TBMM-nə namizədliyini irəli sürən azərbaycanlı gənclə MÜSAHİBƏbackend

TBMM-nə namizədliyini irəli sürən azərbaycanlı gənclə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samir İsgəndər: \”Türkiyə Böyük Millət Məclisində türk dövlətlərindən olan ölkələrə bağlı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər\”

İyunun 24-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçkilərə namizədliyini irəli sürənlər arasında azərbaycanlı da var. Belə ki, TBMM-nə Ankaradan Ədalət və İnkişaf Partiyasından (AKP) Azərbaycan əsilli Samir İsgəndərin namizədliyini irəli sürüb. S.İsgəndər əslən Gədəbəy rayonundandır. 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbi bitirib. İxtisasca hüquqşünasdır. Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 – 2013-cü illərdə Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi-sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir.

İnterpress.az Türkiyədə parlament seçkilərində namizədliyini irəli sürən azərbaycanlı Samir İsgəndər ilə müsahibəni təqdim edir:

– Samir bəy, 24 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə hakim partiyadan millət vəkilliyi üçün namizədliyinizi irəli sürmüsünüz. Şansınızı necə dəyərləndirirsiniz?

– Bəli, AKP-dən millət vəkilliyinə namizədliyimi irəli sürdüm və qəbul olundu. Şansımın yüksək olduğu qənaətindəyəm. İnanıram ki, “Can Azərbaycan və Bir millət iki dövlət” sözü, sadəcə, sözdə yox, əməldə də öz təsdiqini tapacaq. Və mən də məclisdə Azərbaycanımızı da təmsil edəcəm.

– Növbədənkənar seçkiləri zəruri edən səbəb nədir? Türkiyənin təcili olaraq erkən seçimə getməsi nə ilə bağlı idi?

– Növbədənkənar seçkiləri biz əslində noyabr ayı üçün gözləyirdik. Son dönəmlərdə Türkiyəmizdə yaşananları hamımız yaxından izləyirik. Bu qərar dövlətin özünü yeniləməsi üçün çox vacib idi və artıq siyasi sistem çox yavaşlamışdı. Məhz ən başlıca səbəblərdən olan sistemin və dövlətin özünü yeniləyib yeni sistemə keçərək inkişafı üçün qaçınılmaz oldu.

– Sizdən başqa hakim partiyadan Azərbaycan əsilli namizəd varmi? Əslində, Türkiyə Böyük Millət Məclisində erməni əsilli şəxslər hər zaman təmsil oluna bilib. Azərbaycan əsilli şəxsin təmsil olunması da lobbiçilik baxımından çox faydalı olardı. Elə deyilmi?

– Bildiyimə görə, Azərbaycandan gəlib vətəndaşlıq aldıqdan sonra namizədliyini irəli sürən başqa kimsə yoxdur. Lakin Türkiyə vətəndaşı olan və Iğdırdan olan Azərbaycan əsilli bir neçə layiqli şəxslər vardır ki, onlar da AK Parti də daxil olmaqla digər partiyalardan da namizədliklərini irəli sürüblər. Məncə, Türkiyə Böyük Millət Məclisində Azərbaycan və digər türk dövlətlərindən olan ölkələrə bağlı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər.

– Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini yenə də Türkiyəyə etdi. İki qardaş ölkə arasında müştərək əlaqələrə dair vacib mesajlar verildi. Namizədliyinizin dəstəklənməsində bu amil də rol oynaya bilərmi?

– Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri sıx olan əməkdaşlıq əlaqələrinin daha da irəliləməsinə, daha da strateji əməkdaşlıq müqavilələrinin bağlanmasına səbəb oldu. Düşünürəm ki, bu səfərin hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq. Unudulan bir şey də var ki, bu gün AK partinin içində ülküçülər və millətçilər də yetərincədir, onlar aktiv çalışırlar. Ümid edirəm ki, onlar tərəfindən də dəstəklənə bilərəm.

– Samir bəy, ümid edirik ki, bu seçimlərdə qələbə qazana biləcəksiniz. Azərbaycandan necə bir dəstək gözləyirsiniz?

– Mənim qazanacağım qələbə həm də Azərbaycanımızın qələbəsi olacaq. Ona görə də bu məsələyə mənim şəxsi timsalımda deyil, daha geniş çərçivədən baxmaq lazımdır. Ən böyük dəstək isə dövlət böyüklərimizin və aydınlarımızın yanımızda olduqlarını hiss etdirmələridir.

– Müsahibəyə görə sizə təşəkkür edirik, Samir bəy. Fəaliyyətinizdə də uğurlar arzulayırıq.

– Çox sağolun, mən də sizə təşəkkür edirəm.

İnterpress.az

TBMM-nə namizədliyini irəli sürən azərbaycanlı gənclə MÜSAHİBƏ