“Elə olub, Sabirin bir pencəyini biz bütün qardaşlar geyinmişik” – Kitablarda “gizlənən” adamla müsahibə…backend

“Elə olub, Sabirin bir pencəyini biz bütün qardaşlar geyinmişik” – Kitablarda “gizlənən” adamla müsahibə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onu yola gətirmək asan olmadı. Gah dedi, maraqlı adam deyiləm, gah söylədi ki, özünü yaxşı hiss eləmir. Ya da bir neçə gün şəhərdə olmayacağını bildirdi. Hamısına inandım. Qaçmaq üçün müsahiblərin bütün bəhanələri tanışdır. Bir məsələ də var, onun faciəsi, xanımını ağır yol qəzasında itirməsindən sonra yazıları oxumuşdum. O bunu haradan biləydi? Nə biləydi ki, bu qaçışda bir az da qorxu var. Kimsə o hadisədən, bir qadının yerinə kiminsə qoyulub qoyulmayacağından sual verdi bəlkə. Düzdür, cavablandırmamaq haqqı da var müsahibin. Amma bir məsələ də var. Sualını eşitmək istəmədiyin cavabları olur insanın. O cavabdan danışmaq ağır gəlir. Birdən elə söz deyərəm, deyilməsi, kiminsə bilib, eşitməsi lazım deyil. Bəlkə kövrələrəm, kədərli danışaram adamlara yüklənərəm. Daha həssas tərəfim ortaya çıxar. Kimsə deyər, yazıq, ya da təəssüf edər nəyəsə görə. Yəni bu və ya digər formada mətbuatla yaxınlığı yanlışlığa yol açar deyə, hər kəs əvvəlcə qaçır. Lap elə mətbuat adamı olan biri də. Bircə bunu düşünmür ki, onu qovan da ən azı onun qədər israrlı və inad ola bilər. Beləcə, bu qovhaqovda, deyəsən, “yaxalayıb” saxlaya bildim onu. Alındı söhbətimiz,“Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu ilə…

-Otağınız qəribədir, dağınıq, qarışıq, amma kitab ətirli…

-Adətən deyirlər ətrafın necədirsə, daxilin elədir. Bir az səpələnib kitablar, doğrudur. Hərdən deyirəm, bəlkə özüm də beləyəm, dağınıq, səpələnmiş…

-Yəni durum qrışıqdır…

-Çalışıram səliqəyə salım. Hər halda, fikirləşirəm, insandan fərqli olaraq kitabın xüsusi səliqə ilə yığılmasına ehtiyac yoxdur. Kitab necə qoyulsa, səliqədir. Xüsusi dizayna ehtiyacı yoxdur.

-Özünüzün varmı?

-Var.


-Necədir?

-Pis deyil. Əsas olanı budur, işləyirəm, məşğulam. Ən yaxşı olansa, bilirsiniz, nədir? Bilirəm ki, gördüyüm işin adamlara faydası var. Bu ikiqat zövq verir.

-Yeri gəlmişkən, işiniz kitab nəşri, tərcümədir. İkisindən də ciddi narazılıqlar var…

-Ümidsiz deyil vəziyyət. Yaxşılığa doğru xeyli işlər görülür. Biz inkişaf etmək üçün yeni qaydalardan, yeni nəsil tərcüməçilərdən istifadə etməliyik. Bu istiqamətdə getdikcə görürsən, yaxşı nəticələr var və olacaq. İşlərin bəzisi mükəmməl tərcümə kimi görünməyə bilər. Bir mərhələdir, olmalıdır ki, üzərindən keçib gedə bilək. Əvvəlki illərə nisbətən indi mükəmməl tərcüməçilər və tərcümələr daha çoxdur. Elə tərcüməçilər var, onlarla on beş-iyirmi ildir işləyirik. Onun tərcüməsində iyirmi-otuz kitab nəşr edilib. Buna qeyri-peşəkar demək olmaz. Eyni zamanda o yaxşı tərcüməçi deyilsə, onu yaxşı da eləmək olmaz.

-İmtina eləmək olar axı…

-Birdən yox, mərhələ ilə.

-Necə seçirsiniz tərcüməçiləri?

