Sabir Rüstəmxanlıdan oxunmalı yazı – Tarixin ən böyük sıxıntı və haqsızlıqlarını görən Sözün sahibləri və yaradıcılarıdırbackend

Sabir Rüstəmxanlıdan oxunmalı yazı – Tarixin ən böyük sıxıntı və haqsızlıqlarını görən Sözün sahibləri və yaradıcılarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir tərəfdə Allahın verdiyi müqəddəs, sehirli Söz, bir tərəf­də insanlığın tarixi boyu Şeytanın idarə etdiyi və cəbbəxana­sını ildən-ilə yeni anti-insan mübarizə üsulları ilə silahlandığı Şər… Mübarizə insanlığın tarixi boyu davam edir… Tarixi yaşa­dan Sözdür. Amma tarixin ən böyük sıxıntı və haqsızlıqlarını görən də Sözün sahibləri və yaradıcılarıdır. Susmaq qızıldır… Bu çürük fəlsəfəni Sözdən qorxanlar, Söz açarı ilə sir qapıla­rının açılmasını və insana yaraşmayan yaşamlarının görülmə­sini istəməyənlərdir. Söz hakimindən qorxanlar onu susdur­maqdan başqa bir yol bula bilmədilər… Şairin cansız cəsədi üstündə insan oğlunun eşidə bilmədiyi qəhqəhəylə gülən Şər daha bir qələbəsinə sevinir və əlindəki kitabın növbəti səhifə­sini gözdən keçirib növbədə kimin olduğunu dəqiqləşdirirdi. Bu kitab çox qalındı, bəlkə bütün böyük şairlərin əsərlərin­dən daha qalındı, işindən zövq aldığından dünya yaranandan gördüyü işlərin hamısını bir kitabda qoruyurdu ki, ara-sıra baxıb əməlləriylə qürurlansın… Kitabın ən iri bölümlərindən biri Azərbaycandı… Allah ayrı bir bərəkət verib bura, Şər bir yandan aparır, bir yandan da yeni söz vurğunları peyda olur, özlərindən öncəkilərin qədərini bilə-bilə yenə də danışmaq­dan, yazmaqdan oxumaqdan bezikmirlər…

“Bitməyən, üzülməyən yol. Sözün yolu. Dünyanın bu ucundan – o ucuna, o ucundan – bu ucuna yürüyən ordular­dan, özünü dünyanın yiyəsi sayan xaqanlardan, çarlardan, krallardan daha qüdrətli, daha uzun ömürlü, daha böyük əməllər sahibi söz. Ölkələr dağılsa da dağılmayan, sərhədlər dəyişilsə də dəyişilməyən, xəzinələr talan edilsə də, boşalmayan, dağıldıqca dəyəri artan Tanrı möcüzəsi. Şahların torpaq üstündə qurduqları ehramlar, sədlər, saraylar, şəhərlər dağı­lıb gedir, şairlərin insan ürəyində ucaltdıqları söz abidələri rəngini dəyişmədən qalır və getdikcə böyüyür”.

Bu sözləri Hadinin taleyini danışan deyirdi.

Sözün taleyini – yalnız göz yaşı ilə yazmaq olar!

İnsan ruhunun bağbanları, əkinçi və memarları onlardır: dəli ozanlar, Məcnun şairlər, ilan kimi gülləyə uçan haqq aşiqləri, gözü oyulan, dili kəsilən, dərisi soyulan, tonqalda yandırılan Allah sevdalıları…

***

Ruhu Şamaxının üstündəki dağlardan daha uca, ilhamı yerə-göyə sığmayan, misraları qranit kimi ağır, sözü işıq sa­çan Şairlər şairi – ədalətsizlik zəncirində bağlı, sarayda sözü böyüdükcə özü kiçilən. Xaqanın könlü istəyəndə dəvət edəcək, yeni bir mədhiyyənin xumarlığında uyuyacaq. Xaqani ruhu miskin padşahın cahilliyinə heyrət edir. Doğrudaranmı onu Günəşə, Aya tay tutan, tac üstündən tac qoyan bu şeirlərə inanır?

Xaqanı özünü, atasını, anasını, xanımını, bacısını, atını, itini, pişiyini… tərifləməli bir şeyləri qaldımı, ilahi? Zatən tə­riflənməli nəyi vardı ki? Xoş sözlə zalımları zülmdən uzaq­laşdırmaq ümidiylə yazır bu mədhiyyələri. Uşaqkən hazırca­vablığından heyrətlənən Xaqan onu saraya dəvət etdirəndə və bu dəvət ailəsini, qohum-əqrəbalarını sevincdən şaşıranda da atası ona bu məsləhəti vermişdi. “Saray yaşamalı yer deyil, ancaq xalqa köməyin dəyə bilər.”

