Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi yoxa çıxıb – İran mediasından iddiabackend

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi yoxa çıxıb – İran mediasından iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman barəsində maraqlı iddia ortaya atılıb.

Türkiyənin “habertürk” saytı İran mətbuatına istinadən şahzadə Məhəmmədin 27 gündür ortada görünmədiyini xəbər verib. Xəbərdə bu vəziyyətin şahzadənin sağlığı ilə bağlı ola biləcəyi ehtimalı gücləndirilib. Saytın məlumatına əsasən, İran mediası bəhs edilən mövzuya geniş yer verib. Belə ki, Səudiyyə Ərəbistanın vəliəhdinin 1 aya yaxındır canlı görüntüləri yoxdur.

İran mətbuatı aprel ayının 21-də krallıq sarayının yaxınlığında eşidilən atəş səslərini və bundan irəli gələrək çıxan hərbi çevriliş xəbərlərini yenidən gündəmə gətirib.

İranın “Keyhan” qəzeti bir ərəb dövlətinin adının çəkilməsini istəməyən yüksək rütbəli məmurunun kəşfiyyat raportlarına əsaslanaraq şahzadə Məhəmmədin aprelin 21-də baş verən hadisələrdə, krallıq sarayında 2 güllə yarası aldığını və hətta ölmüş ola biləcəyi ehtimalını irəli sürüb.

İranda dövlətə məxsus Press tv isə şahzadənin 21 apreldən bu yana səudiyyəli rəsmilər tərəfindən bir fotoşəklinin verilmədiyinə diqqət çəkib. Televiziya kanalı ABŞ dövlət katibi Maykl Pompeonun aprel ayının sonunda Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı şahzadə ilə görüntülənmədiyini vurğulayıb.

Fars xəbər agentliyi “İbn Salman media önündə sıx görünən bir şəxs olub. Lakin Ər-Riyaddakı silah səsləri sonrasında meydana gələn 27 günlük qeyb onun sağlığı ilə bağlı problemlərdən xəbər verir”, cümlələrinə yer verib.

Xatırladaq ki, həmin gün, yəni aprelin 21-i dünyanın bir çox media qurumları Səudiyyə Ərəbistanının kral sarayında atəş səslərinin eşidildiyini bildirmiş, hətta dövlət çevrilişinin baş verdiyini xəbər etmişdi. Lakin Səudiyyə Ərəbistanı rəsmi dillə bunu yalanlayaraq, atəş səslərini sarayın yaxınlığında uçan naməlum pilotsuz aparatın vurulması ilə izah etmişdi.

Yerli media qurumları isə kral Salmanın həmin vaxt saraydan ayrılaraq yaxınlıqdakı hərbi bazaya getdiyini xəbər vermişdi. (musavat)

İnterpress.az