz onlar arasında kreslo uğrunda aparılan mübarizələri görürük” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri, Azərbaycanın xaricdəki diaspor təşkilatları və regionda baş verən proseslər haqqında İnterpress.az-a geniş müsahibə verib.

– Zaur bəy, 11 aprel növbədənkənar prezident seçkiləri ilə bağlı gözləntiləriniz nədir? Ölkədə seçki ab-havasını necə dəyərləndirirsiniz?

– Seçkilər ilə bağlı ümumi qənaətim ondan ibarətdir ki, ölkədə namizədlər arasında seçki təşviqatı uğurla gedir. Kimin qalib gələcəyi haqda şübhələr, deyərdim ki, yoxdur. Çünki, Azərbaycan xalqı Cənab İlham Əliyevi dəstəkləyir. Bunun üçün də bir neçə amil var. Bunlardan biri də, siyasi sabitlikdir.
Başa düşmək lazımdır kı, Azərbaycan coğrafi olaraq çox kövrək bir regionda yerləşir. ABŞ-Rusiya arasında gedən qarşıdurmanın dayanmadan artan istiqamətdə inkişafını müşahidə edirik. Son hadisələr göstərdi ki, Suriya və ümumilikdə, Şərqdən sonra növbə məhz Cənubu Qafqazda ola bilər. Regiona bütün tarixboyu sahib çıxmaq istəyən beynəlxalq aktorlarla balanslaşdırılmış siyasət aparan Azərbaycan dəfələrlə bu siyasətin ölkəmiz üçün daha optimal olmasını göstərmiş olub.
Bakı son illər mədəni, siyasi, idman sahələrində keçirilən beynəlxalq və regional tədbirlərin mərkəzinə çevrilib. Bu siyasəti davam etdirmək lazımdır.

"Biz onlar arasında kreslo uğrunda aparılan mübarizələri görürük" - MÜSAHİBƏ– Fikir verirsinizsə, seçki günü yaxınlaşdıqca sapı özümüzdən olan baltalar tərəfindən xaricdə ölkəmizə qarşı kampaniyalar başlanıb. Həmin bu kampaniyalar vaxtilə dövlətimizi təmsil edən, hakimiyyətdə çalışanlar və digər sıravi azərbaycanlılar tərəfindən həyata keçirilir. Sizcə, bu, nədən irəli gəlir ki, həmin bir qrup şəxs dövlətimizi, xalqımızı təhqir edirlər?

– Biz, əgər, tarixə nəzər salsaq görərik ki, Azərbaycanın ən böyük problemlərindən biri hər zaman daxildə satqın şəxslərin müxtəlif ölkələrə xidmət etmələri olub. Son hadisələr bir daha göstərir ki, Avropada özünü vətənpərvər adlandıran bir qrup şəxs hansısa mərkəzlərə işləyərək Azərbaycana qarşı böyük zərbələr vurmağa çalışır. Onların çıxışlarına diqqət etsək, görərik ki, onlar eyni mərkəzdən idarə olunur. Həmin qruplar ayrı-ayrı ölkələrdə yaşamalarına baxmayaraq, koordinasiyalaşmış şəkildə eyni çıxışlar edirlər. Müxalifətin olması, müxalif qrupların hakim elitanı, onun apardığı siyasəti tənqid etməsi normal haldır. Ancaq, bütün hallarda tənqid təhqirə keçməməlidir. Azərbaycan qarşısında xarici çağırışlar var. Daxildəki “agent”lərə qarşı xüsusi diqqətli olmaq lazımdır.

– Bəs, bunlarla mübarizə necə aparılmalıdır? Ümumiyyətlə, birinci şəxsi və onun ailəsini, birinci şəxsin köməkçisini, ölkəmizi, xalqımızı təhqir edən bu şəxsləri qanuni olaraq, hansı yolla cəzalandırmaq olar?

– Məncə, onlara ən yaxşı cavabı 11 aprel seçki günü veriləcək. Seçki qutularından çıxmış bülletenlər onlara veriləcək ən yaxşı cavab olacaq.

– Bəs, onların hüquqi müstəvidə Azərbaycana ekstradisiya olunması mümkündür, yoxsa, yox?

– Çox təəsüflər olsun ki, Avropada ekstradisiya məsələsi çətin bir məsələdir. İkili standartlar nəticəsində beynəlxalq hüququn pozulmasının dəfələrlə şahidi olmuşuq.

