Allergiyaya, hətta ölümə səbəb ola bilər – Həkim XƏBƏRDARLIĞIbackend

Allergiyaya, hətta ölümə səbəb ola bilər – Həkim XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həvəslə alınan bu meyvələrin dadına baxdıqda isə demək olar ki, hər kəs eyni sözü təkrar edir: “Elə bil taxta yeyirsən, nə ətri var, nə dadı. Sadəcə sudan ibarətdir. Bişirdiyimiz çiyələyin mürəbbəsi həmişə süfrələrin bəzəyi olurdu. Alıb bişiririk, meyvələr qaralır, bərkiyir…”.

Anafilaktik şoka səbəb ola bilər

Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlərin dadının olmaması ilə yanaşı, insan sağlamlığına inanılmaz zərərləri var, hətta bəzi hallarda ölümə belə səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bununla bağlı Lent.az-a danışan qastroentrenoloq Mətanət Cəfərova bildirir ki, hər mövsümün meyvə-tərəvəzi öz vaxtında yeyilməlidir: “Mövsümə uyğun olmayan meyvə-tərəvəzin yeyilməsi məsləhət deyil. Bu, mədə bağırsağın qıcıqlanmasına, zəhərlənmələrə, allergik reaksiyalara, hətta ölümlə nəticələn anafilaktik şoka səbəb ola bilər\”.

Meyvə-tərəvəzin genefondu dəyişdirilmiş olmasın

Onun sözlərinə görə, çox gübrələnmiş meyvə və tərəvəzin genefondunun dəyişdirilmiş olmamasına diqqət etmək lazımdır: “Bu, meyvənin xarici görünüşündən, dadından da bilinir. Həddindən çox gübrələnmiş, mövsümə uyğun olmayan meyvələrin istifadəsi zamanı ən çox mədə-bağırsaq sistemində narahatlıqlar başlayır. Xəstələrdə ürəkbulanma, ishal halları, hərarətin qalxması, üşütmə, başgicəllənmə, qulaqlarda küy kimi hallar yaranır. Zəhərlənmə, mədə-bağırsaq tərəfindən qıcıqlanmış bağırsaq sindromu, yəni qəbul edilən meyvə tərəvəzin tərkibindəki hansısa bir təbii olmayan komponentə həssaslıq yaranır\”.

Həkim məlumat verir ki, hazırda onlara edilən müraciətlərin səbəbi mədə-bağırsaq traktı ilə bağlı xəstəliklərdir: “Qəbul olunan bu meyvə-tərəvəzlərdən sonra xəstələrdə ishal, qusma və mədə-bağırsaqda ağrı olur. İkinci yerdə allergik reaksiyalar durur. Bu yaxınlarda bir xəstəmiz gəlmişdi, çiyələk qəbulundan sonra göz ətrafı, bütün sifət qızarmışdı və səpmişdi. Qeyd etdiyim kimi, çiyələk bütün bədənin səpməsinə, eyni zamanda anafilaktik şoka qədər səbəb ola bilər. Həmçinin, nəfəs alma darlığına belə gətirib çıxarar ki, burada da xəstənin dərhal həkimə çatdırılması lazımdır. Bu qrup meyvələr allergiyası olan insanlara məsləhət görülmür. Ümumiyyətlə, çiyələyin özü hipoallergen meyvə sayılır. Bununla yanaşı, çiyələk dializ xəstələrinə, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə, bronxial astması olanlara da məsləhət görülmür”.

Meyvələr əyri, qurdlu olmalıdır…

Fitoterapevt Füzuli Hüseynov bildirir ki, Avropada əsasən daha çox ekoloji təmiz bitkilərlə qidalanırlar: “Bu qidalar bizim bildiyimiz normal parnik qidalarından baha satılır. Azərbaycanda isə təbii qidalar daha ucuzdur, əsasən də meyvə-tərəvəzlər. Buna baxmayaraq, bahalı qidaları daha çox alırıq. Ekoloji təmiz bitkiləri kənardan baxmaqla tanımaq olar. Tutaq ki, meyvələr, kənardan baxanda bir-birinə oxşamır, əyri, qurdlu olur. Amma onların xarici görkəmi pozulmuş olsa da, tamamilə təbii qidalardır. Həmçinin yeyəndə dadlarından da bunu bilmək olur”.

