“Erməni deputat Qarabağın qaytarılmasının vacib olduğunu bildirdi” – Adil Əliyevbackend

“Erməni deputat Qarabağın qaytarılmasının vacib olduğunu bildirdi” – Adil Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin \”Qafqazinfo”ya müsahibəsini təqdim edir:

– Adil müəllim, ötən həftə Qazaxıstana etdiyiniz səfərin məqsədi nə idi?

– Bildiyiniz kimi, Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Qardaş ölkədən xeyli dəvət almışdım və bunları reallaşdırmağa qərar verdim. Bu məqsədlə 2-8 may tarixləri arasında Qazaxıstanda səfərdə oldum. Səfər zamanı Qazaxıstanın müxtəlif vilayətlərində və şəhərlərində oldum. Həm qazaxıstanlı həmkarlarım, millət vəkilləri, həm də qardaş ölkədəki azərbaycanlıların çoxsaylı diaspor təşkilatlarının nümayəndələri, o cümlədən sadə insanlarla görüşlərim və müzakirələrim oldu. Ayrıca, mayın 3-də Qazaxıstanda yaşayan ahıska türklərinin təşkilatçılığı və dəvətilə Azərbaycanın mərhum xalq şairi Zəlimxan Yaqubun yaradıcılıq gecəsində iştirak etdim.

– Yəni nəzərdə tutduğunuz bütün görüşlərdə iştirak edə bildinizmi?

– Qazaxıstan çox geniş coğrafiyaya malik ölkədir və şəhərlərarası məsafə bir-birindən min kilometrlərlə uzaqlıqdadır. Fiziki cəhətdən bütün dəvətləri qəbul edib Qazaxıstanı qarış-qarış gəzə bilməzdim. Bunun üçün aylar lazımdır. Buna baxmayaraq, dəvət olunan məkanların əksəriyyətinə yetişməyə çalışdım ki, görüşlərdə iştirak edim, soydaşlarımızın istək və arzularını dinləyim. Tək elə Almatı şəhərində 2 tədbirdə iştirak etdim. Orada Azərbaycan cəmiyyətlərinin rəhbərləri ilə görüşdük. Şəhər meriyasına dəvət etdilər. Məni bu görüşlərdə Qazaxıstanın millət vəkilləri müşayiət edirdilər.

– Qazaxıstanda yaşayan azərbaycanlılarla görüşləriniz olub, onların durumu necədir, Azərbaycandan nə umurlar?

– Qazaxıstanda azərbaycanlıların onlarla diaspor təşkilatı var, hamısı da Azərbaycana bağlıdır, televiziya kanallarımızı izləyir, uğurlarımıza sevinir, problemlərimizə şərikdirlər. Adət-ənələrimizi olduğu kimi qoruyub saxlayırlar, toyları da Azərbaycandakı toylardan heç nə ilə fərqlənmir. Qazaxıstanın elə vilayəti var ki, orada azərbaycanlıların sayı 8-10 min, bir başqasında 30-40 min arasındadır. Ən əsası odur ki, vaxtilə sürgün olunan azərbaycanlı ailələrin ikinci və üçüncü nəsli də doğma dili öyrənir və Azərbaycan dilində sərbəst danışırlar. Soydaşlarımızın yeganə istəkləri mədəniyyət sahəsindəki əlaqələri üst səviyyəyə qaldırmaqdır. Bu mənada Qazaxıstanda Azərbaycanın mədəniyyət günlərinin sayının artırılmasına ehtiyac olduğunu düşünürəm. Bəzi diaspor təşkilatlarının rəhbərləri Azərbaycandan Qazaxıstanda daha çox dərsliklərin göndərilməsini arzulayırlar. Digər tərəfdən, Qazaxıstanda yaşayan azərbaycanlı gənclərin müxtəlif qrantlar hesabına Azərbaycanda təhsil almaları üçün şərait yaradılmasını istəyirlər.

– Mart ayında Kölndə soydaşlarımızla keçirilən görüşdə Sizə qarşı təxribat etmək istəyənlər var idi. Onlar bir neçə nəfər olsa da, tədbirinizi pozmaq istəyirdilər. Qazaxıstanda da hər hansı təxribatla üzləşdinimzi?