-Bəzən özləri müraciət edir, amma illərdir işlədiyimiz insanlar da var.

-Maraqlı təsadüfləriniz varmı?

-Çoxdur. Bir dəfə alım dəyib bir-birinə, vergilər-filan tökülüb, ciddi yoxlama gedir. Bu dar macalda, gördüm, qapı yavaşca aralandı, içəri yaşlı, çəlimsiz bir kişi girdi. Yavaşca soruşdu ki, sizə nə kömək edə bilərəm? Sual qəribə gəldi. Dedim, nə bacararsınız? Gözləmədiyim cavab gəldi: Rus, fransız, ingilis dilini bilirəm, tərcümə bacarıram. Material verdik, tərcümə elədi, yaxşı alınmışdı. İndi ona qədər kitab çap etmişik həmin adamın tərcüməsində. Sonra bir nəfər gəldi bir gün, yenə orta yaşlı adam. Dedi, uzun illər şəkərlə mübarizə arapmışam. Həkim qalmayıb yanında olmayım. Bir gün rus dilində şəkərə aid kitabları oxumağa başladım. Oradakı qaydalarla əməl etdikcə çox rahatladım. O kitabı tərcümə eləmişəm, baxın, bəyənsəniz çap edin, adamlar faydalansın. İndi həmin tərcüməçi digər xəstəliklər üzrə də kitabları tərcümə edir. Artıq tərcüməçi kimi profili bəllidir. Belə bir maraqlı olayımız da var. Bir cütlük gəldi. Məlum oldu ki, xanım müəllimədir. Ucqar bir kəndə təyinat alıb. Həyat yoldaşı qalıb ki, necə eləsinlər? Qadını tək buraxmaq istəmir. Düşünüb ki, ingilis dilini bilir, bəlkə kitab tərcüməsi işinə baş vura. Xanım işləsin, o da təmiz havada tərcüməsi ilə məşğul olsun. Dedilər, sınamaq istəyirik. Biz də sınaq materialı verib yoxladıq. Gördük, gerçəkdən yaxşı tərcüməçiliyi var. İndi adam oturub kənddə, şəhərdən imtina edib. Xanımı işləyir, dərs deyir kənd məktəbində, o da tərcüməsini edir, maaşını da karta yatızdırırıq, heç Bakıya gəlməsinə ehtiyac qalmır. Əslində bundan belə başa düşməsinlər ki, tərcüməçilər təsadüfi yox, yəni dediyim odur ki, yaxşı təsadüflərimiz çoxdur. Ayda bir dəfə də tərcümələrlə bağlı elan veririk. Məqsəd təbii ki, yeni tərcüməçilər dəvət etməkdir. Onlara müəyyən tərcümə nümunəsi veririk. Tərcüməni edirlər. Biz nümunələr içərisindən ən yaxşılarını seçirik. Amma yenə də mənə elə gəlir tərcümələrlə bağlı çox düzgün olmayan fikir formalaşıb. Birmənalı deyirlər ki, tərcümələr pisdir.

-Nəyədir etirazınız? Dinləmədən ittiham etməyə?

-Pis dediyinin mütləq pis tərəfini göstəmək lazımdır. Bu şəxsən mənim maraq dairəmdə olan məsələdir. İstəyirəm anlayaq ki, irad nəyədir? İnsanlar nəyin dəyişib, düzəlməsini istəyər? Biz də oxucu tələbini nəzərə alaq. Sadəcə ittiham xatirinə, əsaslandılmamış söz demək olmaz.

Adamın üstünə təzək atırlar ki, bu pisdir, vəssalam

-Niyə? Gəlin oturub danışaq, söhbət edək. Qəribə ittihamlar var. Biri deyir Dostoyevskinin tərcüməsini türkcə oxuyanda daha yaxşı olur, nəinki Azərbaycan dilində. Niyə axı? Kim deyib ki, türkcə Dostoyevski daha mükəmməl tərcümə edib, biz yox. Deyibsə, əsasları hanı? O cür fikir formalaşdıran adamlardan xahiş edirəm, bir Azərbaycan dilində də oxumağı sınasınlar. Bəlkə bizim dildə oxumaq da türk dilində oxumaq qədər maraqlıdır.

