“Forbes”ə düşən azərbaycanlı: “Ağ evə tez-tez gedib hesabat verirəm”backend

“Forbes”ə düşən azərbaycanlı: “Ağ evə tez-tez gedib hesabat verirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan əsilli aktivist, məşhur “Forbes” jurnalının siyahısına düşən ən gənc lider Siyavuş Derəxti ilə müsahibəni təqdim edir:

– Azərbaycana xoş gəlmisiniz!

– Vətənimə xoş gəlmişəm.

– Siz ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşünüzdən sonra Azərbaycanda, İranda məşhurlaşdınız. Doğrudur, mətbuatda bu barədə qısa informasiyalar getdi və hətta sizi “Obamanın dostu” adlandıranlar da oldu. Obama ilə görüşün təəssüratını bizimlə bölüşə bilərsinizmi?

– 8 il əvvəl İsveçdə bir işə başladım. Mənim İsveçdə ən yaxın dostumun anası İsraildən olan yəhudidir. Bizim 14-15 yaşımız olanda görürdüm ki, həmin oğlana hər yerdə problem yaradırlar, onu vururlar, sataşırlar. Deyirdilər ki, siz yəhudisiniz. Fikirləşdim ki, bu adam mənim dostum, qardaşımdır, gərək ona dəstək olam. Buna görə də Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (“Young people against Antisemitism and Xenophobia”) təşkilatını yaratdım. İsveçdəki gənclərə yəhudilərin Holokost soyqırımını tanıtmağa başladım. Çoxu deyir ki, Siyavuş Derəxti müsəlmandır, amma yəhudilərə dəstək verir. Avropada bəzi gənclərimiz deyirlər ki, belə bir soyqırım olmayıb. Mən isə istədim gənclər öz gözləri ilə görsünlər, kitabdan oxumasınlar. İndi Holokostu yavaş-yavaş İsveçdə tanımağa başlayıblar. İsveç dövləti 2011-2012-ci illərdəki xidmətlərimə görə məni təltifləndirməyə başladı. 2013-cü ildə İsveçdə “Raul Vallenberq” medalı aldım. Raul Vallenberq İkinci Dünya müharibəsində diplomat olub, yəhudiləri xilas edib və onları İsveçə gətirib.

“Forbes”ə düşən azərbaycanlı: "Ağ evə tez-tez gedib hesabat verirəm"Bu medalı qazanandan sonra bizim təşkilat haqqında xəbərlər çıxmağa başladı. Həmin xəbər də Obamaya çatıb. Obama da o zaman G8 zirvə görüşündən qayıdanda İsveçə gəlməli idi. Deyib, gedim İsveçə, kralınızı, rəsmilərinizi, bir də Siyavuş Derəxtini görüm.

Sonra Obama gəlib soruşdu ki, Siyavuş sənsən? Təəccübləndim ki, görəsən, Siyavuş olduğumu hardan bildi. Məlum oldu ki, Obama məni tanıyır. Dedi, bilirəm ki, sən isveçlisən, amma adından belə başa düşürəm ki, əslən iranlısan. Dedim, iranlı deyiləm, azərbaycanlıyam. Bunu ölkəmiz üçün müsbət hadisə hesab etmək olar, çünki ölkəmizin reklamı oldu.

