Abituriyentlərin məktəbi bitirməmiş qəbul imtahanı verməsi yolverilməzdir – Ekspertbackend

Abituriyentlərin məktəbi bitirməmiş qəbul imtahanı verməsi yolverilməzdir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orta məktəbi bitirməmiş və hələ attestatını ala bilməyən abituriyentlər ali məktəbə qəbul imtahanında iştirak edir və tələbə adını qazanırlar. Orta məktəbi bitirməmiş abituriyent necə tələbə adını qazana bilir?

“Qəbul imtahanında istifadə olunan bir neçə test tapşırığı tədris ilinin mayın sonu, iyun ayının əvvəlində ki proqrama daxildir. Hüquqi baxımdan da tədris ilinin gedişində qəbul imtahanlarının keçirilməsi düzgün deyil”.

Bunu İnterpress.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, hələ attestat ala bilməyən orta məktəb şagirdi artıq tələbə adını qazanır: “Təsəvvür edin ki, şagirdlər may ayında ali məktəblərə qəbul imtahanları verirlər, iyun ayında isə buraxılış imtahanlarında iştirak edirlər. Hətta şagird 700 bal toplayıb buraxılış imtahanlarında 2 alsa, və ya hansısa hadisə nəticəsində imtahanda iştirak etməsə, ya da buraxılış imtahanından xaric edilsə, ona attestat verilməyəcək. İkinci tərəfdən isə, may ayında keçirilən qəbul imtahanlarında 300 və daha çox bal toplayan abituriyentlər potensial tələbə hesab olunur. Və onlar tədris ilinin geridə qalan hissəsində məktəbə qeyri ciddi yanaşır, davamiyyəti aşağı düşür”.

Ekspertin sözlərinə görə, 2017- ci ildən başlayaraq cari ilin məzunları may ayında keçirilən qəbul imtahanlarında iştirak etmək hüququ qazanıb: “Bundan əvvəlki illərdə isə may ayında əvvəlki illərdə orta məktəbi bitirmiş şəxslər üçün qəbul imtahanları keçirilir, həmin il məzun olmuş şəxslər isə iyul ayında imtahan verirdilər. Düzdür, hər kəsə yaz və ya yay imtahan sessiyasında iştirak etmək könüllü seçim etmək ixtiyarı verilib. Amma hər kəs şansını yoxlamaq üçün hər iki imtahanda iştirak edir”.

K.Əsədov IX siniflər üçün buraxılış imtahanlarının kobud şəkildə pozulduğunu hesab edir: “Təəssüf ki, tədris ili başa çatmamış imtahanların keçirilməsi IX siniflər üçün təşkil edilən buraxılış imtahanlarında daha kobud şəkildə pozulur. Çünki IX sinif şagirdlərinin tədris ilinin sonunda əldə etməli olduğu bilik və bacarıqlarını DİM tədris ilinin ortasında yoxlayır. Eyni tendensiya ali məktəblərə qəbul imtahanlarına da aiddir”.

Səid Qərib
İnterpress.az