Öz dilimizdə oxumaq vərdişi yoxdu adamlarda

-Bir balaca rus dili bilən, oxumaq istəyəndə rusca oxuyur. Türk dilini bilən gedir, türkcə oxuyur. Başqa dilləri bilən də gedib bildiyi dildə oxuyur. Niyəsə Azərbaycan dilində oxumağa maraq yoxdur.

-Öz dilimizdə oxumamaq, ya da oxumaq istəməmək nədən qaynaqlanır bəs? Qəribə məqama gəlib çıxdıq. Niyə bu qədər sayğısız və sevgisizik özümüzə? Ən pis tərcüməçi bizik, ən pis məmur bizimkilərdir, ən pis millət vəkili bizdədir. Adamlarımız bir birini son dərəcə aşağılayıb ələ salmağa meyllidir, sizcə, niyə? Özünütənqiddir, ya psixoloji durum göstəricisi?

– Dəqiq bilmək olmur. Sosioloji sorğuların keçirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin məsələlərə münasibətini öyrənməyə ehtiyac var. Elə təsəvvür edin, bir xəstə vicuddur, onu müainə etmədən durumunu bilmək olmaz. Araşdırmanın aparılması mütləqdir ki, problemin kökü bəlli olsun. Zədələri sağalda bilək. Bəlkə də bu narazılıq elementlərini nəyləsə, necəsə azaltmaq mümkündür. Son zamanların dəbdə olan bir ittiham var, “adamlar kitab oxumur”. Müşahidə eləmişəm, bunu daha çox jurnalistlər səsləndirirlər. Şikayətlənirlər ki, gənclər kitab oxumur.

İttiham elədikləri məsələdə nə qədər haqlıdırlar, bilmirəm. Bəlkə, ümumiyyətlə haqlı da deyillər. Kitabxanalardan kim daha çox istifadə etməlidir? Əlbəttə, jurnalistlər, yazıçılar. Amma əksinədir. İttihamlar əsassız olanda tədricən onlara cavab vermək də qeyri-ciddi olur. Deyirlər, kitab oxunmur, oxunur axı. İşin içindəyəm, görürəm ki, tədricən daha çox alınır və daha çox oxunur.

-Səbəb nə olub ki, böyük kitabxanalar geyim mağazası eləməkdən çəkinməmişik?

-Özümüzlə bağlıdır. Gürcüstanda bizdən itiqat artıq kitab nəşr edilir. Həm də on qat artıq tirajla. Orada otuz min tirajla çıxan kitab, bizdə iki min tirajla çap edilir. Orada kitabxanaların əlli faizi bu gün yüksək sürətlə işlək vəziyyətə gətirilibsə, bizdə bu göstərici 0,7%-dir. Bizim regionlarda ümumiyyətlə kitabxana yoxdur.

-Bu günlərdə bir təbrikinizə rast gəldim, tərcüməçi Sevil Gültən haqqında. Mənə elə gəldi ki, o təbrikdən daha çox təəssüfə və təsəlliyə bənzəyirdi…

– Əslinə qalsa insana nə qiymət verilməli, nə də kimsə tərəfindən qiymətləndirilməlidir. İnsan qiymətdən çox ucadır, böyükdür. İnsanı o həddə gətirmək olmaz ki, o özünə qiymət verilməsini gözləsin. İnsanı qiymət haqda fikirləşməyə vadar etmək olmaz. Hə, o başqa məsələdir ki, biz dəyərlər sistemini düzgün qura bilmirik, problemlər yaradırıq. Adamlar da gözləyir ki, ona nə zaman dəyər veriləcək, hansısa formada. Təəssüf ki, yaza bilməyənə yazı şəraiti yaradırlar, kitabı olmayan təqaüd verirlər.

İndi mübarizə yaşamaq uğrundadır, amma yaradcılıq uğrunda olmalıdır

-Yəni ədalətsizlikdirmi demək istəyirsiniz?

-On deyə bilmərəm, amma insanların normal yaşayıb, yaxşı düşünməsi üçün nəsə eləmək lazımdır.

-İnsanları özlərindən başqa kimisə təqdim etmək istəyi itir getdikcə. Bu nədir qorxu, ya daha çox özü qazanmaq istəyi?