Yaşa dolub, dünyanı dərk etdikdən sonra sarayla şəhər zin­danının heç bir fərqi qalmadı gözündə. Sarayda yaşasa da zin­dandadır.

Və bu zindanda birdən yatmış qüruru şahə qalxır:

Yazıq mənə!

Vətən yaşanmaz olur.

Şirvanda olsaydı qanan adamlar

Heç səfər firkinə düşməzdim, inan!

Səbr kasası daşır və öz kimliyini dərk edir:

Əvvəllər şahları mədh etdiyimçin,

Dərim bulaşmışdı çirkaba bütün.

Şahlara, zülmə, öz zəmanəsinə, onun qanunlarına, cahil­liyə, acgözlüyə, vəfasızlığa – rədd olsun, deyir.

Biz əql sarayiykən zülm ilə xarab olduq,

Zalımlara olan qəsrə gör neyləyəcək dövran!

Bu ümidlə, bu nifrətlə illərlə ürəyində yuva qurmuş dərd­lərini ovutmağa çalışır…

Bu bir şair taleyi deyil, bütövlükdə çağdaşlarının, Allahın bütün yaratdıqlarının zirvəsi olan insanın qədəridir.

Dünyada nizam, ədalət, düzlük istəyən bir fikir sərkərdəsi­nin mücadiləsidir.

Nə sarayda gözü var, nə o sarayın tac-taxtında.

Başında ancaq Azadlıq tacı daşımaq istəyir.

Ancaq ürək xəzinəsinin sahibi olmaq və onu zəngin saxla­maq istəyir. Şairi və hətta yersiz-yurdsuz dərvişləri şahlardan üstün tutur və özünü də şairlərin peyğəmbəri sayır.

Bir yanda Xaqani dühası, bir yanda Şirvanı bürüyən qaran­lıq şər…

Saraydan bütün Şirvana yayılan köləlik ruhuna boyun əyə bilməz. Şahlara bel bağlanmaz. Dünən tərifindən xoşhallanıb süfrəsinin başına çəkirdi, bu gün haqq sözə dözməyib zinda­na atdırır. Qaçmaq! Qaçmaq! Başqa çarə yoxdur. Yoldan tutub geri qaytarsalar da onu əvvəlki itaətkarlığa qaytara bilməzlər.

O yalnız Azadlıq adlı səltənətdə yaşaya bilər! Saray zin­danlarından və zindan saraylardan uzaq. Ölkə ağasının, söz qulunun əli yetməyən bir səltənətdə! Ümid türk şəhərlərinin anası Təbrizədir! Orda sözün və sənətin qədrini bilənlər çoxdur! Təbriz onu anlayar!

Bir əcəm türküyəm, dəricə deyən,

Yalvac tanıyanam, Tanrı istəyən…

Bu yalvac və Tanrı sözlərini qəsdən vurğulayır ki, onun türklüyünə və doğmalığına şübhə etməsinlər!

Ümid yollara qalır. Bir ucu Kərkükə, Mosula, Bağdada, Şama, Məcnun səhralarına, Məkkəyə uzanan Azərbaycan yol­larına! Hardadır mədəni İslam? Hardadır kamil insan, haqq, ədalət, ruh azadlığı, söz qədri bilən toplum, ilahi gözəllik?

Gəzdikcə görür ki, şöhrəti dünyanı bürüyən şəhərlərdə də hakim saxtakarlıq və zorakılıqdır.

Dünya səndən fərqli deyilmiş, ey, Qoca Şirvan!

Ürəyi yenidən vətən həsrətiylə dolur,

Şirvanı özümə Kəbə sanıram!

Kafərəm döndərsəm üz bu Kəbədən!

Zaman keçdi, Xaqaniyə cəhənnəm əzabı yaşadan, zindan­larda səsini və sözünü boğmağa çalışanların qəsrləri torpağa gömüldü, Gülüstanları yerlə-yeksan oldu, ancaq Xaqaninin sözü əsl Gülüstan kimi yaşayır!