Həkim deyir ki, parnik məhsullarından da ara-sıra istifadə etmək olar: \”Çünki ara-sıra bu cür məhsulla qidalandıqda orqanizm bu toksinləri məhv edir. Amma mütəmadi yedikdə bədən sıradan çıxır”.

Tərkibinə kimyəvi maddə vurulmasa, o cür qızarmaz…

Pediatr Vaqif Qarayev isə deyir ki, indi bazarlara nəzarət yoxdur: “Baxırsan ki, bazarda satılan pomidorlar qıpqırmızıdır. Axı necə ola bilər ki, mayda pomidor o cür qızarsın?! Bir qidanı nə qədər optimal temperaturda saxlasan belə, tərkibinə kimyəvi maddə vurulmasa, o cür qızarmaz. Hər kəs bunun təhlükəsindən xəbərdar olmalıdır”.

V. Qarayev məlumat verir ki, əsasən 2 yaşdan sonra uşaqlara çəkinmədən çiyələk və alça, eləcə də onlardan hazırlanmış kompotlar vermək olar: \”İndi uşaqlar allergiyalı dünyaya gəldiyindən valideynlər onlara şirin qida verməkdən ehtiyat edirlər. Çiyələk allergiyaya səbəb olan giləmeyvə olduğundan, əvvəlcə uşağın çiyələyə qarşı allergiyasının olub-olmadığı yoxlanmalıdır”.

Çiyələyin vaxtı iyun və sentyabrdır

Kliniki Tibbi Mərkəzin Yoluxucu şöbəsinin müdiri Gülnarə Babayeva bildirdi ki, hələlik zəhərlənmə ilə bağlı şöbəyə müraciət edən olmayıb, buna baxmayaraq, bu kimi hallardan qorunmaq çox vacibdir: “Zəhərlənmələrin ilk səbəbi əksər insanların düzgün qida mədəniyyətinin olmamasıdır. İkincisi, daim sanitar-epidemioloji nəzarətdə olan normal satış müəssisələrindəki, market və kafelərdəki qidalardan istifadə etməmələridir. Tövsiyə edirəm ki, hər bir meyvə, tərəvəzi öz mövsümündə alsınlar. İndi çiyələk zamanı deyil. Çiyələyin yeyilmə vaxtı iyun və sentyabr ayıdır. Həmçinin məhsulun yerli olması da əhəmiyyətlidir. Hamısı xarici baxımdan gözəldir, amma xarici çiyələklərin tərkibi şübhə yaradır”.

Bazarlarda meyvə-tərəvəzin tərkibi ilə bağlı araşdırma aparılmır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev Lent.az-a bildirdi ki, meyvə-tərəvəzlərin satıldığı yerlər sahibkarlıq subyektləri olduğuna görə, ancaq müvafiq şikayətlər daxil olduqda, İqtisadiyyat Nazirliyinin razılığı ilə araşdırmalar aparıla bilər: “Hazırda bununla bağlı hansısa şikayət olmadığından araşdırmalar aparmırıq”.

Aparılan kiçik araşdırmadan da bəlli olur ki, hazırda bazarlarda satılan, mövsümə uyğun olmayan meyvə-tərəvəzlər təhlükə mənbəyidir. Xüsusilə də uşaqlar üçün. Ona görə də alacağımız məhsulların qiymətinə və xarici görünüşünə yox, keyfiyyətinə daha çox diqqət yetirərək bu təhlükədən uzaq dura bilərik…

İnterpress.az