Obama mənə dedi ki, 22 yaşlı bir gəncin belə işlər görməsindən məmnunam, sənə hər zaman dəstək verəcəyəm. Fikirləşdim ki, yəqin, boş söhbətdir, inandırıcı gəlmədi. Amma doğrudan da Obama mənə dəstək oldu. İndi hər üç aydan bir ABŞ-a gedib gördüyüm işlərlə bağlı Ağ Evə hesabat verirəm, çünki ABŞ mənə daim dəstək olur. Hesabatda Avropadakı yəhudilərlə və radikalizmlə bağlı görülən işlərdən bəhs edirəm. Avropada yəhudilərə qarşı münasibət çox pisdir. Gördüyüm işlərlə yəhudiləri çox dəstəkləmişəm. Bəziləri məni öz qanımla də vurmaq istəyir. Deyirlər ki, sən müsəlman ola-ola yəhudilərə dəstək verdiyinə görə bizimlə düşmənsən. Hətta məni öldürmək istəyənlər də var. Buna görə ABŞ İsveç dövlətinə mənim təhlükəsizliyimi qorumaq tapşırığı verib. Deyiblər ki, bu adam ölsə, sizin üçün ciddi problem yaranacaq. İsraillə ABŞ məni dəstəkləyir. Mən siyasətə qarışmıram. Demirəm ki, casusam, onlara işləyirəm, əsla yox! Bütün bunları Avropada yəhudilərə qarşı pis münasibəti gördüyümə görə edirəm. Təsəvvür edin ki, antisemitizmin ən geniş yayıldığı ölkələrdən biri də Fransadır. Bu səbəbdən hər il 8 min yəhudi İsrailə qaçır, çünki onları Fransada sıxışdırırlar.

– Həyatınıza qarşı təhdidlərin olduğunu dediniz. Avropada antisemitizmlə bağlı bu dərəcədə dəhşətli problemlər var?

– Hazırda İsveçdə xeyli miqrant var. İsveç miqrantların sayına görə dünyada Almaniyadan sonra ikinci yerdə dayanır. Çoxu savaşdan, diktaturadan qaçıb gəlir. 2015-ci ildə Avropada vəziyyət pis idi. Hər həftə 10 min miqrant gəlirdi. İsveç də balaca ölkə olduğuna görə getdikcə problem yaranmağa başlayırdı. Yenə miqrant gəlməyə davam etsəydi, onlara ev və ya iş tapmaq çox çətin olacaqdı.

“Forbes”ə düşən azərbaycanlı: "Ağ evə tez-tez gedib hesabat verirəm"İsveçə gələn gəncləri yığıb aparırdım Holokostu tanıtdırmağa. Müsəlman, yəhudi – fərq eləmir. Çünki bu, müsəlman-yəhudi problemi deyil, bəşəriyyətin problemidir. Mən müsəlmanam, ən əsası isə insanam. Bunu göstərmək istəyirdim. Müsəlman bir ölkədə yəhudini dəstəkləyib, nəsə yaxşı bir şey edəndə deyirlər ki, bax müsəlmana, nə yaxşı insandır. Amma indinin özündə problemlərin mənbəyi kimi bizi görürlər.

Suriyadan, İraqdan, İrandan gələn miqrantlar var ki, ixtisasca həkimdirlər, amma işləmirlər. Siyasi sistemdə bu sahədə problemlər var. Amma biz gərək miqrantlara dəstək verək. Onlar savaşdan çıxıb, yardım etmək lazımdır.

– Bəzi ekspertlər və hətta bir sıra təşkilatlar iddia edirlər ki, Avropadakı bu gedişatın sonu heç də yaxşı olmayacaq. Bir zamanlar Avropada radikalizm dalğasının sonu Hitlerlə nəticələndi. Bəs indi vəziyyətin qarşısının alınmayacağı təqdirdə biz Avropada yeni faşizm, nasizm dalğasını görə bilərikmi? Yəni “Yeni Hitler” dünyaya gələ bilərmi?

– İndi Avropada nasizmi çox müşahidə etmək olur. Amma inanmıram ki, Hitler səviyyəsində olsun. Avropada faşizm çox yüksək həddə çatıb. Təkcə Avropada yox, faşizm hər yerdə var. Çünki miqrantların sayı günü-gündən artır. Mən İsveçdə doğulmuşam, orda da faşizm olub. Amma əvvəllər İsveç insanı faşizmi bilmirdi. İndi isə İsveçdə üçüncü ən böyük partiya faşistlərə məxsusdur.