"Biz onlar arasında kreslo uğrunda aparılan mübarizələri görürük" - MÜSAHİBƏ– Zaur bəy, bir neçə gün bundan öncə, Rusiyada keçirilən preizdent seçkiləri ərəfəsində siz də Moskvadaydınız. Rusiya vətəndaşları olan azərbaycanlıların Rusiyadakı prezident seçkilərində iştirakını necə dəyərləndirirsiniz? Onlar seçkilərdə fəal iştirak etdiklərini Rusiya hakimiyyətinə göstərə bildilərmi?

– İlk öncə, onu deyim ki, Rusiyada keçirilən prezident seçkiləri Azərbaycan üçün çox əhəmiyyətli siyasi proses idi. Çünki, Rusiya Azərbaycanla qonşu olan dünyanın ən güclü dövlətlərindən biridir. Eyni zamanda, Azərbaycan-Rusiya münasibətləri Rusiyada hakimiyyətdə kimin olmasından da aslıdır. Rusiyada yaşan azərbaycanlılara gəlincə isə, onlar hələ seçkilərdən öncə V.Putini dəstəklədiklərini bəyan etmişdilər. Bununla bağlı, fəal şəkildə aksiya və digər tədbirlərin təşkilatçısı və iştirakçıları olmuşlar. Çox təəssüflər olsun ki, artıq bir neçə müddətdir ki, Rusiya Azərbaycanlıları Konqresi fəaliyyətini dayandırıb. Ümid edirəm ki, Rusiyada Azərbaycan diasporasında olan problemlər aradan qaldırılacaq. Eyni zamanda, çox təəssüflər olsun ki, biz Rusiyada yaşayan azərbaycanlılar arasında birlik müşahidə etmirik. Daha çox onların arasında münaqişələrin baş verdiyinin şahidiyik. Biz onlar arasında kreslo uğrunda aparılan mübarizələri görürük.

– Bəs, bunların qarşısının alınması üçün nə etmək lazımdır? Ümumiyyətlə, Rusiyadakı diasporlarımızın fəaliyyəti haqqında nə deyə bilərsiniz?

– Çox təəsüflər olsun ki, bəzi xaricdə yaşayan azərbaycanlılar milli mənafelərimizi deyil, öz şəxsi mənafelərini güdürlər. Misal üçün, bəzən görürsən ki, biri diaspor adı ilə bir təşkilat yaradır və Azərbaycanın adından istifadə edərək öz mənfəəti ilə məşqul olur. Hələ “ümüm” sözündən istifadə edərək 4- 5 nəfərdən ibarət olan qrupun guya Avropada və ya hər – hansı bir ölkədə azərbaycanlıların adından çıxış etmələrini demirəm. Bütün bunlar xaricdə yaşayan soydaşlarımızın diaspora təşkilatlarından uzaqlaşmalarına səbəb olur. Diaspora üzrə Dövlət Komitəsinin Rusiyada diaspora sahəsində baş verən hadisələrə daha ciddi yanaşması vacibdir. Rusiyadakı azərbaycanlılar böyük resursdurlar. Təsəvvür edin, 3 milyondan çox azərbaycanlı xaotik vəziyyətlə üz –üzədirlər. Bu qədər resursu Bakının maraqları üçün istifadə etmək lazımdır. Lakin, təəəsuflər olsun kı, vəziyyət ürəkaçan deyil. Konqresin bağlanması bizi keçmişdən dərs çıxartmağa sövq edir. Eyni zamanda MDB ölkələrində, ələlxüsus Rusiyada diaspora siyasətimiz həm də o ölkələrdəki siyasi sistemlərdən, rejimlərdən asılıdır. Diaspora təşkilatlarımız fəaliyyət göstərdikləri dövlətlərin nəzarəti altında fəaliyyətdədirlər. Bu da tez-tez təşkilatlar arasında süni münaqişələrin yaradılması ilə müşahidə olunur. Bütün bunlar da həmyerlilərimizin güclü diaspor təşkilatlarının olmasını istəməyən həmin ölkələrin qüvvələri ilə bağlıdır. Bunda həmin ölkələrin siyasi elitaları maraqlı deyil. Onlar istəyirlər ki, diaspor təşkilatları Azərbaycandan çox onların maraqlarına xidmət etsinlər.

– Gürcüstanda yaşayan azərbaycanlılarımıza qarşı Gürcüstan hakimiyyəti tərəfindən göstərilən təzyiqlər haqqında nə deyə bilərsiniz? Orada Azərbaycan kəndlərinin adı dəyişdirilir, azərbaycanlılar vəzifələrdən kənarlaşdırılır. Eyni zamanda, Azərbaycan dilində orta məktəbi bitirən şagirdlərin ali təhsil almasında problemlər yaradılır. Bununla yanaşı, azərbaycanlılar yaşayan kəndlər məcburi şəkildə gürcüləşdirilir, xaç işarələrini gətirib kəndlərdə sancırlar.

