“ATƏT hansısa siyasi dairələrin maraqlarına xidmət edir” – Millət vəkilibackend

“ATƏT hansısa siyasi dairələrin maraqlarına xidmət edir” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bildiyiniz kimi, aprelin 11-də Azərbaycanda şəffaf, demokratik şəkildə prezident seçkiləri keçirildi. Və seçkilərin nəticəsi də də bu oldu ki, Azərbaycan xalqı İlham Əliyevi özlərinə layiqli rəhbər qərar verdilər. Bununla da, İlham Əliyev 86,03 faiz səs toplayaraq bu seçkilərdə də qələbə qazandı. Bu, o deməkdir ki, İlham Əliyev 15 il ərzində yürütdüyü daxili və xarici siaysəti ilə xalqın rəğbətini qazana bilib. Eyni zamanda, seçkiləri dünyanın 59 ölkəsindən və 61 təşkilatdan 894 beynəlxalq müşahidəçi izlədi. Amma seçkilər barədə təkcə ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının ikili standartlara uyğun olan mövqeyini ortaya qoyması bunun bir sifariş olduğuna bariz nümunədir\”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ATƏT DTİHB-nin tərtib etdiyi seçki hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, sözügedən qurumların seçkilərin nəticələri barədə təqdim etdiyi ilkin rəyi onların Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsindən irəli gəlir: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinin elə Göyçayda, Ağdaşda müşahidələr aparan zaman seçki məntəqələri haqqında müsbət mövqedə olduqlarına mən özüm şahidlik etmişəm. Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvü olaraq bu prosesdə iştirak etmişəm və onların seçkiyə hazırlıq prosesinə verdiyi yüksək qiymətin şahidiyəm. Eyni zamanda, aprelin 11-də Qaradağ rayonunda müşahidəçi kimi seçkilərdə iştirak edirdim və yenə də ATƏT-in təmsilçilərinin seçki məntəqələrində əhalinin çox fəal şəkildə səs verdiklərini söyləmələrinə şahidlik etdim. Amma buna baxmayaraq, ilkin yekun hesabat hazırlayarkən ATƏT-dən, AŞPA-dan gəlmiş müşahidəçilər birlikdə seçkilərin nəticələrinə münasibət bildirərkən qeyri-obyektiv mövqe ortaya qoydular\”.

E.Nəsirov bildirib ki, həmin müşahidəçilər Azərbaycanda təxminən 1300 seçki məntəqəsində olublar: \”Amma onlar hesabatı qərəzli olaraq elə tərtib ediblər ki, seçki prosesini izləyən veb-kameralar, seçici fəallığı, müşahidəçilər üçün geniş imkanların yaradılması ilə bağlı məsələlər diqqətdən kənarda saxlanılıb. Onlar seçki prosesinin həyata keçirilməsində obyektiv mühiti tənqid edirlər. Hansı seçki prosesini tənqid edə bilərlər ki, bu qədər beynəlxalq müşahidəçi dəvət edilmişdi, 60 minə yaxın yerli müşahidəçi var idi. Sizin müşahidə aparmağınız üçün heç bir maneə yox idi, özünüz də etiraf edirsiniz ki, seçki məntəqələrində həddindən artıq insan axını var idi. Bu insanlar səsverməyə bayram əhval-ruhiyyəsi ilə gedirdilər. Onlar Azərbaycanda sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiklərini deyirdilər. Bu sabitliyi, inkişafı, tərəqqini də yaradan Prezident İlham Əliyevdir. Bu reallığı məgər görmürsünüzmü? Çox təəssüf ki, onlar özlərini görməzliyə vurdular, müsbət proseslərlə bağlı heç bir mövqe ortaya qoymadılar, ancaq seçki prosesi ilə bağlı həqiqəti təhrif edən yalanla dolu bir yanaşma ortaya qoyurlar. Bütün bunlar da təbii ki, Azərbaycan ictimaiyyətinin və media mənsublarının çox ciddi etirazına, qınağına səbəb oldu\”.

Millət vəkili sözügedən qurumun Azərbaycanda müşahidə etdiyi bütün seçki prosesləri haqqında mənfi rəy verdiyini vurğulayıb. Onun sözlərinə görə, ATƏT kimi nüfuzlu bir təşkilat hansısa siyasi dairələrin maraqlarına xidmət edir: \”ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 1995-ci ildən bəri təxminən on dəfə Azərbaycanda seçki prosesini müşahidə edib və bu müşahidələrin nəticəsində hələ bir dəfə də olsun müsbət rəyin şahidi olmamışıq. Ya Azərbaycana gələrkən özləri ilə əvvəlcədən hazırlanmış hesabatı gətiriblər, ya da ki seçkiləri müşahidə etməkdən imtina ediblər. Bu reallığın dəfələrlə şahidi olmuşuq. 1995-ci ildən bəri onlar Azərbaycana gəlirlər. Nə qədər qeyri-obyektiv olasan ki, Azərbaycandakı inkişafı, sabitliyi, təhlükəsizliyi, seçki prosesində olan dəyişiklikləri, irəliyə atılan addımları görməyəsən. Bunları görməmək üçün insanın gözü gərək kor olsun. Məndə belə bir hiss yaranmışdı ki, yəqin bu dəfə onlar artıq bütün bunları görəcək və obyektiv rəy verəcəklər. Amma biz nəyin şahidi olduq? Sanki Azərbaycanda seçki prosesində heç bir müsbət hal yoxdur. Onlar belə bir yanaşma ilə çıxış etdilər. Bu, təbii ki, cəmiyyətimizdə narazılıq hissi doğurur. Ona görə ki, ATƏT kimi nüfuzlu təşkilat, görünür, daha böyük siyasi dairələrin əlində asılı vəziyyətdədir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna tapşırılır, sifariş verilir ki, o cür bir hesabat hazırlayın, onlar da bu addımı atırlar. Çox təəssüfləndirici bir haldır. İctimaiyyətin nümayəndələri ilə görüşlərimizdə onlar söyləyirlər ki, biz də ATƏT-dən başqa nəticələr də gözləmirdik. ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqedə dayandığını çoxdan göstərib. ATƏT-in siyasətinin nəticəsidir ki, bu münaqişə həllini hələ də tapa bilmir. Ünvansız bəyanatlar verməklə məşğuldurlar, Ermənistana heç bir təzyiq imkanları yoxdur. Belə bir təşkilatın hazırladığı hesabatı müsbət gözləmək olarmı? Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı öz qəti mövqeyini nümayiş etdirir və ölkəmizin media mənsubları da ATƏT-in qeyri-obyektiv mövqeyinə etirazlarını ifadə edirlər”.

İnterpress.az