Putin Suriyadan qoşunlarını çıxaracağını deyir -mümkünmü?backend

Putin Suriyadan qoşunlarını çıxaracağını deyir -mümkünmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lazım olsa, Rusiya hərbçiləri Suriyadan sürətlə çıxa bilər”. Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin iyunun 7-də canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib. O bildirib ki, Suriyadakı hərbi əməliyyatlar Rusiya hərbçiləri üçün bir sınaqdır.

“Bu, önəmli və əsas vəzifədir. Terrorçularla, Rusiyaya daxil olmadan öncə, Suriyada mübarizə aparmaq vacibdir. Artıq böyük əməliyyatlar təşkil etmirik. Çünki buna gərək yoxdur”, – deyə o vurğulayıb.

Kreml sahibinin bu fikirləri ətrafında müxtəlif müzakirələr açılıb. Çoxları rus qoşunlarının hələ uzun müddət Suriyada qalacağını, Putinin bu fikirlərinin arxasında həm Bəşər Əsəd rejiminə, həm də Amerikaya yönəlik mesajların olduğunu düşünür. Suriyada illərdir davam edən münaqişənin başa çatmaq üzrə olduğunu və ölkəsini bu proseslərdə qalib görən Rusiya rəhbərinin həqiqətən Suriyadan çıxmaq istədiyini qeyd edənlər də var.

Putin Suriyadan qoşunlarını çıxaracağını deyir -mümkünmü?

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Rusiyanın Suriyadan çıxacağına inanmır: “Rusiya guya bir dəfə də Suriyadan çıxmışdı. Sonra məlum oldu ki, sən demə, çıxmayıb. İndi Putin yenə deyir ki, Suriyadan çıxa bilərik. Rusiya Suriyadan heç yerə çıxan deyil. O, Suriyadan ancaq çıxarıla bilər – vaxtilə Əfqanıstandan çıxarıldığı kimi. Amma hələlik Rusiya Suriyada əsas söz sahibidir. Üstəlik, rus ordusu çıxsa da, rus muzdluları orada qala bilər. Həm də Suriyada Rusiyanın hərbi bazası var. Yəni Rusiya ancaq güc altında Suriyadan çıxa bilər. Hələlik isə hansısa gücün belə bir istəyinin olduğunu görmürəm. Ümumiyyətlə, böyük dövlətlər ordusunu daim döyüşkən, hazırlıq vəziyyətində saxlamaq üçün haradasa terrorla mübarizə adı altında hərbi əməliyyatlar keçirir, lokal səviyyədə müharibələrdə iştirak edirlər. Bunu həmçinin böyüklüyünü göstərmək və maraqlarını dünyanın hər nöqtəsində qorumaq gücündə olduqlarını nümayiş etdirmək üçün edirlər. Həmçinin ruslar həqiqətən mücahidlərin nə vaxtsa Yaxın Şərq və Mərkəzi Asiyadan Rusiya ərazisinə ciddi axınından qorxurlar. Son iki çeçen müharibəsi az qala Rusiyanı Şimali Qafqazdan edəcəkdi. Ruslar bir daha öz ərazilərində belə bir müharibə yaşamaq istəmirlər. Amma gec-tez yaşayacaqlar. Xatırlayırsınızsa, Rusiya bir dəfə guya ordusunu Suriyadan çıxardanda, Putin şəxsən bu ölkəyə ordusunun yanına təşrif buyurmuşdu. Həmin görüşdə rus generalı Əsədə əli ilə harada durmalı olduğunu göstərmişdi. Baxın, həmin görüşdə də rus mətbuatı Suriyada qələbədən, Putinin uğurla bu ölkədə hərbi əməliyyatları bitirdiyindən danışırdı. Bir müddətdən sonra isə rus muzdlularının ”Vaqner\” hərbi qrupu Suriyada Amerika aviasiyası tərəfindən böyük itkilərə məruz qaldı. Ona görə Putinin növbəti qələbə pafosu daxili auditoriyaya hesablanıb. Suriyada hələ heç kəs qələbə çalmayıb. Suriya hazırda əsasən 4 ölkə tərəfindən nüfuz dairəsinə bölünüb – Türkiyə, İran, Rusiya və ABŞ. Hələlik Suriyanın gələcəyi çoxlu suallar doğurur\”.