– Ümumiyyətlə, hər şeyə bir adam sahib olmamalıdır. Başqasına yardım etsən, sənə də pay düşəcək. Yanında daha çox ehtiyacı biri varsa, özündən qabağa mütləq onu sal. İnsan bağışlamağı, paylaşmağı bacarmalıdır. Bu həm mədəniyyətin tərkib hissəsidir, həm də mənəviyyatı qidalandırır. Nəyəsə sahiblənmək eşqi az olsa, daha yaxşıdır. Onda adam daha rahat olur. Çox mənim olsun deyəndə, sonra istəyinin və qazandıqlarının əsirinə çevrilirsən.

Nə qədər sərvətin varsa o qədər əsirsən.

-İş masanızın arxasındakı kitab şkafında göz gəzdirirəm. Qəribə bir şey çəkdi diqqətimi, mərhum Elmarın, başqa bir dostumuzun, Natiqin, İlhamın şəkilləri var başınızın üstündə. Dostluq bu qədərmi ucadır nəzərinizdə? Daha nələrə sadiq, sədaqətlisiniz?

-Natiq Səfərov çox yaxın dostum idi. Ümümiyyətlə, indi cəmi iki yaxın dostum var. Biri İlham Səfərovdir, biri Niyazı Mehti. Mən mütləq həftədə bir dəfə onları görməliyəm. Əslində düzünə qalsa o qədər geniş çevrəm yoxdur. Yaş ötdükcə, çevrən daralır. İstəmirsən yemək, əyləncə kimi işlərə çox vaxt sərf edəsən. Bunlar artıq cəlb eləmir. Mənim indi başqa əyləncələrim var. Gəzib, görmək kimi məsələn. Təbiəti sevirəm, tarixi yerləri gəzirəm. Əyləncəm budur indi. Toylarda zaman keçirmək istəmirəm. Natiq təkcə əziz dost deyildi, əziz insan idi həm də. Faciəli son yaşadı, yandı. Natiqin ardıyca Elmar. İtirsəm də başımın üstündə olsun rəsmi dedim o üzdən. İlhamın şəkilini də onlarla yanaşı zarafat üçün qoymuşam. İstəyirəm görsün ki, mənim üçün kimdir. Yəni başımın üstündə dura biləcək adamlardandır.

-İtkiləri necə xatırlayırsınız? İtki nədir əslində?

– Bir də görürsən ki, elə şeylər baş verir, düşünürsən, bunu məhz onlarla paylaşa bilərdin. Yerləri görünür. Darıxırsan, elə bil, kəsilirsən, qıvrılırsan. Həm də bilirsən ki, bu olub, lazım olsa da, yoxdur, gedib. Yəni necəsə çalışırsan özünü düşdüyün gərgin durumdan qurtarasan. Depressiyaya aparmaya səni bu duyğu.

-Depresiyaya düşməməyin yolu nədir?

-Çıxış yolunu özün tapmalısan.

-Szin çıxış yolunuz nədir?

-Vəziyyəti gördüyüm işlə öz xeyrimə həll eləməyə çalışıram.

-Alınırmı?

-Hələlik hə…

-Gedənlər həm də boşluq yaradır? Yerləri dolurmu?

-O yalnış fikirdir, deyirlər, əvəzolunmaz insan yoxdur. Heç bir insan əvəz olunan deyil. Hərə öz yerinə gəlir və gedir. Hərənin öz yeri var. Və gedirsə, boş qalır…

QEYD: Söhbətin bu məqamında onu bizim fotoqraf Elçin xilas eləyir. Fikrini yarımçıq qoyur, “mənim işim bitdi, istəyirəm bir kitab alım sizdən, gedim, başqa çəkilişlərim var”. Cavabda “əlbəttə” deyib, məsləhətli bir kitab verir ona, sağollaşır, sonra söhbətə donürük, hələ suallarım var, hələ siz qorxduğunuz, kompleksini yaşadığınız biri iki məsələdən danışmalı olacaqsınız. Hələ yarımçıq bir cümləniz də var, xatırlatdım…

-Hə nə deyirdiniz? … o boşluqlar…

-O..o boşluqlar heç vaxt dolmur.

