“Rövzə və mərsiyə ilə şou yaratmaq düzgün deyil” – İlahiyyatçı Hacı Təyyar son olaylardan danışdıbackend

“Rövzə və mərsiyə ilə şou yaratmaq düzgün deyil” – İlahiyyatçı Hacı Təyyar son olaylardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslam dinində tənqid yoxdur, yəni tənqid aşırı dərəcədə olmaz. Yəni, tənqid normal,sağlam və faydalı bir iraddırsa, səmərəli bir inkişafa aparan tənqiddirsə gözəldir. Amma tənqidin özündə qərəz olarsa və yaxud da tənqidə cavab olan təhqirin özündə aşırı dərəcədə qərəz olarsa bu hadisələri diskriminasiya səviyyəsinə gətirib çıxarar. Yəni savadlı millət vəkili ilə savadlı ilahiyyatçı arasında baş verən təzadlı fikir mübadiləsi kütlələr arasında xoşagəlməz hallar yarada bilər. Fikrimcə, Hörmətli millət vəkilimiz Fazil Mustafa da kifayət qədər ziyalı biridir. Alimdir. Eyni ilə Hacı Şahin Həsənli də ziyalı, alimdir. Onların iksi də sivil təfəkkürlü insanlardır”.

Bunu İnterpress.az-a açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynov Millət vəkili Fazil Mustafanın mövhumatı tənqid etməsinin ictimaiyyətdə birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.

T.Hüseynov bildirib ki, İslam dini o qədər obyektiv dindir, o qədər ədalətli və həssas dindir ki, ilk öncə insanlara hörmət etməyi ümdə şərt kimi sərgiləyir: “İslam dini millət vəkilinə də, ilahiyyatçıya da və digər sıravi insanlara da hörmət etməyi aşılayır. Fikrimi qısa olaraq ifadə edim ki, İslam dini insanlardan qarşılıqlı hömrəti tələb edir. Birinci Yaradana olan hörməti, diqqəti tələb edirsə, sonra Onun yaratdıqlarına qarşı bu tələbkarlıqla çıxış edir. Dövlət başçımız özü də Azərbaycanda İslam dininə böyük önəm verir. Prezident ölkədə dini sabitliyin qorunması haqda, Azərbaycanda İslama verilən dəyər haqqında dəfələrlə çıxışlar edib. İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda məzhəbçilik məsələlərində heç bir problem yoxdur. Başqa ölkələrdə bu məsələlərə görə qan tökülür, insanlar qətlə yetirilir. Biz Azərbaycanda hər zaman Prezident İlham Əliyevin İslam dininə dəstəyini və qayğısını görmüşük. Bilirsiniz də, Azərbaycan 90 faizindən çoxunu müsəlmanların təşkil etdiyi bir ölkədir”.

İlahiyyatçı bildirib ki, deputat Fazil Mustafa mövhumatı tənqid edərkən ümumi dəyərləri nəzərə almalıdır: “Hörmətli deputatımız da gərək Azərbaycanda mövcud fikirlərini o qədər də qabartmamalıdır. Çünki ümumi dəyərlər nəzərə alınmalıdır”.

“İnsanları ağlatmaq və dini şou yaratmaq xatirinə İslam dininə aşağılıq gətirmək olmaz”

Hacı Təyyar məddah Seyid Talehin ifa etdiyi mərsiyə və rövzələrə də münasibət bildirib. O qeyd edib ki, rövzə və mərsiyyə ilə şou yaratmaq düzgün deyil: “Seyid Taleh kimi tanınan o insanı mən də tanıyıram. O, kifayət qədər təhsilli biri insan olsaydı, insanları ağlatmaq xatirinə və dini şou yaratmaq naminə İslam dininə aşağılıq gətirə biləcək hallara yol verməzdi. O çox şeyi özündən improvizə edir və hadisələri dramatikləşdirmək üçün müxtəlif jest və mimikalardan istifadə edir. Din alimi olaraq, Seyid Talehə tövsiyyə edirəm ki, tam dəqiq bilmədiyi və tam əsaslandırmağı bacarmadığı fikirləri ifadə etməkdən çəkinsin. Konkret olaraq, şou yaratmaqdan uzaqlaşmaq lazımdır. Böyük İslam mütəfəkkirləri qəti şəkildə deyir ki, İslam dinin həddini aşan rövzələr və mərsiyələr ifa etmək olmaz. Yəni, rövzəni də, mərsiyyəni də aşırı dərəcədə bayağılaşdırmaq olmaz. Bu, düzgün deyil”.

“Fazil Mustafanın fotolarını zibil qutularının üzərində yapışdırmaq artıq təhqirdir”

İlahiyyatçı deputat Fazil Mustafanın fotolarını zibil qutularının üzərində yapışdıranların böyük günah qazandıqlarını bildirib: “İslam dinində təhqir yoxdur. Fazil Mustafanın fotolarını zibil qutularının üzərində yapışdırmaq artıq təhqirdir. İslam dinində də təhqir böyük günahlardan biridir. Bu, yolverilməzdir. Sən kiməsə cavab vermək istəyirsənsə, normal şəkildə, sivil formada fikrini, tənqidini et. Amma daha təhqiramiz formada fikri ifadə etmək artıq yolverilməzdir və böyük günahlardan sayılır. Yəni etiraz edəndə də mədəni və əxlaqi şəkildə etmək lazımdır. Mənim özümü də bəzi inanclılar bir dəfə efirdə dediyim sözlərə görə top atəşinə tutmuşdular. Amma onlar düşünmürdülər ki, mən o efirdə durub kimisə təhqir etməliydim, ya kobudluq etməliydim? Peyğəmbər, imam efirdə olsaydı kobudluq nümayiş etdirərdi mi?”.

Qeyd edək ki, iki gün öncə deputat Fazil Mustafa sosial şəbəkə profilində dini fanatizmi özündə əks etdirən videogörüntüləri paylaşaraq tənqid edib. Bundan sonra deputata qarşı kampaniya başladılıb. Deputatın fotoları Rusiyada yaşayan inanclılar tərəfindən zibil qutularına yapışdırılıb. Eyni zamanda, Azərbaycanda onun karikaturaları çəkilərək təhqir edilib.

Səid Qərib
İnterpress.az