“Paşinyanın anormal təfəkkürü Ermənistanı çökdürəcək” – Siyasi ekspertbackend

“Paşinyanın anormal təfəkkürü Ermənistanı çökdürəcək” – Siyasi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Azərbaycan dövləti ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Ekspertinə fikrincə, ümumiyyətlə, Ermənistanın bünövrəsi əyri qoyulub və bu cür davam edərsə, heç vaxt inkişafda, tərəqqidə olan dünyaya inteqrasiya edə bilməyəcək: “Biz bir reallığın şahidləriyik ki, uzun illərdir “dənizdən-dənizə” adlı utopik düşüncə kontekstində xəyallar quran erməni ictimaiyyəti və bu ictimaiyyətin siyasi liderləri həmin “siyasət”in güdazına gedərək dünyadan təcrid olunmuş vəziyyətdə qalıblar. İstər Paşinyan olsun, istərsə də Ermənistanın əvvəlki rəhbərlikləri – onların hər birinin ölkələrinin uçuruma doğru yuvarlanaraq məhvə sürüklənməsində rolları mövcuddur”.

“Sarkisyan rejimi çökdü və bu, dünyanı sevindirdi, ən çox isə bizlər belə bir hadisəni gözləyirdik”, – deyə qeyd edən B.Quliyev bildirib ki, hər kəs Serj Sarkisyanı devirən Nikol Paşinyanın normal fikirlərlə çıxış edəcəyini gözləyirdi, lakin o öz naşılığını, küçə siyasətçisi olduğunu dərhal ucuz bəyanatları ilə nümayiş etdirdi: “Bu gün regionda lider dövlət olaraq qiymətləndirilən, Qafqazın ən güclü Ordusu sırasında yer alan, beynəlxalq terrorla mübarizəyə xüsusi töhfələrini verən, regional və beynəlxalq layihələrdə təşəbbüskar, eləcə də iştirakçı ölkə kimi dəyərləndirilən Azərbaycan dövlətinə qarşı səviyyəsiz mövqeyini ortaya qoymuş Paşinyan hələ də anlamır ki, onun ölkəsi məhz belə uğursuz siyasətlər, yöndəmsiz bəyanatlar nəticəsində təcrid olunmuş vəziyyətə düşüb”.

Ekspert həmçinin xatırladıb ki, N.Paşinyanın istər Rusiyaya, istərsə də Qərbə doğru meyillənməsi Ermənistana heç nə verməyəcək. Belə ki, Ermənistan bir dövlət olaraq artıq öz müstəqilliyini itirib: “Bütün bunların müqabilində isə təkcə bir faktı nəzərə çatdırmaq istərdim. Baxın, artıq Azərbaycanda dəfələrlə Rusiya ilə ABŞ-ın Baş Qərargah rəislərinin, habelə Rusiya hərbi dairələrinin komandanlığı ilə NATO komandanlığının görüşləri keçirilib və belə görüşlər mütəmadi xarakter alaraq ölkəmizin regiondakı və dünyadakı geosiyasi əhəmiyyətini sübuta yetirir. Ümumiyyətlə, superdövlətlərin müntəzəm şəkildə həyata keçirdikləri Bakı görüşləri, eləcə də paytaxtımızda Azərbaycanın iştirakı ilə çoxtərəfli diplomatik görüşlərin reallaşdırılması öz-özlüyündə ölkəmizin bütün sahələri əhatə edən inkişaf, eyni zamanda, dünyaya inteqrasiya gerçəkliklərini nümayiş etdirir. Yaxşı olardı ki, Paşinyan boğazından yuxarı bəyanatlar səsləndirərkən bu barədə düşünərdi”.

Onun sözlərinə görə, ümumiyyətlə, N.Paşinyanın fikir və düşüncələri müharibə ritorikasına köklənib ki, bunun nəticəsində Azərbaycan bütün gücünü ortaya qoyaraq nəinki 20 faiz işğal altında qalmış ərazilərini, eləcə də dədə-baba yurdumuz olan Qərbi Azərbaycan ərazilərini mənfur düşməndən azad edə bilər: \”Bir daha əminliklə deyə bilərəm ki, Paşinyanın anormal təfəkkürünə söykənən bəyanatları bütövlükdə Ermənistan dövlətini çökdürəcək\”.

İnterpress.az