-Bilirsiniz, niyə soruşdum? O boşuluqlara deyəcəyin sözlər sonra yığılıb içində dərd olur adamın. Bu bir az qorxuludur elə bil…

-Gəlin əhvalı yaxşıya yönəldək. Onlarla təkcə dərd bölüşmürdüm ki…

-Olsun lap sevinc, onlara aid sevinclə neynirsiniz indi?

-Bilmirəm, ümumiyyətlə, ona tərəfdaram ki, özünü həmişə müsbətə kökləmək lazımdır. Yoxsa adamlara yüklənərsən. Bu yaxşı göstərici deyil. Sevinci saxlayıb, içində bəsləyib, böyütməlisən ki, səni yorulmağa qoymasın. Dünya bizə qarşı çox mərhəmətlidir. Dünyanın mərhəmətindən faydalanmaq lazımdır. Gördüyün işlər sənin mirasına çevrilməlidir, təkcə kapitalın olmamalıdır. Bilirsinizmi, itki o demək deyil ki, sən onu təkcə dərd kimi çəkəsən. İtki o deməkdir ki, onu, həm də yaxşı, layiqincə xatırlayasan.

-Daha kimi yaxşı xatırlayırsınız?..

– Xeyli adamı yaxşı xatırlayıram.

Ən yaxınlarım itkilərdədir indi…

-Könülsüz necədir bəs? Bir kişinin faciəli qadın itkisindən sonrakı tənhalıqda duran könülü deyirəm…

QEYD: Buna hücum deyirəm. Cavabı olan, sualını eşitmək istəmədiyin məqamda söyləmək olar. Bəlkə də danışmaq istəmədiyi məsələlərdən söz düşən kimi sual müəllifini çaşdırmaq cəhdidir…

-Sizin müsahibələrinizin hamısını oxumuşam. Nostalji, kədər var.

QEYD: İstədim deyim ki, kədəri olmayan nə anlar kədərdən? Nostaljini düşünməyən naşir deyil heç. Ən azından sizin kimi gizlənmirəm söyləmək də olardı. Sizdən daha aydın görünürəm deməyi də keçirdim ağlımdan. Bir də istədim Şahbaz Xuduoğlu daxil digər həmsöhbətlər də anlasınlar, mən müəllif olaraq insanlara “ütüsüz” tanınan təqdim eləmək istəyirəm. Görək sizi “ütüsüz” nə qədər sevəcəklər? Ya da “ütülənməyən” tərəfinizin sevilməyinə heçmi ehtiyacınız yoxdur? Var ən azı hamı qədər. Və davam edirik…

-Bir qadının itkisində qaldıq…

-Bir qadının itkisi bir kişinin faciəsidir. Kişi üçün bundan ağır itki yoxdur. Yaşamadan dərk eləyə bilmirsən bu itkini. Sözdə deyilməklə ağıl kəsməz. Elə bil evin var idi, indi yoxdur. Ya da, məsələn, evində həm hər şey əvvəlki yerindədir, eyni zamanda yerində deyil, evin boşdur. Bütün əşyaların var, amma nəsə yoxdur. Bunları paylaşmağı sevmirəm. Bu şeylərdən uzaq olmaq istəyirəm. Çalışıram uşaqlara yönəldəm diqqətimi. Onların daha yaxşı təhsilinə, yaxşı həyat qurmalarına.

-Yəni özünüzə yox, uşaqlara görə yaşamaq…

-Özümün sevdiyim işim var. Bu mənə zövq verir.

-İllərin son dərəcə dəyişdiyi adamlardan birisiniz. Emosionllıq, çılğınlıqdan demək olar heç nə qalmayıb… Düzünü desəm, indi qarşımda illər öncəkindən daha fərqli, çox müdrik adam təsiri bağışlayan birini görmək də qəribə gəlir. Buna adamı nə gətirir, sizcə? Yəni həyat adamı “vura-vura” qəlibinə salır deyə bilərikmi?