Təklif edirəm ki, faşizmin qarşısını almaq üçün mitinqlər keçirək, amma sizin bildiyiniz mitinqlərdən yox. İnsanları bir yerə toplayaq, kofe içsinlər, sakitcə söhbət etsinlər, müzakirə aparsınlar.

– Yəqin ki, Avropada həm Quzeydən, həm Güneydən gələn insanları görürsünüz. Bəzən belə iddialar səslənir ki, guya Avropada yaşayan güneylilərlə quzeylilər arasında ortaq məxrəc tapmaq asan olmur. Güneylilər daha çox İrana, quzeylilər isə tamam başqa istiqamətə meyil edirlər. Bu doğrudurmu?

– Hazırda diaspor ilə çox maraqlanıram, amma 3-4 il əvvəl bizim diaspora çox fikir vermirdim. Atam 6 il Dünya Azərbaycanlıları Konqresinin həmsədri olub. Ona görə də bizim evdə hara baxsan, Azərbaycanı görə bilərsən. Televiziya – Azərbaycan, musiqi – Azərbaycan, hər şey Azərbaycan. Biz evdə farsca danışanda atam əsəbləşirdi. Deyirdi ki, Azərbaycan dilində danışmaq lazımdır. Azərbaycan diasporu barədə də danışırdı. Deyirdi, 50 milyon azərbaycanlı var. Atam istəmirdi ki, mənə Azərbaycandan çox danışsın. O istəyirdi ki, ölkəmlə özüm maraqlanım. Sonra deməsinlər ki, Cavad bəyin oğludur, onu atası gətirib. Həmişə deyirdi ki, Siyavuş nə vaxt hazır olacaq, özü anlayacaq. Atam düz deyirmiş. Sonradan gördüm ki, özümü hazır hiss edirəm, yavaş-yavaş Azərbaycanla maraqlanmağa başlayıram. Bir il əvvəl Azərbaycana birinci dəfə gələndə dedim ki, evə gəlmişəm, bura mənim vətənimdir, qəlbimdir. İsveçdə doğulmağıma baxmayaraq, gördüm ki, vətənimi çox sevirəm. İsveçi də sevirəm, amma mənim vətənim Azərbaycandır. Hərdən kimsə vətənimi soruşanda ilk olaraq deyirəm ki, isveçliyəm. Deyirlər, isveçli deyilsən, saçların qaradır. Deyirəm, düzdür, azərbaycanlıyam.

Əslinə qalsa, bizim diasporumuz güclü deyil. Azərbaycanın nefti, gözəl təbiəti, mədəniyyəti var, amma reklamımız yoxdur. İndi Avropaya gedib haradan gəldiyini desən, tanımayacaqlar. Ya Avroviziyaya, ya da neftə görə tanıyanlar olur. Azərbaycanda neft çıxaran məşhur Nobel qardaşları isveçli olsa da, bizi bu ölkədə tanımırlar.

Bir-birimizə dəstək versək, lobbimiz güclənər. İndi 26 yaşım var və istəyirəm ki, bu işlərlə məşğul olum. Hər kəs Azərbaycanı tanısın. Bunun üçün reklam etmək lazımdır. Məsələn, mən “Forbes” jurnalına da çıxmışam. Bu da Azərbaycanın reklamıdır. Ola bilsin deyəcəklər isveçlidir, avropalıdır, amma ən əsası odur ki, sonda deyəcəklər, azərbaycanlıdır. Ölkəmizin tanınması bizim əlimizdədir.

– Bəs birlik məsələsini necə həll etmək olar?

– Atam bu işlərlə məşğul olur. Mənə deyirlər ki, Avropadan gələn olacaq, mütləq onunla maraqlan, nə lazımdır, kömək et. Amma bizimkilər Avropadan gələndə deyirlər ki, mütləq mənə xəbər elə. Zəng vurursan, heç telefonu da götürmürlər. Problem budur. Çoxu maddiyyatı düşünür.

