Sürücünün videoqeydiyyat vasitəsilə çəkiliş aparmasının heç bir problemi yoxdur – Hüquqşünasbackend

Sürücünün videoqeydiyyat vasitəsilə çəkiliş aparmasının heç bir problemi yoxdur – Hüquqşünas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, məlumatda deyilir ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: \”Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini “qəhrəmanlıq” kimi qələmə verməyə çalışır”.

Bəs, görəsən, sürücülərin avtomobillərində videoqeydiyyat cihazları quraşdırılması və bu cihazlar vasitəsilə hadisələrin lentə almasında qanun pozuntusu varmı?

Sürücünün videoqeydiyyat vasitəsilə çəkiliş aparmasının heç bir problemi yoxdur - HüquqşünasMəsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev bildirib ki, son vaxtlar qanunlara əlavə və dəyişikliklər edilir. Hətta sürücülər tərəfindən video çəkilişlərlə əlaqədar da qanun qəbul olunub: “Yəni ki, səs yazısı və video çəkilişlər və s bağlı müəyyən qayda-qanunlar tətbiq olunub. Hüquqi-normativ aktlar da var. İndi sürücülərin yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yayması haqqında hansısa hüquqi normativ akta istinad olunmur. Çünki bu cür göstərişlər və sərəncamlar veriləndə istinad olunmalıdır ki, bu, hansı qanuna aiddir”.

“Qanunda belə bir göstəriş olmasa, sürücülərin bu hüquqları əllərindən alına bilməz”

Keçmiş polis rəisi bildirib ki, əgər, sürücülərin videoçəkilişdən istifadə olunması qadağan olunarsa, demək, qanunda hardasa belə hüquqi normativ akt mövcuddur: “Yəni, qanunda belə bir göstəriş olmasa, sürücülərin bu hüquqları əllərindən alına bilməz. Əvvəllər belə bir şey yox idi. Son vaxtlar Milli Məclisdə də bununla bağlı bir müzakirə mövzusu oldu ki, çəkilişləri və səs yazılarını qanunla tənzimləmək lazımdır. Konkret olaraq mən hansısa qanuna istinad edə bilmirəm. Amma belə bir göstəriş varsa, deməli, bu barədə qanunda hər hansı maddə mövcuddur. Amma əgər, əvvəllər də sürücülərin videoqeydiyyatdan istifadəsini məhdudlaşdıran qanun var idisə, niyə bu günə qədər bu qanun tətbiq olunmurdu? Düşünürəm ki, yəqin, bu məsələ son günlər sosial şəbəkələrdə yayılan görüntülərdən sonra gündəmə gəlib. Çünki, hər yerindən duran sürücü videoçəkiliş edib polisin nüfuzuna, imicinə təsir edir. Hesab edirlər ki, bu cür videoçəkilişlər qanunsuz çəkilir və qanunsuz olaraq sosial şəbəkələrdə paylaşılır. Aydın məsələdir ki, hər hansı birimiz haqqında videoçəkiliş həyata keçirib yaysalar imicimizə təsir edər”.

“Sürücünün videoqeydiyyat vasitəsilə çəkiliş aparmasının heç bir problemi yoxdur”

M.Hacıyev hesab edir ki, əgər, yol polisi qanuni olaraq sürücünü saxlayırsa və sürücü də qanuni olaraq yol polisinə tabelilik göstərirsə, onun videoqeydiyyat vasitəsilə çəkiliş aparmasının heç bir problemi yoxdur: “Əgər, hər şey qanuni çərçivədə baş verirsə, video çəkilişlərin lentə alınmasında heç bir problemin omadığını düşünürəm. Bu, normal bir haldır. Ümumiyyətlə, qanun çərçivəsində olan bir şeyi necə qanunsuzluq kimi təqdim etmək olar ki, mən başa düşə bilmirəm. Əgər, videoçəkiliş qanun çərçivəsindədirsə, heç bir qurumun, vətəndaşın, hüquq-mühafizə orqanının özünün və işçisinin və ümumiyyətlə, tərəflərin nüfuzuna, şəxsiyyətinə, vəzifəsinə xələl gətirmirsə, burada hansı qanunsuzluqdan söhbət gedə bilər. Qanun pozuntusu yoxdursa, videoçəkilişlərə qadağa qoyulması düzgün deyil. Lap tutaq ki, qanun çərçivəsində hər şey baş verirsə, video çəkilişi sürücü sosial şəbəkədə yerləşdirsə belə burada mən heç bir problem görmürəm. Əskində, bu, hörməti artıran məsələdir. Biraz da təbliğatdır. Çünki, təbliğat olaraq, nümayiş etdirmək olar ki, sürücü yüksək səviyyədə saxlanılıb və qanuni çərçivədə tabe olub. Hətta bu, polis və sürücü münasibətlərinin yüksək səviyyədə olmasını sübut kimi göstərə bilər. Amma əgər, video çəkilişlər qanunla qadağan olunubsa, artıq, bundan sonra çəkiliş olsa belə həmin materialın sübut funksiyası daşımağı da qanunsuz olacaq. Mən avtomobillərdə videoqeydiyyat cihazı ilə vasitəsilə çəkilişlərin qadağan olunması ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan hələ nə Skandinaviya ölkələri deyil, nə də Avropa ölkələri deyil. Mühakimə yürütmək yersizdir. Çünki, Azərbaycan reallıqları var da. Azərbaycan dünyaya inteqrasiya yolunda inkişaf edir. Amma bu, o demək deyil ki, biz artıq Hollandiya, İsveç, Danimarka, Finlandiya və s ölkələr səviyyəsindəyik”.

“Çox təəssüflər olsun ki, Milli Məclisdə hüquqşünaslar bir-iki nəfərdir”

M.Hacıyevin sözlərinə görə, bir qayda olaraq, qanunlarda həmişə boşluq olub: “Çalışırlar ki, o boşluqları doldursunlar. Maraqlısı odur ki, boşluqları dolduranda da müəyyən problemlər meydana gəlir və daha da boşluq yaranmağa başlayır. Ona görə də, qanunu elə qəbul etmək lazımdır ki, sonda belə problemlər yaranmasın. Deyir, yuxarı baxıram bığdır, aşağı baxıram saqqaldır, bilmirəm nə edim”.

Hüquqşünas cərimələrin miqdarının müəyyənləşdirilməsindən də danışıb. O bildirib ki, cərimələrin artırılması yol nəqliyyat hadisələrinin azalmasına xidmət edir: “Cərimələrin miqdarı müəyyənləşdiriləndə xüsusi müzakirələr olur. O müzakirələr də bir qayda olaraq Milli Məclisdə həyata keçirilir. Müzakirələrdə hüquqşünaslar da iştirak edir. Çox təəssüflər olsun ki, Milli Məclisdə hüquqşünaslar bir-iki nəfərdir. Milli Məclisdə vaxtilə hüquq-mühafizə orqanlarında çalışmışlar da bir-iki nəfərdir. İndi onların arasında bilən də var, bilməyən də var. Son 4-5 ildə yol nəqliyyat hadisələrinin azaldılması üçün cərimə tətbiq olunmaları ilə bağlı müzakirələr çox olub. Cərimələrin artırılması yol nəqliyyat hadisələrinin azaldılmasına yönəlib. Yəni, cərimələr artırılır ki, nəqliyyat hadisələri azalsın”.

Səid Qərib
İnterpress.az