– Bilmirəm necə oldu. Yəqin yaş sözünü deyir. Pis hadisələri xatırlayanda deyirəm, ilahi, nələr baş verib? Hərdən yarızarafat deyirəm, o qədər işlər görmişəm ki? Çox olur gənclikdə, amma illər adamı dəyişir. Ancaq gərək elə o illərdə adama bir şey dəqiq öyrədilə. İnsana dağıtmağı öyrətmək olmaz. Belə tərbiyə eləməməlidirlər insanı. İnsan fayda vermək üçün yaradılan varlıqdır.

-Səhərdən özümü ha saxlayıram, amma qoyun deyim, niyə bu qədər gizlənirsiniz? Kəlbətinlə alınır söz sizdən. Özü də kitab-kitab deyə-deyə. Əslində kitab işiniz-peşənizdir. Peşəsindən danışmamaq da qeyri-peşəkarlıqdır. Amma siz həm də kitablarda gizlənirsiniz axı…

-Gizlənmək deyil məqsədim. Sadəcə, düşünürəm cəmiyyətin daha maraqlı danışa biləcək adamlara ehtiyacı var.

-Siz maraqsız adamsınız ki? Bir söz də deyim, hərdən lap adama “yalquzaq” təsiri də bağışlayırsınız…

-Yox, qətiyyən. Əksinə, insanlar olmasa çox maraqsızdır hər şey. Həm də danışdıqca insanın daxili açılır. İnsan gərək daxilini səpələməyə çalışmasın, bundan çəkinsin, yığcam, xəsis olsun, bədxərc olmasın bu məsələdə.

-Ümumiyyətlə, bədxərcsiniz?

-Ümumiyyətlə, yox. Düşünürəm mənəvi bədxərclikdən qorumağa çalışıram özümü.

-Hansı peşəkar refleksləriniz var ki, düşünürsünün, bütün rəhbər adamlarda olması lazımdır…

-Adam gərək uzağı səhər altıdan ayaq üstə ola. İdmanı, mütaliəsi ola. İşçidən əvvəl gələ, ondan sonra gedə. Bir də öz üzərində işləyə.

-Həyatınızda bir xalq şairi xətti var, Sabir Rüstəmxanlı adında…

-Sabir böyük qardaşımdır, ata əvəzidir. Bizim münasibətlər çox demokratikdir. Eyni məsələ haqda fərqli mövqedə ola bilirik. O yaxşı qardaşdır. Biz böyük ailə olmuşuq, onun yükünü çəkən adam olmaq asan məsələ deyil. Sabir məhz o adam olub, yükümüzü çəkən.

-Siz internat məktəbdə oxumusunuz həm də…

-Hə. Yadımdadır orta məktəbi qurtarandan sonra ail məktəbə sənəd verməli idim. Əynimdə bir kostyumum vardı, o da internatınki. Atam dedi, Sabir kömək eləyər. Ona da bir dedim, iki dedim, üç, dörd dəfə getdim, alınmadı. Axırda telefonla zəng elədim ki, axı atam dedi, sən kömək eləyəcəksən. O dedi, axı neynim, mən təkəm, siz çox…Yəni bizim çox ağır günlərimiz olub. Elə olub, Sabirin bir pencəyini biz bütün qardaşlar geyinmişik. Sabirin zəhmətini ödəyə bilmərik. O kimsəsi olmayan şəhərə kimsəsizlikdən gəlib. Oxuyub, nüfuz qazanıb, tanınıb, eyni zamanda hamının və bizim ola bilib. Bunu sıfırdan başlamaq çox ağır və çətindir. Biz bəzən hamının olduğu üçün ona “yad” biri kimi də baxmışıq. Amma işığı, əli həmişə üstümüzdə olan “yad” kimi.

“Elə olub, Sabirin bir pencəyini biz bütün qardaşlar geyinmişik” - Kitablarda “gizlənən” adamla müsahibə…

-Hələ onun qardaşısınız, yoxsa artıq Şahbaz Xuduoğlusunuz?

-Qardaşıq, ortaq dəyərlərimiz var. Qonşu ofislərdəyik, gördüyüm işə, kitablara baxır bəzən, buna sevinirəm., amma demək olmaz ki, başdan-ayağa Sabirin proyektiyəm. O bizim hamımızın həyatında rol oynayıb. Qayda olub elə bil. Mənə elədiklərini, mən də fürsət düşdükcə özümdən kiçiklərə eləyirəm. Əsas fərqimiz, bilirsinizmi, nədir?