Putin Suriyadan qoşunlarını çıxaracağını deyir -mümkünmü?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Putin bu ifadəni işlətməklə yeni bir söz deməyib: “O, həmişə bildirib ki, Suriyaya öz milli təhlükəsizliyini qorumaq üçün girib və bunu da Əsədin dəvəti ilə edib. Missiyası sona çatan kimi oranı tərk edəcək. Lakin bilirik ki, missiyasının sona çatması kriterlərini Kreml özü istədiyi kimi müəyyənləşdirəcək. Bütünlükdə Rusiyanın Suriyadan çıxması ehtimallarına yer vermirəm. Bəli, gələcəkdə hərbi əməliyyatlarda iştirakını getdikcə məhdudlaşdıra bilər, bir çox qoşun növlərini oradan çıxardar. Bu, o halda olacaq ki, Suriya hökuməti müxalifətçilərə qarşı dayanıqlı mübarizə aparsın və mövqeləri möhkəmlənsin. Həmçinin Əsəd rejiminə maddi və hərbi dəstəyini də heç vaxt əsirgəməyəcək. Yəni Suriyadan çıxmaq dedikdə, ilk növbədə nələrin nəzərdə tutulduğunu bilmək lazımdır. Birincisi, bu, Əsədi tək qoymaq anlamına gəlməməlidir. Nə Rusiya Əsəddən imtina edəcək, nə də Əsəd Kremlə arxa çevirməklə bağlı addım atacaq. Hələbi tamamilə təmizləyib Əsədə təhvil verən Rusiyadır. İkincisi, bu ifadənin Suriyada uzun illər mövcud olan rus hərbi bazalarına aidiyyəti yoxdur. O bazalar yerində duracaq, daha yeni silahlarla təmin olunacaq. Bu səbəbdən Rusiyanın regiondakı strateji maraqlarından da geri çəkiləcəyi gözlənilmir. O başqa məsələdir ki, onu buna məcbur etsinlər, çıxılmaz halda qalıb bir səbəblə oradan birdəfəlik çıxsın. Hələlik bu təhlükə yetişməyib. Putinin dedikləri daxildə olan, Suriyadakı hərbi əməliyyatlara qarışmasına görə etirazını bildirən insanları rahatlamağa, həm də beynəlxalq səviyyədə mövqelərini möhkəmlətməyə xidmət edir. Putin çalışır ki, minimum itki və xərclərlə regionda hərbi mövcudluğunu qorusun. Çünki yaxşı anlayır ki, Suriyadan könüllü çıxacağı halda da ABŞ və Qərbin ona münasibəti dəyişməyəcək, sanksiyalar götürülməyəcək, Yaxın Şərq regionundakı maraqlarını isə birdəfəlik itirəcək. Çünki bu sanksiyaların tətbiq olunmasına səbəb olan əsaslar tam başqadır. Onun Suriyada mövcudluğu bir növ əzələ nümayişidir və hərbi gücünü göstərmək üçün bir vasitədir. Bəzi hallarda bunu göstərməyə nail da olub. Odur ki, inanmıram Rusiya Suriyadakı mövcudluğuna son versin. Ola bilsin ki, oradakı iştirakının formasını dəyişsin, amma nəzarəti itirəcək addımlara getməyəcək. Hazırda regionda Rusiya İran və Türkiyənin birgə fəaliyyəti ilə bağlı ciddi işlər gedir. Belə bir halda hansı geri çəkilmədən söhbət gedə bilər”.

İnterpress.az