Ziyalılar cümhuriyyətin 100, Topçubaşovun 155 illiyi üçün bir araya gəldi – FOTObackend

Ziyalılar cümhuriyyətin 100, Topçubaşovun 155 illiyi üçün bir araya gəldi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Əlimərdan bəy Topçubaşovun 155 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

İnterpress.az xəbər verir ki, tədbirdə siyasi partiya liderləri, ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan VHP sədri, xalq şairi, Meydan hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı bu ilin Xalq Cümhuriyyətinin 100 illiyi olduğunu, lakin 100 illiklə bağlı görülən tədbirlərdən razı olmadıqlarını dilə gətirib. O, bu il ərzində ziyalıların görülməsini istədiyi işlərdən danışıb: \”İstərdik ki, o illərdə Bakıda və Azərbaycanda yaşanan faciələrdə həlak olmuş şəxslərin xatirəsinə sayqı göstərilərək soyqırımı müzeyi yaradılsın, Nuru Paşanın heykəli qoyulsun. İstərdik ki, dövlətin qurucularından olan Rəsulzadənin Bakıda və bəzi şəhərlərdə heykəlləri qoyulsun. 100 illik bunu haqq edir. İstərdik ki, 1991-ci ildə müstəqilliyimizin bərpasında zəhməti olan, Azərbaycanın SSRİ-nin tərkibində qalmasına yox deyən 43 millət vəkilinin zəhməti qiymətləndirilsin.

Onlar həyatlarını riskə atdılar, SSRİ-nin güclü vaxtında müstəqillik aktı imzaladılar. 360 deputatı o müstəqillik aktına imza atmağa məcbur etdilər”.

Partiya sədri AXC-ni quranların həyatına qısa nəzər də salıb: \”O dövləti quran insanların hər birinin həyatı həm faciə, həm qəhrəmanlıq əsəridir. Çox az sayda insan necə birləşərək dövlət ərsəyə gətiriblər. Təxminən indiki səviyyədə paramparça bir cəmiyyət, bir-birini qəbul etməyən şəxslər, xarici ölkələrin təsirləri…

Ölkəni tanıtmaq üçün məcbur olublar ki, martda Azərbaycanda, Bakıda onmindən çox insanın qanını tökən daşnakları məclisə qəbul etsinlər. Təki Azərbaycan dövlətini qoruyub saxlaya, tanıda bilsinlər. Sonra çoxlu terror qurbanı olub. Bəziləri bir daha Azərbaycana dönə bilməyib.Onlardan biri də Əlimərdan bəy Topçubaşovdur. Topçubaşov o dövrdə Azərbaycanın dünyada tanıdılmasında nə qədər cəfalar çəkib. Amma xaricdə bir tikə çörəyə möhtac yaşayıb. Onlar necə böyük əqidə sahibləri olublar, necə böyük ideallarla yaşayıblar, necə böyük torpaq, vətən aşiqi olublar. Biz buna görə onları unutmamalı, xatırlamalıyıq”.

S. Rüstəmxanlı Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünün başına torba keçirilməsi hadisəsini bir daha xatırladıb: \”O torbanı Rəsulzadənin başına keçirməki Gəncənin başına keçirmək deməkdir və müstəqil dövlətimizə sayqısızlıqdır.

AXC-nin 100 illik ərəfəsində büstün taleyi necədir, bilmirəm. Amma başa düşmürəm ki, indi bu dövlətin çörəyini yeyənlər bu dövləti quranlara necə sayqısızlıq edə bilirlər?! Hansı toplumda cəmiyyətdə buna dözərlər və heç bir reaksiya olmaz? Biz öz sevgimizlə göstərməliyik ki, onlar bu dövlətin qəhrəman övladlarıdır. Onların xatirəsi bu torpaq bu millət durduqca yaşayacaq”.

Daha sonra tədbir iştirakçıları cümhuriyyəti quranların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Professor Cəmil Həsənli bu gün 155 illiyi tamam olan Əlimərdan bəy Topçubaşov haqqında geniş məlumat verib. Ondan sonra dəyirmi masa iştirakçıları çıxış ediblər.

İnterpress.az