Mən qapanmağa üstünlük verirəm,

O, ictimai rəyə, ünsiyyətə açıq olmağa.

-Niyə qaçırsınız?

-Söhbət eləməkdən yoruluram. Əslində söhbət eləməyə xəsislikdir bu bir az da. Düşünürəm, yazıçı olsaydım, daha xəsis olardım ünsiyyətə. İnsanlarla ünsiyyətim ancaq kitab formasında olardı…

SON: Yazdıqlarında hüzn, kədər var deməsəydi bəlkə… Bəlkə nə olacaqdı? Onu bir az da, daha yaxından tanımayacaqdım. Əslində bu fikri bir ipucu oldu onu yenidən tanımaq üçün. Amma özünə söyləmədim. Onda bu söhbət olmazdı. Bir adamı daha dərinə gizlənməyə məcbur edərdim. Söhbətlərimdə heç vaxt məqsəd bu olmur. İnsanların daha fərqli tərəflərini göstərmək, çoxuna görünməyən keyfiyyətləri haqda yazmaq, gizlətməyə çalışdıqlarını öyrənmək, kimlərəsə nümunə olaraq göstərməkdir məqsəd. Çünki bir insanı tanımaq, öyrənmək əslində kitab oxumağı sevməyənlər üçün elə kitab oxumaq kimi bir şeydir. Özü də qarşında o adam dura ki, işi-gücü, sənəti elə kitabdır…

…Qayıdım o yerə ki, yazdıqlarımda kədər olduğunu anlatdı müsahibim. Bəlkə bu da bir müsahib “priyomu” idi.Ağıllı bir müsahib “priyomu” həm də.Bəzən belə olur.“Qorxulu”həmsöhbət səni tanıdığını, verəcəyin sualları proqnozlaşdırdığını, həm də istədiyini ondan ala bilməyəcəyini dolayısıyla eşitdirir bu ifadə ilə. Bir peşə sirri də mən deyim o zaman. Əgər müsahib “priyom“ etdisə, deməli, həm də özünü ələ verdi. Çünki bir insanın qarşısında duran adamda ilk gördüyü keyfiyyət özünün ən çox yaşadığıdır. Yəni nəyi daha çox yaşamısansa ilk onu sezirsən başqasında. Bəzən uğurlu alınır, kimsə çaşdıra bilir müsahibi. Amma illərin təcrübəsi adama bir şey də öyrədir. Sualları elə ordan başla, onun səni tanıdığı yerdən, əyləşdiyin otağın ətrindən, daha çox yaşadığı duyğudan. Biz belə başladıq, ha gizləndi, ha qaçdı, alınmadı. Və qadağaları başladı. “Özəldir”, “gizlidir”, “deməsəm, yaxşıdır”, “uşaqları qorumaq lazım”, “daha çox işdən danışmaq istəyirəm” formasında. Etirazlara baxmayaraq hər şeydən danışdıq. İşdən, uşaqlardan, gündəlik həyat tərzindən, duyğulardan, qazanılan və itirilənlərdən, tənhalıqdan…

Şahbaz Xuduoğlu oxumuş, kamilləşmiş, kədərinə qapanmış, gizli qaldığını düşünən, amma tam əksi olan, oxunması rahat bir adam-kitabdır. İllər öncənin daha dəliqanlı, daha emosional adamı. Həyatın qova-qova tam başqa birinə çevirdiyi insanda qəribə sakitlik, ağsaqqallıq var indi. Səmimidir, bir xeyli də komplekslləri var, biri gizlənməyə çalışmasıdır. Di gəl, gizləndiyini düşünən adamların açığa çıxarılmasıda son dərəcə rahat olur. Gizlənparç qəribə oyundur, gizlənəndə elə bilirsən səni heç kim görməz, amma unudursan ki, axtaran var axı, mütləq tapacaq. Bu mənada, kitabların arxasına gizlənən Şahbaz Xuduoğlu illər sonra mənə tapıntı kimi gəldi. Çalışaq, daha itməsin… (musavat)

İnterpress.az