– Gürcüstanda azərbaycanlılara qarşı bu proseslər uzun müddət, lakin asta – asta həyata keçirilir ki, Bakıda böyük əks-səda doğurmasın. Azərbaycan toponimlərinin gürcü dilinə dəyişdirlməsi heç də yaxşı hal deyil. Çünki, tarix var. Çox da uzaq olmayan tarixi keçmiş var. Biz, əgər, tarixə baxsaq, görərik ki, Azərbaycanla Gürcüstan arasında heç bir zaman münaqişə olmayıb. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkənin xeyrinə strateji əhəmiyyət daşıyır. Azərbaycan məhz Gürcüstan vasitəsilə Avropaya əsas neft –qaz kəmərlərini nəql edə bilir. Ona görə də, Gürcüstan Azərbaycan üçün əhəmiyyətli ölkədir. Digər tərəfdən, 2008-ci ildə Cənubi Osetiya və Abxaziya hadisələrində Azərbaycanın tutduğu mövqe və onun Tiflisi dəstəkməsi əsl strateji dost olkənin göstərmiş olduğu bir davranış idi. Gürcüstan özü gördü ki, Azərbaycan ermənilərdən fərqli olaraq, ədalətli ölkədir. Onu da qeyd edim ki, Gürcüstanda kompakt halda yaşayan azərbaycanlılar, kompakt halda yaşayan ermənilərdən daha çoxdur. Azərbaycanın Gürcüstana qarşı ərazi iddiası yoxdur, ermənilərin isə var. Bütün bunlara baxmayaraq, ermənilərdən daha çox azərbaycanlıların təzyiqlə üzləşməsi bizdə böyük narahatçılığa səbəb olur. Biz bu gün Gürcsütan elitasında gürcü soyadlı şəxslər görsək də, onların bəziləri ermənilərdir. Ona görə də, oradakı azərbaycanlılara qarşı təzyiqlərin artmasında mən birbaşa erməni izini görürəm. Gürcü xalqı bugün çox böyük çağırışlar ilə üz –üzədir.

"Biz onlar arasında kreslo uğrunda aparılan mübarizələri görürük" - MÜSAHİBƏ– Zaur bəy, bir neçə gün bundan öncə, İran prezidenti Həsən Ruhaninin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana iki günlük səfər etmişdi. Həm də, bu, hər ölkə rəhbərlərinin yaxın keçmişdəki görüşlərinə nisbətən, böyük bir görüş idi. Siz bu görüşü necə dəyərləndirirsiniz? Sizcə, bu görüş nəyə işarədir?

– İran prezidentinin Azərbaycana səfəri olduqca vacib bir səfər idi. İran və Azərbaycan arasında münasibətlərin 90-ci illərdə hansı səviyyədə olması hamımıza yaxşı məlumdur. O vaxtlar məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uzaqgörən diplomatiyası nəticəsində münasibətlərdə müsbətə doğru \”tərpənmələr\” sezilirdi. Təbrizdə konsulluq açmaq üçün nə qədər mübarizə aparmağımız da yadımızdadır. Bu iki ölkənin geosiyasi maraqları heç vaxt üst – üstə düşməyəcək. Geosiyasət elə bir məsələdir ki, ya \”ağ\”dır, ya da \”qara\”dır. Lakin, rasional siyasət apararaq münasibətlərdən maksimum yararlanmaq hər zaman mümkündür. İran Qarabağ münaqişəsinin həll edilməsini istəmir. Bunu Tehrandan gözləyən də yoxdur. Münaqişənin həll edilməsini İran özü üçün böyük təhlükə kimi qəbul edir. İndiki halda Bakıya İrandan istədiklərini qoparmaq lazım idi. Bu da bizə müəssər oldu. Azərbaycan mümkün qədər çox Ermənistanı İran ilə ikitərəfli layihələrdən mərhum etməklə məşquldur. Siyasi maraqlardan başqa, burada bizim üçün iqtisadi maraqlar da var. Bu da bir strategiyadır. O ki, qaldı İrana. İranın izolyatsiyadan çıxması üçün Azərbaycan çox vacibdir. Qonşularından heç biri ilə \”isti\” münasibəti olmayan Tehran Bakının qədrini uzun illər bilməlidir. Məhz Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində biz ABŞ-ın və digər dövlətlərin istəklərinə baxmayaraq 2000 -ci illərin ortalarında ərazimizdən İrana qarşı istifadə edilməsinə icazə vermədik. İki ölkə arasında imzalanmış iqtisadi lahiyələr nəticəsində İran Qərb ölkələrinə və Rusiyaya birbaşa iqtisadi çıxış əldə edəcək. Beləliklə, bununda da Tehran öz mövqeyinə bir qədər kömək etmiş olacaq. Unutmayaq kı, İranda milyonlarla azərbaycanlı yaşayır. İran onlar üçün vətəndir, son hadisələr də göstərdi ki, bu ölkənin yerli əhalisi, onu qoruyan məhz azərbaycanlılardı. Bu da təəcüblu deyil. Çünki, bu dövləti X əsrdən 1924-cü ilə qədər türk sülalələri idarə etmişlər, bugün də onların kölgələri görünməkdədir.

