“İncə beli” necə qaytarmalı?backend

“İncə beli” necə qaytarmalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəkidən azad olmaq üzrə amerikalı ekspert, doktor Neerav Padliya bildirir ki, bədənimizdəki dəyişiklikləri idarə etmək düşündüyümüzdən qat-qat asandır.

Ekspertin fikrincə, ən ümdəsi artıq çəkinin necə yaranması mexanizmini anlamaq və bununla mübarizəyə başlamaqdır.

Hormonlar belimizi \”incəlikdən\” necə çıxarır?

Artıq çəki yığmağın sadə elə elmi izahatı belədir ki, otuz yaşdan etibarən həm kişi, həm də qadınlarda hormonların səviyyəsi enir. Bu isə bədənimizdəki metabolizmi, yəni maddələr mübadiləsinin sürətini azaldır. Beləliklə, biz daha az enerji \”yandırır\”, daha çox piy \”anbarlayırıq\”.

Ekspertlər deyirlər ki, bu balansın pozulması 35-55 yaşlarından başlayaraq qadın və kişilərin bel-qurşaq hissəsinə hər il 500-900 qram çəki artırır.

Bu kişilər üçün nə deməkdir?

Kişilərin bədənini mütənasib saxlayan testosteron, yəni kişi hormonudur. Cavanlıqda bu hormon çox olduğuna görə bədən incə və əzələli olur.

Bu ona görə belə olur ki, kişi hormonu piyi tutub bədəndən xaric edir və buna görə də qurşaq hissədə artıq piy yığılmır. Bundan başqa testosteron əzələ tikintisi ilə məşğuldur, metabolizmi sürətləndirir və insulin həssaslığını saxlayaraq diabeti yaxın qoymur.

\”Lakin kişilər yaşlandıqca, təxminən 30 yaşdan sonra testosteronun səviyyəsi təbii səbəblərlə hər il təxminən 1 faiz azalır\” – deyir doktor Padliya.

Bütün bunlar kişinin orta hissəsinə piy yığır, bu isə eybəcərlik bir yana, həm də ürək xəstəliyinin və diabetin riskini artırır.

Bu qadınlar üçün nə deməkdir?

Fertil (münbit) yaşlarında olan qadının orqanizmində progesteron və ostrogen hormonlarının zərif balansı mövcuddur. Ostrogen piy toxumasının inkişafına cavabdehdir, lakin gənc yaşlarında progesteron hormonunun çox olması balansın pozulmasına imkan vermir.

35 yaşdan sonra hər iki hormonun səviyyəsi enir və menopauzaya gedən yol başlanır.

Doktor Padliya izah edir ki, progesteronun enmə sürəti daha yüksək olduğundan meydanı genişlənən ostrogen bel hissəsinə piyin yığılmasında daha fəal olur.

Hər iki cins üçün

Bu hormon azalması həm kişilədə, həm də qadınlarda əzələ kütləsinin azalmasına səbəb olur. Lakin bədəndə qlükozanın ən böyük istehlakçısı əzələ toxuması olduğundan ondan istifadə də azalır, \”yeyilməmiş qalan qlükoza\” bədənin bel hissəsində piy şəklində qalaqlanır. Əzələ toxumasının az alması həm də o deməkdir ki, orqanizm karbohidratları yaxşı emal edə bilmir və artıq çəki yaranır.

Bel-qurşaq hissədəki artıq çəki ilə mübarizənin 5 yolu

1. Daha çox protein və daha az karbohidrat qəbul edin

Protein əzələ tikintisi ilə məşğuldur. Odur ki, yaşlanma səbəbi ilə azalan əzələni əlavə proteinlə qidalandırın.

Necə: Hər bir yeməklə protein qəbul edin. Proteinin sağlam mənbələri bunlardır: qoz-fındıq, tumlar, ağartı və yağsız ət.

Karbohidratlardan imtina edin: Yəni ağ çörək və vermişel-makaronu az yeyin. Qara çörək daha yaxşıdır, çünki o qlükozanı yavaş-yavaş buraxır və artıq çəkiyə daha az xidmət edir.

2. Əzələlərinizi işlədin

Əzələniz çox olduqca, siz hətta idmansız da daha çox kalori yandıra bilirsiniz. Odur ki, yaşlandıqca, necə deyərlər, \”fiziki müqavimət hərəkətləri\” edin. Yəni hər halda bir azca idman hərəkətlərinə vaxt tapın.

Necə: Həftədə iki-üç dəfə ağırlıq qaldırma təmrinləri həm kişilər, həm də qadınlar üçün faydalıdır. Ağırlığı elə seçin ki, 12 dəfə qaldırmaqla əzələniz yorulsun.

3. Stresdən xilas olun

Orta yaşlar həm də stres yaşlarıdır – uşaqlar, yaşlı valideynlər, iş-güc… Bu öz yerində, amma ekspertlər deyirlər ki, bədəninizin orta hissəsində yığılan artıq piy də stres hormonu kortizolun miqdarını artırır.

4. Ayağa qalxmaq üçün hər imkandan istifadə edin

Uzun müddətdə oturaq həyat tərzi lipoprotein lipaza adlanan fermentin miqdarını azaldır. Halbuki bu ferment bədənin orta hissəsini \”əritməyə\” xidmət edir. Ayaq üstdə durarkən biz oturduğumuz vaxtlardan iki dəfə çox kalori yandırırıq.

Necə: Sadəcə ayağa durmaq üçün bəhanə axtarın. İctimai nəqliyyatda gedərkən, telefonla danışarkən ayaq üstdə durmağa adət edin.

5. Yuxusuzluğun iştahanızı pozmasına yol verməyin

Bizim yuxu və yatmaq keyfiyyətimiz orta yaşlardan etibarən azalmağa başlayır. Az yatdıqca, iştaha artır və daha çox yemək istəyirik. Normal yatın ki, normal da qidalanasınız. (bbc)

İnterpress.az