Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Qərəz simvoluna çevrilən ATƏT-in təxribatı...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi.

Dərc edilib: 12 aprel 2018 [21:49]
Baxış sayı: 8613

Bunu ATƏT DTİHB-nin müşahidə missiyasının bu gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında səsləndirdiyi qərəzli fikirlərə etiraz edən siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu:

"Məqsədləri Azərbaycanı tənqid etmək idi. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət mövqe açıqladı və prosesi yüksək qiymətləndirdi. Lakin ATƏT DTİHB tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi".

B.Quliyev qeyd edib ki, əslində Büronun bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanmışdı:

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlayıb. Onların Azərbaycana qarşı tutduqları irad nə idi? Guya namizədlər arasında fərq qoyulub, hər kəsin namizədliyini irəli sürməsinə imkan verilməyib. Amma əslində onların guya təzyiqə məruz qaldıqlarını iddia etdikləri şəxslər özləri seçkiyə qatılmayıb, onlara qarşı heç bir təzyiq olmayıb. Buradan da aydın olurdu ki, onların bəyanatı sırf Azərbaycana qarşı qərəzlə dolu idi. Biz onlara sübut etdik ki, verdikləri bəyanat reallığı əks etdirmir, əvvəlcədən hazırlanan qərəzdir".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı hazırladıqları hesabatlar ədalətsiz və qeyri-obyektivdir:

“Bu, onların ucuz və köhnə taktikasıdır. Bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq edir və öz qaranlıq maraqlarını həyata keçirməyə çalışırlar. Ölkəmiz müstəqillik tarixində zaman-zaman bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. Hesab edirəm ki, bu cür hesabatlar ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz."

Vüqar Rəhimzadə vurğulayıb ki, ATƏT və AŞPA müşahidəçiləri Ermənistanda və digər ölkələrdə seçki pozuntularına göz yumur, heç bir münasibət bildirmir, Azərbaycana gəldikdə isə ədalətsizlik nümayiş etdirirlər:

"Onlar başa düşməlidirlər ki, Azərbaycan xalqı öz seçimini edib. Onlar isə bu seçimə qarşı çıxmağa çalışırlar. Bu isə qəbuledilməz və yolverilməzdir". Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, müşahidə missiyasının vəzifəsi, adından göründüyü kimi, müşahidə aparmaq və obyektiv qiymət verməkdən ibarətdir:

“Ancaq təəssüf ki, biz bəlkə də seçkidən əvvəl hazırlanmış mətni media qarşısında oxuyaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır. Mətbuat konfransında Azərbaycan mətbuatının suallarının heç bir sualına cavab verilmədi. Səsləndirilən tənqidi fikirlərin arqumentləri də açıqlanmadı. Ona görə də bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi. Bu tədbirlərdə səsləndirilən hər bir fikir ayrı-ayrı faktlarla diqqətə çatdırılmalıdır. Bunun yerinə biz mövcud reallıqla həmin müşahidə missiyalarının manipulyasiya cəhdlərinin şahidi olduq”.

Prezidetliyə namizədlərin qələbə qazanmış namizədi təbrik etdiyi bir vaxtda, Azərbaycan xalqının bayram etdiyi bir vaxtda, ATƏT və AŞPA kimi qurumlar ölkəmizə yeni təzyiq rıçaqları yaratmaq üçün yalan, qərəz, ikili standartlar kimi köhnə vərdişlərinə əl atdılar. Lakin Azərbaycan cəmiyyətinin etirazı ilə qarşılaşdılar. Jurnalistlər, Millət vəkilləri, siyasətçilər, bir sözlə hamı onlara etiraz etdi və susdurdu. Amma rahat olmaq üçün hələ tezdir. ATƏT DTİHB-nin müşahidə missiyasının yekun hesabatı iki ay ərzində açıqlanacaq. Əminliklə söyləmək olar ki, bu hesabat daha da qərəzli və başdan ayağa yalanla, iftiralarla dolu olacaq.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 223