“Son 14 ildə Azərbaycanın dövlət büdcəsi 14 dəfə böyüyüb”backend

“Son 14 ildə Azərbaycanın dövlət büdcəsi 14 dəfə böyüyüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibədə bildirib.

“İstehlak məhsullarının 11,8%-i ticarət müəssisələri, 55,5%-i fərdi sahibkarlar tərəfindən, 32,7%-i isə bazar və yarmarkalarda satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə artaraq 17,9 mlrd. manata bərabər olub, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilib. Ölkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyil ilbəil artıb. 2003-cü ildə ticarət şəbəkəsində satılan istehlak məhsullarının dəyərinin yalnız 30,8%-i qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3% təşkil edib”, – deyə o, qeyd edib.

T.Budaqovun sözlərinə görə, bazar iqtisadiyyatına keçid dövründə ölkə iqtisadiyyatında aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını və 90-cı illərin əvvəlində yüksək olan büdcə kəsirinin azalmasını təmin edib: “2017-ci ildə dövlət büdcəsinin gəlirləri 2003-cü ilə nisbətən 13,5 dəfə artaraq 16,5 mlrd. manat, xərcləri isə 14,2 dəfə artaraq 17,5 mlrd. manata çatıb. Bu dövr ərzində büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna% nisbəti beynəlxalq təcrübədə müəyyən edilmiş 3%-lik normaya qarşı orta hesabla 0,6% təşkil edib, 2004, 2006, 2011 və 2013-cü illərdə isə dövlət büdcəsi profisitlə icra edilib. Əhalinin iqtisadi və sosial təminatının daha da yaxşılaşdırılması və ölkə iqtisadiyyatının sürətli inkişafının davam etdirilməsi məsələləri büdcə siyasətinin əsas istiqamətləri olaraq qalır. Belə ki, 2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur”.

O, həmçinin qeyd edib ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması məqsədi ilə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimləməsinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətlərinin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib: “Bu, özünü müəssisə və təşkilatların, fərdi sahibkarların sayının artmasında büruzə verir. 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 118594 olub və bu, 2004-cü ilin yanvarın 1-i ilə müqayisədə 1,9 dəfə çoxdur. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5 dəfə artaraq 794 441 olub. Son bir ildə isə ölkədə yeni yaradılan 11934 hüquqi şəxs və 137131 fərdi sahibkar qeydiyyatdan keçib”.

İnterpress.az