Pişiyin ağzı ətə çatmayanda deyir ki, iy gəlir – Ağacan Abıyevbackend

Pişiyin ağzı ətə çatmayanda deyir ki, iy gəlir – Ağacan Abıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görün hansı ölkələr “Formula 1” yarışlarını keçirib. Baxaq o ölkələrin adlarına: Amerika, İtaliya, Fransa, Azərbaycan. Bu da onu göstərir ki, artıq ölkəmiz adını çəkdiyim böyük dövlətlər arasındadır. Formula 1 yarışlarını dünyada 2 milyarda yaxın insan izlədi. Onlar Azərbaycana baxdılar – Bakıya baxdılar. Onlar İçərişəhərə baxdılar, şəhərimizə baxdılar. Gördülər ki, bu şəhər həqiqətən də Avropa ölkələri ilə konqursa girən ölkələrdən biridir. Bakı da Avropanın ən gözəl şəhərlərindən biridir. Avropa Gənclər Olimpiya Festivalının da Bakıda keçirilməsi ölkəmizin növbəti uğurlarından biridir”.

Bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Avropa Gənclər Olimpiya Festivalının ölkəmizdə keçirilməsi Azərbaycanı dünyaya bir daha tanıtdırmaq üçün gözəl bir addımdır: “Çünki bu yarışın Bakıda keçirilməsi Beynəlxalq Olimpiya Komitəsinə Azərbaycanın idmana necə böyük bir diqqət ayırdığını göstərəcək. Burada Azərbaycanın olimpiya mərkəzlərindən birinə çevrilməsindən söhbət gedir. Bilirsiniz ki, Bakı Avropa oyunlarının keçirilməsi üçün ev sahibliyi edən ilk şəhərdir. Yadınızdadırsa, I Avropa Oyunları təşkilatçılıq baxımından da çox gözəl yüksək səviyyədə keçirildi. Hətta bu, dünyanın da xoşuna gəldi. Ötən il də Bakıda İslam Həmrəyliyi oyunları keçirildi. Çox gözəl yarış keçirdik və hamıya da başa saldıq ki, burada dinindən və millətindən aslı olmayaraq hamı qardaş olmalıdır. Mübarizələr idman meydançalarında olmalıdır. Avropa oyunlarının, İslam Həmrəyliyi oyunlarının, “Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizin, doğrudan da, dünyanın olimpiya mərkəzlərindən birinə çevrilməsindən xəbər verir. Bütün dünya da Azərbaycan standartlarından istifadə edib öz yarışlarını keçirmək istəyirlər və keçirəcəklər də. Onlar bu yarışların keçirilməsi üçün hətta bizdən də kömək istəyirlər”.

A.Abıyev bir neçə il bundan öncə Azərbaycanda keçirilən “Evrovision” mahnı yarışmasından da danışıb: “Bu günə qədər ayrı-ayrı idman növləri üzrə düna çempionatları, Avropa çempionatları, dünya kuboku yarışları Bakıda keçirilib. Bundan başqa, idman yarışlarından əlavə “Evrovision” bəyəm bunlardan kiçik bir şey idi?. “Evrovision”un Bakıda keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan dünyada vacib ölkələr sırasındadır”.

“Özləri bir şeyə yaramırlar, ona görə də, onları heç kim heç yerə dəvət etmir”

Deputat qeyd edib ki, Azərbaycanda bu yarışların keçirilməsi ölkəmizə turistlərin axınını cəlb edir: “Amma buna baxmayaraq, elə adamlar var ki, ancaq tənqid etməyi xoşlayırlar. Özləri bir şeyə yaramırlar, ona görə də, onları heç kim heç yerə dəvət etmir. Heç yerə əlləri çatmayanda başlayırlar ölkəmizdə keçirilən yarışları tənqid etməyə. Ataların bir məsəli vare – pişiyin ağzı ətə çatmayanda deyir ki, iy gəlir. İndi bunlar da belədir. Onlar bu yarışların keçirilməsi üçün əllərindən gələn köməkliyi etmək əvəzinə gedib tənqid edirlər. A balam, siz də gəlin kömək edin və olun iştirakçı. Hər bir azərbaycanlının ixtiyarı var ki, gəlib burada kömək eləsin, işləsin. Axı, Azərbaycan vətəndaşı öz ölkəsiylə fəxr etməlidir ki, dünya bizi qəbul edir”.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək.

İnterpress.az