Avropa mentalitetindən gəlsəm də, bura vətənimdir. Vətən eşqi ilə yanıram. İstəyirəm, burada gözəl işlər görüm ki, bizi dünya tanısın. Avropadan bura qonaqlar gətirirəm ki, Azərbaycanı görsünlər, dəstək versinlər. İnşallah, həmişə Azərbaycana dəstək olmağa çalışacam.

İran da, İsveç də, Azərbaycan da yazdı ki, bizim gəncimiz Obama ilə görüşdü. 8 ildir bu işlərlə məşğul oluram. Dünyanın hər yerində insanlar məni tanıyır, amma Azərbaycanda tanımırlar. İndi yavaş-yavaş bir neçə yerdə haqqımda yazılır. Fikirləşirəm ki, görəsən, niyə məni vətənimdə tanımırlar? Hiss edirəm ki, özüm də yavaş-yavaş millətçi olmuşam.

– Əslən Güneydənsiniz. İranda 30 milyon azərbaycanlı yaşayır…

– Bəzi məlumatlara görə, 40 milyon.

– Oradakı azərbaycanlıların həm dillə, həm təhsillə bağlı hüquqları açıq-aşkar tapdalanır. Bu proses 200 ildən çoxdur gedir. Bu insanların tapdalanan haqlarını necə bərpa etmək olar?

– İndi Avropada güneylilər çoxdur. Orada iranlılardan haradan gəldiyini soruşanda deyir, İrandan. Şəhərini soruşanda isə deyir, Təbriz, Ərdəbil və s. Onda bilirsən ki, azərbaycanlıdır. Bəziləri də haradan pul qazanırsa, deyir, vətənim oradır. Ən böyük problemlərdən biri də odur ki, bizim millətimizin çoxu pulu düşünür. Ona görə də istəyirəm, bu məsələdə atama dəstək verəm. Çünki o, doğrudan da vətənini çox sevir.

O, həmişə güneylilərlə quzeyliləri birləşdirməyin yollarını axtarır. Qurultaya gedirik, 100 nəfərdən yalnız 3-ü güneyli olur. Gərək bizdən 200-300 nəfər orada olsun.

Birləşməyin yolunu tapmaq lazımdır. Birinci yolu toplaşıb görüşlər keçirməkdir. İkinci yol da gənclərdən asılıdır. Mənim atamın artıq 67 yaşı var, yaşlanıb. Baxmayaraq ki, ağsaqqal adamdır, amma iş görməyə həvəsi, enerjisi var. Gərək bu işlərlə gənclər də məşğul olsun.

– Cavad bəy hələ təşkilatın sədri olduğu dövrdə çox böyük işlər görüb. Amma bir məsələ var ki, atanızla fərqli mühitdə böyümüsünüz. Siz onun yolunu davam etdirərkən yeni ideyalarla çıxış etməyi düşünürsünüzmü? Atanızın yolunu gedəcəksiniz, yoxsa yeniliklər edəcəksiniz?

– Əlbəttə, yeniliklər olacaq. Gərək Avropada, Amerikada, eləcə də burada yaşayan gənclər olaraq ideyalarımızı birləşdirək. Müxtəlif yollar var: həştəq açaq, Feysbukda və ya digər sosial şəbəkələrdə yazaq. Avropada belədir ki, nə etsələr, sosial mediada yazırlar, həştəq açırlar. Beləliklə, xeyli adam xəbər tutur. Bu gün çox adam jurnal oxumur. Əksəriyyət internetdə məlumat əldə edir. Dəfələrlə getdiyim tədbirlərin stendlərində görmüşəm ki, tədbirlə bağlı həştəq açırlar. Təbliğata ilk növbədə sosial mediadan başlamaq lazımdır.