***

Heyf tez getdi Şirvandan gəlmiş o müdrik insan, sözün Xaqanı! Ondan sonra nə yazacaqsan, necə danışacaqsan ki, sənin də dinlyənin olsun. Gənc ikən dünya malı onu da al­datmış! Saraylara, şeytan ocaqlarına necə təslim edib azad ruhunu? Necə inanıb zalımın zülmdən əl çəkəcəyinə, cəlladın insan dostu olacağına? Amma necə rahat idi mənim bu kasıb hücrəmdə. Qardaşlarımla söhbət yaşını unutdurmuşdu ona! Xoşbəxt idi! “Heç o xaraba Şamaxıya dönmək istəmirəm” de­yirdi! Amma Allahın Gəncə xəzinəsini də viran qoyduğunu gördü. Amma mənə cənnət olan bu viranəni min şah sarayına dəyişmərəm. Qoy elçilər gəlib getsin! Bir söz sahibinin mal-mülk sahibinə əyiləcəyini gözləyirlər. Xaqani demiş, yazıq sizə!

Bir taxt ki, əbədi yer deyil sana,

Onu ta diriykən parçalasana!

Amma Gəncə əxəvilərinə bayram oldu Xaqaninin gəlişi. Bizimlə bir olduğunu gördük. Bu zülm sarayları ancaq qar­daşlıqla, birlik və bərabərliklə yıxılar. Zülm səltənəti insan ca­hilliyi hesabına abadlaşır. İnsan özünü dərk etsə, zülm onu əzə bilməz. Bizim işimiz bu çiy insanı sözlə bişirməkdir, zülm odunu sözlə söndürməkdir. İstər şah olsun, istər rəncbər – in­sana haq yolunu göstərməkdir! Ta o günə qədər ki, taca şahlar yox, bütün xalq sahiblənsin, taxtda ədalət otursun. Əzən-ə­zilən, varlı-kasıb olmasın… Bu ölkəni sözümlə quracağam mən. Sözümlə bu balaca təkkəni – dünya saraylarının fövqünə yüksəldəcəyəm!

… Bu Xaqaninin dostu, Gəncə dahisi Nizamiydi.

Azadlıq arayan insan öncə öz ruhunu çərçivələrdən, sər­hədlərdən azad eləməlidir. Azadlıq insanın öz içindən başlanır! Könlü azad olanların gözünə maddiyyat, dünya malı gö­rünməz.

Kim ki, öz-özünü düşmüşdür başa,

Ona ölüm yoxdur, o ölməz haşa!

Bu balaca hücrəm mənə və qardaşlarıma saraylardan min qat dəyərlidir; onunçün bütün təklifləri rədd elədim. Görüş­mək istəyirsə buyursun gəlsin, qapım hamıya açıqdır. Soltana da, kərpickəsənə də!..

Mən ayağa getmədim, amma ayağıma gəldilər!

Qarışqa kimi yeddi il bir buğdayla keçinərəm, ancaq çörək üçün əl açmaram!

Əbədi və sadiq olan yalnız Allahdır. Ondan başqa kimsəyə bel bağlamaq olmaz!

Bir taxt ki, əbədi yer deyil sana Onu ta diriykən parçalasana!

Xoşbəxtlik -ədalətin uca tutulduğu, hamının bərabər oldu­ğu, hamının çalışdığı və hər şeyin halallıqla bölündüyü ölkə­də ola bilər.

Bunu saraydakılar dərk etməz. Bizə yazıb yol göstərmək qalır.

***

Bu torpağın min-min ocağından, evindən, kəndindən, şəhərindən uzanan cığırlar bir əbədiyyət yoluna dönür. Bu cığırlarla axıb gələn təmiz bulaq suyuna bənzər fikirlər mil­lət ruhunun bərəkətini və gücünü göstərir. Bir ulduz sönüncə, başqası şölələnir. Xaqani də, Nizami də şairliyin onlarla bitdi­yini, onlardan uca söz deyənin gəlməyəcəyini düşünürlər. Bu ecazkar bir işarədir, yəni hər adam bu meydana girə bilməz. Amma meydan boş qalmır. İrtica güclənəndə, hakimiyyət və dünya ağalığı ehtirasları yer üzünü qan dənizinə çevirəndə İlhai nuru bu yolda, bu yolun üstündəki xanəgahlara, təkkələrə, dərgahlara, otaqlara, xəlvətxanalara, sufi və dərviş hücrələrinə sığmır.

Şirvanın başqa bir didərgin övladı Nəsimi Əmir Teymurun oğlunun kor qəzəbiylə at quyruğunda şaqqallatdırılmış mü­ridi Nəimi kimi “Haqqın zatından” xəbərsizlərə haqq yolunu göstərirdi.

Mən cümlə cahani- kainatam

Mən dəhri zaman, zaman mənəm, mən!

Mən! Yəni insan! İnsan Kainatın, Kainat insanın içindədir. İn­san Allahın zərrəsidir, onun şəklidir. Haqq insanın özündədir.