– Bu səfər Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı problemlərin aradan qaldırılmasına müsbət təsir göstərə bilərmi?

– Etiraf edək ki, İran güclü dövlətlərdən biridir. Suriya hadisələri bir daha onu göstərdi ki, İran qonşu ölkələrdə baş verən bütün hadisələrə həssaslıqla yanaşır. Azərbaycan İranla münasibətdə çox rasional siyasət yürüdür. O ki, qaldı İran azərbaycanlılarına. İran sözü coğrafi addır. İranlılar dedikdə, biz həm farsları, həm də digər etnik qrupları nəzərdə tuturuq. Fars, yəni, Persiya İranın cənubunda bir coğrafi ərazi adıdır. Onun indiki İran ilə heç bir əlaqəsi yoxdur. Əslində, X əsrdən başlayaraq, çox böyük dövr ərzində İranı Azərbaycan türkləri idarə ediblər. Və İrandakı son iğtişaşlar da onu göstərdi ki, İran azərbaycanlıları əsas söz sahiblərindən biridir. Onlar istəmədən İranda heç bir siyasi dəyişikliklər ola bilməz. Farsların azərbaycanlılarla bağlı assimiliyasiya siyasətinə gəlincə isə, onlar özləri də bilir ki, azərbaycanlılar İranda böyük nüfuza malikdirlər. Buna görə də, türklərə qarşı qorxularını nümayiş etdirməyə başlayırlar. Bir maraqlı fakt da var. Fikir versəniz görərsiz ki, dünyanın əksər ölkələrində kompakt halda yaşayan etnik qruplarla ABŞ və bəzi Qərb dairələri fəal siyasət yürüdür, onların müxtariyyətindən, müstəqilliklərindən, onların hüquqların pozulmasından danışır. Amma, Cənubi Azərbaycanlılarla bağlı belə çıxışlara və planlara demək olar ki, rast gəlmirik. Səbəbini yəqin ki, başa düşürsüz. Ona görə də, rəsmi Bakı hansı siyasəti yürütdüyünün fərgindədir.

– Azərbaycanda prezidentliyə namizəd Razi Nurullayev debatlarda maraqlı çıxışlarla yadda qalıb. R.Nurullayev debatların birində prezident seçiləcəyi təqdirdə Pakistandan nüvə silahının Azərbaycana gətirəcəyini və evdə qalmış xanımların ailə qurması üçün dövlət tərəfindən fond yradacağını bildirib. Bunu necə qiymətləndirirsiniz?

– Seçki öncəsi namizədlər hər zaman bir neçə taktikadan istifadə edirlər. Piar xatirinə, cəmiyyəti özünə cəlb etmək üçün, tanınması üçün müxtəlif taktikalı çıxışlar edirlər. Amma R.Nurullayev, təbii ki, reallıqdan uzaq olan çıxışlar edir. Bəzən bu çıxışlar əhalinin diqqətini cəlb edir, bəzən isə əksinə olur. Rusiyada 1993-cü ildə seçkilərində Jirinovski “hər qadına bir kişi” formulundan istifadə etmişdi. Və bu formul çox uğurlu alınmışdı. Amma R.Nurullayevin evdə qalmış xanımların ərə getməsi barədə etdiyi çıxış qeyri-real məsələdir. Onun bu çıxışı əksəriyyət tərəfindən qeyri-ciddi qarşılanıb.

– Çox sağolun, Zaur bəy. Suallarımızı geniş şəkildə cavablandırdığınız üçün, zəhmət çəkib redaksiyamıza gəldiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.

– Buyurun, mən sizə təşəkkür edirəm.

Hazırladı:

Toğrul Allahverdili, Səid Qərib

İnterpress.az