– Bəli, məlum söyüşcül qrup Kölnə gələrək tədbirimizi pozmaq istədi. Ancaq heç nəyə nail olmadılar. Onların sayı 5-10 nəfər idi, salonda isə məni dinləyən soydaşlarımın sayı yüzlərlə idi. Qazaxıstandakı görüşlərimiz də yüksək səviyyədə keçdi, məni maraqla dinlədilər və mən də soydaşlarımın istək və arzularını dinlədim. Görüşlərin birində cəmi bir nəfər təxribat etmək istədi, saxta ittihamlar irəli sürməyə çalışdı, ancaq məndən əvvəl onun cavabını elə tədbirdə iştirak edən çoxsaylı soydaşlarım verdi. Bu cavablar onu necə lərzəyə saldısa, \”bəs sən bu xalq üçün nə etmisən” sualına cavab verə bilməyərək tədbiri tez-tələsik arxa qapıdan tərk etdi.

– Çıxışlarınız hansı mövzuları əhatə edirdi?

– Qazaxıstanda keçirilən çoxsaylı görüşlərimdə, çıxışlarımda Azərbaycanın inkişafı, qarşılaşdığımız problemlər və onların həlli yolları, o cümlədən prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında geniş məlumat verdim, dövlət başçısının fərmanı ilə Cümhuriyyətimizin 100 illiyi ilə bağlı tədbirlər planı haqqında danışdım. Ayrıca, işğal altındakl torpaqlarımızın geri qaytarılması üçün səylərimizdən və 2016-cı ilin aprel savaşı haqqında bilgi verdim.

– Azərbaycan prezidentinin siyasəti Qazaxıstandakı soydaşlarımız arasında necə reaksiya doğurur?

– Qazaxıstanda yaşayan azərbaycanlılar Azərbaycan prezidentinin siyasətini dəstəkləyir və torpaqlarımızın azad olunması üçün istənilən dəstəyi verməyə, hətta döyüşə atılmağa belə hazır olduqlarını söylədilər. \”Savaş başlasa, biz də gəlib savaşacağıq” – deyən soydaşlarımız ana vətənlərindən heç nə ummurlar, əksinə, \”biz Azərbaycan üçün nə edə bilərik” sualını mənə ünvanlayırdılar. Görüşlərdən və müşahidələrimdən hiss etdim ki, Qazaxıstanda yaşayan azərbaycanlılar yaşadıqları ölkədə nüfuz sahibidirlər, heç kim onlara yuxarıdan aşağı baxmır, əksinə, onların fikir və rəylərinə diqqət edilir. Onu da vurğulamağı lazım bilirəm ki, Qazaxıstanda yaşayan azsaylı ermənilərin Azərbaycan və Qazaxıstan-Azərbaycan dostluğu əleyhinə istənilən səylərinin qarşısı yerindəcə alınır. Məsələn, mənə Qazaxıstan parlamentindəki bir erməni deputatdan və bir erməni müəllimdən danışdılar. Hər ikisi Ermənistanın yanlış yolda olduğunu, Azərbaycan torpaqlarının boşaldılması zərurətini və beləcə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasını arzuladıqlarını bildirirlər. Bilmirəm, bəlkə də bu erməni xislətidir, sadəcə bilirlər ki, Qazaxıstanda Azərbaycanın və Türkiyənin əleyhinə danışmaq onlara baha başa gələ bilər. Hər halda, bunun özü də göstərir ki, Qazaxıstanda yaşayan ermənilər Azərbaycan və Türkiyə əleyhinə danışa bilməzlər.

– Qazaxıstanın Dağlıq Qarabağla bağlı siyasəti haqqında nə deyə bilərsiniz?

– Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, qardaş dövlətdir, eyni kökə və tarixə malikik. Qazaxıstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu dəfələrlə sübut edib. Qazaxıstan hazırda Birləşmiş Millətlər Təşkilatının 10 qeyri-daimi üzvündən biridir. Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticarət mübadiləsi artır. Azərbaycan və Qazaxıstan prezidentləri cənab İlham Əliyevlə cənab Nursultan Nazarbayev arasındakı isti münasibətlər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəm təmələ söykəndiyini göstərir. Mən də Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi iki ölkə arasındakı strateji tərəfdaşlığın güclənməsi üçün əlimdən gələni edirəm və bu çalışmalarımı bundan sonra da böyük əzmlə davam etdirəcəyəm. Bu il ərzində Qazaxıstana yenidən səfər edib, qazaxıstanlı həmkarlarımla və soydaşlarımla görüşməyi, tərəfdaşlığımızın və əlaqələrimizin artması istiqamətində fikir mübadiləsini davam etdirməyi planlaşdırıram.

İnterpress.az