Həqqin kəlamı məndədir, sanma məni həqdən İraq,

Çünki könüldür ərşi həq, bəs ərşi-rəhman olmuşam.

O öz həq dünyasına hakimliyi xaqanlıqdan, soltanlıqdan üstün bilir.

Onun fikrincə Tanrıyla insnaın vəhdəti insanın ruhundadır.

Allah insan ruhunda və surətində təcəlla etmişdir.

Eynükəllah – sənin gözün Allahdır deyə insanı bütün vücuduyla haqqa bağlayır, insanı sevməyən, ona cəsdə etməyənlər bu dünyaya şeytan gəlib şeytan gedənlərdir.

Bundan da ağır bir kəmal olurmu kim, ol zülcəlalı

Aydır kim, mən sənsən, həmin şeytanə ol üsyan gəlir.

Şeytan, şər nə qədər üsyan edir-etsin, Tanrı insana “mən- sənsən” deyir.

Həyatın bütün mahiyyəti bu birliyin cövhərində – eşqdədir.

Eşq ilə yola girərlər biriya,

Eşq ilə vasil olurlar Tanrıya!

Buna görə böyüklüyünü dərk edir və “yoxdur ortağım” de­yirdi.

Bu yolla Nəsimi insanın qutsal olduğunu bəyan edir. Orta əsrlərin əzici, qəddar istibdad mühitində insanı qorumağın çarəsini bu çəkildə tapmışdı Nəsimi. İnsanda Allahı gör, o ali­dir, o toxunulmazdır.

Amma cahillər, dar düşüncəli ruhaniləər, zahidlər onu an­lamadılar, onu dinsiz elan etdilər. Şeytan hökmünü verdi. İn­sanlığın işıq və elm mənbələri olan – Həllac Mənsuru çarxa bağlatdırıb xıncımlatdıranlar, Eynulquzzatı 32 yaşında həsirə büküb, üstünə neft töküb yandırtdıranlar, Şihabəddin Şührəvərdini 37 yaşında elə bu Hələbdə edam etdirənlər Nəsimi­nin hökmünü verib, 48 yaşında dərisini soydurdular.

***

Lakin Haqla Şeytanın ölüm-dirim savaşı davam edir.

İnsanı ucaltmaq, kimliyini dərk etməkdə və Tanrısına qo­vuşmaqda ona yardım etmək, dünyada haqqın, ədalətin qələ­bəsinə çalışmaq atəşiylə yanan saysız-hesabsız Şirvanilər, Bakuvilər, Gəncəvilər, Ərdəbililər, Beyləqardlər, Təbrizilər, Naxçivanilər, Maraqayilər, Həmədanlılar, Zəncanilər… ömür­lərini bu yolda qurban verdilər.

Vaqifin öncə gözünün qabağında oğlunun, sonra özünün başım kəsdilər, Mirzə Fətəli Axundzadəni dinin düşməni elan edib meyidini ortada qoydular, Seyid Əzimi məscid qapıları arasında boğdular, Sabiri ehtiyac əsirinə çevirdilər… Amma istibdad maşını dayanmadı… Cavidlər, Əhməd Cavadlar, Mi­kayıl Müşfiqlər, Yusif Vəzir Çəmənzəminlilər, Seyid Hüseyn­lər və onların Türk dünyasının çeşidli bölgələrindən olan on­larla məsləkdaşı-fikir günəşləri sovet-bolşevik cəlladlarının qurbanı oldu, diri-diri dırnaqları söküldü, quyulara atıldılar, Sibir sonsuzluğunun cəhənnəmini yaşadılar.

Allahın haqq sözünü deyənlərin, haqq aşiqlərinin taleyi budur!

Şair taleyi!

Haqqı verildi-verilmədi!

Qədri bilindi – bilinmədi!

Bu hekayə yarımçıq qala bilərdi.

Çünki yer üzündə irtica ayaqda və bizlər yenə hədəfdəyik! Zərbə zərbə dalınca! “Tülkü yuvasına sığışmır, quyruğuna süpürgə də bağlayır.” Quyruqlar və süpürgələr ortadaykən nəyin isbatına çalışacaqsan?!

Ancaq bir millət sevgisi və sözün gücünə inam da var! Haqqı yazan qələm yüzlərlə şeytan tələsindən, böhtan və hə­dələrdən, ehtiyac sınaqlarından, qəsdlərdən, ölüm fitvaların­dan, dost xəyanətlərindən keçirtdi, yenə keçirəcək. Çünki güc cismdə deyil, ruhdadır!

İnterpress.az