– Dediniz ki, İsveçdə iranlı çoxdur, biri özünü azərbaycanlı sayır, digəri yox. Bir qisim güneyli deyir ki, İranda türklər hakimiyyətə gəlməlidir, bir qisim də deyir ki, Azərbaycanın şimalı ilə cənubu birləşməlidir. Necə düşünürsünüz, bəlkə, bu fikir ayrılığını aradan qaldırmaq üçün “İran” kəlməsinin özünü aradan qaldırmaq lazımdır? “İran” sözü azərbaycanlılara və ya bu ölkədə yaşayan digər millətlərə, bəlkə, daha çox təsir göstərir?

– Demokratiya bir yox, bir neçə fikirdən ibarətdir. Hərənin öz ideyası var. İnanmıram ki, İranda yaşayan 40 milyona yaxın azərbaycanlının hamısı birləşmək istəsin. Amma bilirəm ki, bunu çoxu istəyir. Qeyd etdiyiniz kimi, bəziləri Azərbaycan bayrağı altında birləşmək istəyir, bəziləri isə İran.

– İranın üzərində vəziyyət getdikcə qəlizləşir: İsrail bir tərəfdən, ABŞ bir tərəfdən. İranla ABŞ arasında müharibə baş verərsə, azərbaycanlıların taleyi necə olacaq? Azərbaycanlılar nəyinsə qurbanı olacaq, yoxsa müharibə azərbaycanlılara öz etiraz səslərini yüksəltmək üçün fürsət yaradacaq?

– Niyə də fürsət olmasın?! Bu gün dünyada problemlər çoxdur. İsraillə Kral Salmanın oğlunun yaxınlaşmasını görürük. O, İsrailə dəstək verir. Mən ilk dəfə görürəm ki, Misir və İordaniyadan sonra hansısa bir ərəb lider belə bir şey söyləsin. ABŞ Səudiyyə Ərəbistanı ilə birləşib İranı yıxmaq istəyir, amma İrandakı millətlər özləri ayağa qalxıb çevriliş etsələr, daha yaxşı olar.

– Dostlarınız Azərbaycanı tanıyırlarmı?

– Dünən dostum mənə zəng edib soruşur ki, hardasan? Azərbaycanın adını çəkəndə deyirlər, Azərbaycan nədir? Yaxın dostlarım belə bu sualı verəndə çox təəccüblənirəm. Deyirlər, Azərbaycan haqqında bizə məktəbdə heç nə deməyiblər. Amma Bakı deyən kimi başa düşürlər. Çünki Bakı brenddir. Ölkəmizdə Formula-1, Avroliqa oyunları, bundan əvvəl də Avroviziya beynəlxalq mahnı müsabiqəsi, Avropa, İslam oyunları kimi əhəmiyyətli yarışlar keçirilsə də, reklamımız hələ də azdır.

Mən bura gələndə hər dəfə özümlə xaricdən qonaqlar gətirirəm. İstəyirəm, ölkəmizi tanısınlar. Yeməklərimiz, təbiətimiz, dənizimiz, qış turizmimiz var. Əgər italyanlar bilsə ki, bizdə Şahdağ var, inanın, hamısı istirahətə bura gələr. İsveçlilər 5000 dollar verib, başqa ölkələrdə istirahət edirlər. Bilsələr ki, bizə gəlib 2000 dollar versə, ürəyi istəyən kimi dincələ bilər, dərhal Azərbaycana üz tutarlar. Çox heyf ki, ölkəmizdən xəbərsizdirlər.

– Bəzi xaricilər iddia edirlər ki, Azərbaycan adını tələffüz etmək onlar üçün çətindir. Siz dediniz ki, Azərbaycanı yox, Bakını daha çox tanıyırlar. Bəlkə, problem həqiqətən Azərbaycan adının çətin olmasındadır?

– Azərbaycan sözü çox gözlədir. Adın sonu “can”la bitir. Bu problem əslində ölkənin adı ilə bağlı deyil. Hərdən Azərbaycanın adını çəkəndə mənə deyirlər ki, o ölkə çox qorxuludur. Soruşuram ki, niyə qorxuludur? İnternetdə oxuduqlarını əsas gətirirlər. İnternetdə axtarış verəndə görürəm ABŞ saytları yazıblar ki, Azərbaycanda terror olub. Nə vaxt terror olub bizdə?! Terror Avropadadır. O ölkələrdən qorxmaq lazımdır, Azərbaycandan yox. Avropada vəziyyət dəhşətli dərəcədədir. Terror, oğurluq, cinayət baş alıb gedir. Burada saat 5-də şəhərdə rahat gəzirik. Amma Avropada soruşurlar ki, bu vaxtı niyə küçədəsən?

Ölkəmizi yaxşı tanıtmaq üçün böyük şirkətləri ölkəyə çağırmaq lazımdır. İndi əvvəlkinə baxanda ölkəmizə gələn turistlərin sayı çoxalıb. Bu yolla davam etsək, hər kəs birləşsə, yaxşı olacaq.

– Azərbaycan dilini sonradan öyrənmisiniz?

– Yox, uşaqlıqdan bilirəm. Evdə valideynlərim danışanda eşidirdim.

– Əslən Güneydənsiniz, amma nə Təbriz, nə Urmiya ləhcəsində danışırsınız. Bakı ləhcəsinə daha çox üstünlük verirsiniz.

– Elədir. Türk dilində də yaxşı danışıram.

– Bildiyim qədər, sizin Azərbaycandan qonaqlarınız çox olub. Hətta evinizə, az qala, mədəniyyət mərkəzi kimi baxırlar.

– (Gülür) Hə, bizim evimiz İsveçdə Azərbaycan Mədəniyyət Mərkəzi kimi bir şeydir. İsveçdə köhnə bankın binasını almışam, ikimərtəbəlidir. Həmin binanı biznes mərkəzinə çevirmək istəyirəm. Birinci mərtəbəsi Azərbaycana aid olacaq. Orada televiziya yaradacam. Saytını da hazırlatmışam. İstəyirəm ki, açılacaq televiziya həm Avropadan, həm Azərbaycandan bəhs etsin. Bir sözlə, beynəlxalq televiziya olsun. İstəyirəm, bu yolla da ölkəmizi tanıdım. Azərbaycan çox gözəl ölkədir, yeməkləri dadlıdır. Ərəblər buradan ət, meyvə alıb ölkələrinə aparırlar. Reklam bax budur. Turizm, biznes və s. – ölkəni hərtərəfli reklam etmək lazımdır.

– Dediniz ki, İsveçdə doğulub böyümüsünüz. Maraqlıdır ki, danışanda ”vallah”, “Quran haqqı” deyirsiniz. Bu daha çox Azərbaycanda yaşayanlara aid olan xüsusiyyətdir. Siz, həqiqətən, İsveçdə böyümüsünüz?

– (gülür) Uşaq olanda eşitdiyim sözlər yadımda qalıb. Azərbaycan dilini təmiz bilmirəm, amma bacardığım qədər danışmağa çalışıram. Bu dil məsələsi də bizim bir problemimizdir. Hərdən Rusiyaya gedəndə bakılıların rusca danışdığını görürəm. Deyirəm ki, sən axı niyə öz dilini belə tez unudursan? Ana dilində danış. Bəziləri dilimizi yaxşı bilmədiyinə görə danışmağa çəkindiyini söyləyir. Utanmaq lazım deyil. Bacardığın qədər öz dilində danış.

– Son olaraq, Cavad Derəxti DAK-ın rəhbəri olub və kifayət qədər məşhur siyasətçidir. Bəs Siyavuş Derəxti nə vaxtsa siyasətə atılmağı düşünürmü?

– Hələlik belə bir fikrim yoxdur. İndi biznes məsələləri ilə məşğulam. Amma nə olursa, olsun, millətimdən dəstəyimi çəkməyəcəm. Siyasət məsələsinə qəti şəkildə yox deyə bilmərəm. Bəlkə, gələcəkdə bu, baş tutdu.

İnterpress.az